Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı. Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı.

"Ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər" - Mübariz Əhmədoğlu

Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı.

Dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri uzun müddət təhlil obyekti olaraq qalacaqdır. Hal-hazırda bu seçkilərdə ən çox müzakirə olunan məsələ xalqın seçkidə iştirak etməməsidir. Demokratiyanın ən sadə əlifbası 50%+1-dir. Bu seçkilərdə 48,63% əhali iştirak etdi. Gələcəkdə təhlilçilər Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti axtaracaqlar və bu münasibətlər artıq bəllidir: Erməni xalqı üçün Dağlıq Qarabağ mövzusu nəinki birinci yerdə deyil, hətta Dağlıq Qarabağ mövzusu anti-reytinqə malikdir.

Başqa sözlə, Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib və erməni xalqının təhtəlşüuru Dağlıq Qarabağ probleminin rədd olunması istiqamətindədir. Anti-reytinq isə göstərir ki, ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər. Dağlıq Qarabağ məsələsinin anti-reytinqə malik olduğuna dair bir neçə arqument gətirmək olar. Amma 2 tutarlı arqument digər arqumentləri ortalığa gətirməyə ehtiyac qoymur:

Ermənistandakı seçkidə ən çox səs toplayan Sasun Mikaelyan oldu. N.Paşinyanın “Mənim addımım” blokunda 7-ci yerdə olan S.Mikaelyan 31min 739 səs topladı və bununla da o Ermənistanda ən çox səs toplayan adamdır. S.Mikaelyan Ermənistanda tanınmış və populyar adamdır. Qarabağda qan tökmüşlərdən biridir, müəyyən bir imkanları var. N.Paşinyanın “məxməri inqilabında” yaxından iştirak edib. Amma S. Mikaelyanı məşhurlaşdıran onun son bəyanatı oldu. S.Mikaelyana görə erməni xalqı üçün Dağlıq Qarabağda apardığı “azadlıq müharibəsindən” daha vacib Paşinyanın “məxməri inqilabı”dır. Onun bu fikri Ermənistanın ictimai-siyasi mühitində ciddi müzakirə olundu və Dağlıq Qarabağda ciddi narazılıq yaratdı.

Amma buna baxmayaraq ən çox səsi də məhz S.Mikaelyan qazandı. Sasun Mikaelyanın Dağlıq Qarabağı aşağılaması olmasaydı, “məxməri inqilabı” üstün tutmasaydı S.Mikaelyan bu qədər səs toplaya bilməzdi. Fikrimizi əsaslandırmaq üçün deyək ki, N.Paşinyanın “Mənim addımım” blokunda birinci onluqda hətta Paşinyan familiyalı başqa bir şəxs də var -Sipan Paşinyan. Bu Nikol Paşinyanın qardaşı oğludur. Onun topladığı səsin miqdarı 17155-dir. Sasun Mikaelyanın səsinin çoxluğunu xarakterizə etmək üçün əlavə başqa rəqəmi deyə bilərik ki, baş nazirin birinci müavini və siyahıda partiyasının adı birinci olan Ararat Mirzoyanın topladığı səsin miqdarı 25 min 550-dir. Yəni fərq hər halda aşkar şəkildə hiss olunur və bu fərqi yaradan S.Mikaelyanın Dağlıq Qarabağ mövzusunu aşağılaması, “məxməri inqilab” mövzusunu şişirtməsidir. “Məxməri inqilab” mövzusunu şişirtməsindən daha çox Dağlıq Qarabağ mövzusunu alçaltması öz işini görüb.

“Sasna srer” çilərin fikrincə, onların az səs toplamasının səbəbi Qarabağ məsələsində radikal mövqelərdə dayanması oldu. Bunu “Sasna srer”in müharibə qanadı təmsilçiləri bildirdilər. Amma siyasi mühit üçün daha dəyərlisi odur ki, bunu “Sasna srer”in seçki siyahısında yer almış analitik düşüncəli Stepan Qriqoryan bildirdi. Özünü ümumerməni partiyası adlandıran “Sasna srer” 22min 862 səs topladı. Başqa sözlə S.Mikaelyanın təkbaşına topladığı səsdən 1,5 dəfə az.

Bu 2 arqument Ermənistan cəmiyyətinin mövqeyini göstərir və 9 dekabr seçkilərinə Dağlıq Qarabağ mövzusunda referendum kimi yanaşmaq olar.

Nikol Paşinyanın bu fikri inkar etməsi heç kəsə yox, onun özünə zərbə vuracaq.

Paşinyan “Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir” formulunu yenidən aktuallaşdırır.

Nikol Paşinyan Qarabağda de-fakto hakimiyyəti cəzalandırır.

Nikol Paşinyanın Dağlıq Qarabağın de-fakto rəhbərliyinə qarşı neqativ münasibəti göz qabağındadır. Bunun çoxlu səbəbləri ola bilər:

I. Nikol Paşinyan ümumiyyətlə xarakterinə görə dəyişən adamdır. Nə qədər Dağlıq Qarabağ separatçılığı ilə bağlı müsbət ritorika səsləndirsə də nəhayət ki, o haçansa fikrini dəyişməli idi.

Paşinyan hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın inkişafına əngəl törədir.

II. Sasun Mikaelyanın Ermənistandakı “məxməri inqilabı” Dağlıq Qarabağın azadlıq mübarizəsindən üstün tutması ilə bağlı fikrinə Dağlıq Qarabağdan verilən reaksiya Paşinyanı qıcıqlandırdı və Dağlıq Qarabağın de-fakto rəhbərliyinı hədələdi. Paşinyan üçün dünyada ən böyük müqəddəs şey Ermənistandakı məxməri inqilabdır. “Artsax”da (Dağlıq Qarabağ) azadlıq mübarizəsi lokal bir məkanda baş verən hadisədir, “məxməri inqilab” isə dünya miqyaslı hadisədir.

III. Dağlıq Qarabağ rəhbərliyini idarə olunan vəziyyətə salmaq üçün belə vəziyyət yaratmaq Paşinyanın idarəetmə stilidir.

IV. Azərbaycanlı girovların Şuşa həbsxanasından Yerevana gətirilməsinə Dağlıq Qarabağın de-fakto rəhbərliyinin icazə verməməsi Nikol Paşinyanın şərəfinə toxunub.

Qəzəbin L. Mnasakanyanın üzərində fokuslanması da təsadüfi deyil:

3 azərbaycanlı girovun qaytarılmasını Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətə pis təsir edəcəyinin əsaslandırmasını B.Saakyanın tapşırığı ilə L.Mnasakanyan edib.

L.Mnasakanyan N.Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu həqiqi hərbi xidmətə məcbur edir.

Ermənistanda həbslərin yeni dalğasına hazırlıq başlayıb. Eləcə də KTMT-nın keçmiş Baş katibi Yuri Xaçaturova qarşı başqa maddələr üzrə cinayət işinin qaldırılması indiki siyasi şəraitdə Paşinyana lazımdır. Y.Xaçaturov Ermənistanın Müdafiə nazirinin müavini olarkən Movses Akopyan qondarma Dağlıq Qarabağda müdafiə naziri idi və onların arasında narazılıq var idi. Çünki Movses Akopyan Seyran Ohanyanın sözü ilə Y.Xaçaturova qarşı intriqa ilə məşğul idi. Movses Akopyan ehtimal ki, Y.Xaçaturovun əleyhinə əvvəlki faktları vermək istəmir. Movses Akopyanı buna məcbur etməyin də ən yaxşı variantı Dağlıq Qarabağın de-fakto müdafiə naziri L.Mnasakanyandır. Çünki Mnasakanyan qondarma Dağlıq Qarabağda müdafiə nazirliyini məhz Movses Akopyandan aldı və onun külli miqdarda saxtakarlığı, yeyintisi üzə çıxardı. Görünür, Paşinyan L.Mnasakanyan vasitəsilə M. Akopyanı silkələyir və M.Akopyan da vəziyyətdən çıxmaq üçün Y.Xaçaturovun əleyhinə lazım olan digər ifadələri verir.

Dağlıq Qarabağ erməniləri N.Paşinyanın xəstə şüurunun formalaşdırdığı məntiqsiz siyasətinin zolağına düşdü və hər halda Dağlıq Qarabağın daxilində bu reaksiyasız qalmayacaq. “Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir” formulu yenidən aktuallaşacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru