İki böyük dövlətin Qarabağ kimi önəmli bir məsələdə fəallıq nümayiş etdirməsi əlavə şərhlərin də qarşısını alır İki böyük dövlətin Qarabağ kimi önəmli bir məsələdə fəallıq nümayiş etdirməsi əlavə şərhlərin də qarşısını alır

"Azərbaycan Qarabağ zəfəri ilə yeni bir səhifənin başlanğıcını qoyub” - Tural İsmayılov

İki böyük dövlətin Qarabağ kimi önəmli bir məsələdə fəallıq nümayiş etdirməsi əlavə şərhlərin də qarşısını alır

“Ağdamda Türkiyə ilə Rusiyanın birgə Monitorinq Mərkəzi regionda yeni geosiyasi reallığın yarandığının bariz nümunəsidir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, uzun illər müxtəlif platformalarda əməkdaşlıq edən Rusiya-Türkiyə münasibətləri məhz Azərbaycanın mərkəzi mövqeyi nəticəsində bundan sonra daha da güclənəcək:

“NATO üzvü olsa da Türkiyə ötən illərdə Rusiyadan S-400 zenit raket kompleksləri aldığına görə Qərb tərəfindən ciddi basqılara məruz qalırdı. Hətta Türkiyə Müdafiə Sənayesi Nazirliyinin yüksək rütbəli şəxslərinə qarşı sanksiya məsələləri də gündəmə gəlmişdi. Lakin buna baxmayaraq, Türkiyə Rusiya ilə münasibətlərini heç vaxt korlamadı və S-400-ləri almağa davam etdi.

Hazırda da Qarabağ məsələsi ətrafında Türkiyə və Rusiya arasında birgə vahid siyasi hərəkətlilik mövcuddur. Mən xüsusi olaraq qeyd edim ki, ölkə başçısı İlham Əliyevin irəli sürdüyü 3+3 formatı nəticəsində bu gün regionda ciddi siyasi hərəkətlilik müşahidə olunur. Yəni, Azərbaycanın Qarabağ zəfəri təkcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, ölkəmiz üçün yeni iqtisadi reallıqlar və imkanlar yaratmadı. Eyni zamanda regional şəkildə mühüm siyasi konturların və yeni siyasət xəttinin ortaya çıxması ilə nəticələndi. Bu gün İranın Xarici İşlər nazirinim regiona davamlı səfəri və səfərinin sonunda Naxçıvana gələrək bu səfəri tamamlaması, eyni formada ayın ortalarında Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazir müavinlərinin nəqliyyat, infrostruktur və tranzit xətləri ilə bağlı mühüm görüşü, bunun ardınca 30 yanvarda Monitorinq Mərkəzinin açılması post-pandemiya dövrü siyasi münasibətləri üçün də yeni siyasət ocaqları formalaşdırıb. Azərbaycanın regional əhəmiyyəti Qarabağ zəfərindən sonra daha da artdı. Bu gün ölkəmizin həm hərbi, siyasi gücü tədris olunur, həm də Azərbaycanın bu regionda 3+3 formatı çərçivəsində tədris sürdüyü iddialar və lahiyələrin gələcəkdə reallaşması mühüm regional dəyişikliklərə, eyni zamanda dünya siyasi sistemində də yeni mənzərələrin ortaya çıxmağına səbəb olacaq".

Tural İsmayılov bildirib ki, bu baxımdan Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi Qarabağ məsələsində ordumuzun qazandığı qələbədən sonra vəziyyət ətrafında manipulyasiya etməyə çalışan müəyyən təxribatçı, imperialist Qərb dairələrinin də saxtakarlıqlarına qarşı müqavimət mərkəzi olacaq:

"Çünki ordumuzun qələbəsindən sonra Qərbdən müəyyən dövlətlər, siyasi təşkilatlar uydurma bəyanatlar səsləndirirdilər və erməni lobbisinin təsir dairəsində olan müxtəlif qrant qrupları da aldıqları qrantların haqqını ödəmək üçün Azərbaycan əleyhinə böhtanlar səsləndirirdilər. Amma Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin regionda olması və iki böyük dövlətin Qarabağ kimi önəmli bir məsələdə fəallıq nümayiş etdirməsi əlavə şərhlərin də qarşısını alır.

Düşünürəm ki, ölkəmizim zəfəri böyük siyasi dəyişikliklərə səbəb olur və Azərbaycan Qarabağ zəfəri ilə dünya siyasi xəritəsində yeni bir səhifənin başlanğıcını qoyub”.

Səidə

AzNews.az