"Dağlıq Qarabağdakı hakimiyyət strukturu ilə Ermənistandakı hakimiyyət strukturu arasında əlaqələr, münasibətlər qırılmayıb" "Dağlıq Qarabağdakı hakimiyyət strukturu ilə Ermənistandakı hakimiyyət strukturu arasında əlaqələr, münasibətlər qırılmayıb"

"Rus sülhməramlıları üçün Dağlıq Qarabağ ərazisi hələlik bağlı bölgə deyil"

"Dağlıq Qarabağdakı hakimiyyət strukturu ilə Ermənistandakı hakimiyyət strukturu arasında əlaqələr, münasibətlər qırılmayıb"

Xəbər verdiyimiz kimi dünən Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana sərt xəbərdarlıq edib:

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər”.

Məsələ ilə bağlı konfliktoloq Əvəz Həsənov AzNews.az-ın suallarını cavablayıb.

- Əvəz bəy, 10 Noyabr zəfərindən sonra Ermənistan tərəfinin Dağlıq Qarabağa səfər etməkdə məqsədləri nədir? Onlar bununla nəyi sübut etmək istəyirlər?

- Ermənistan tərəfi Dağlıq Qarabağda məğlubiyyətini həzm edə bilmir və bu məğlubiyyətin onlar üçün hansı nəticələr verdiyini qəbul etmək istəmirlər. Ona görə də onlar Dağlıq Qarabağda faktiki olaraq hakimiyyət nümayəndələri ilə təmaslarını qırmaq istəmirlər. Ora gediş-gəliş etməklə göstərmək istəyirlər ki, Dağlıq Qarabağdakı hakimiyyət strukturu ilə Ermənistandakı hakimiyyət strukturu arasında əlaqələr, münasibətlər qırılmayıb və bu sonralar da davam edəcək. Yəni, bunu Ermənistan ictimaiyyətinə və eləcə də Dağlıq Qarabağda hazırda mövcud olan, icra strukturunu həyata keçirən şəxslərə nümayiş etdirmək üçün edirlər.

- Onların Qarabağa gəlmələri üçün Laçın dəhlizindən keçmələri lazımdır. Rus sülhməramlılarının bunun qarşısını almamaqda səbəbi nədir?

- Təbii ki, indi rus sülhməramlıları üçün Dağlıq Qarabağ ərazisi hələlik bağlı bölgə deyil. Onlar oradan erməni əsilli şəxslərin keçməsinə mane olmurlar. Çünki daimi əlaqələr var, maşınlar işləyir, həmin əraziyə ərzad və yük daşınmaları aparılır. Buranı bağlı bölgə etmək üçün rus sülhməramlılarının əlində elə ciddi bir əsas yoxdur. Təsəvvür edin, Xankəndi və İrəvan arasında avtobus, taksilər işləyir. Onlar da heç sərnişinləri yoxlamaq həvəsində deyillər. Bəlkə də heç gücündə də deyillər. Bunlar hamısı zaman keçdikcə tənzimlənəcək. Azərbaycan da Laçın dəhlizinə nəzarətini artıracaq. Ermənistandan ora gələn yüksək vəzifəli şəxslərin kimliyini bilirik və ora olan səfərlərin məqsədlərini də biləcəyik. Yəni, bunlar hamısı zamanla qaydasına düşəcək məsələlərdir.

- Hazırda Azərbaycan diplomatik xəbərdarlıqlar edir. Bu nə vaxtsa hərbi xəbərdarlıqla əvəzlənə bilərmi?

- Mənə elə gəlir ki, Azərbaycan hərbi xəbərdarlıq etmək həddinə gətirib çıxarmayacaq. Təbii ki diplomatik xəbərdarlıq olunacaq, rus sülhməramlıları ilə ciddi danışıqlar aparılacaq ki, bu məsələ tənzimlənsin. Yenə də deyirəm, onların bu təmasın qarşısını alması çox çətindir. Çünki ermənilər Ermənistanda yaşamasından aslı olmadan bir-biri ilə həm təmas quracaqlar, həm də gündəlik həyatı tənzimləyən malları oradan daşıyacaqlar”.

Səidə

AzNews.az