Yeganə Hacıyeva: “Hücumlar təsirsiz ötüşməyəcək” Yeganə Hacıyeva: “Hücumlar təsirsiz ötüşməyəcək”

Almaniya nədən dönüklük edir? -ŞƏRH

Yeganə Hacıyeva: “Hücumlar təsirsiz ötüşməyəcək”

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son zamanlar yenidən gündəmə gəlib. Eyni zamanda Aİ-Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bağlanması hər an gözlənilən sazişin yubanması da daim müzakirə mövzusudur. Sanki bu sazişin baş tutmamasına mane olan gözəgörünməyən qüvvələr var.

Son günlərdə Aİ-nin ən odioz ölkəsi olan Almaniya ilə münasibətlərin gərginləşməsi də bu münasibətlərdə daha bir istiqamət açıb.

Məlumdur ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi qalır, amma siyasi dəstək hiss edilmir.

Siyasi şərhçi Yeganə Hacıyeva “Yeni Müsavat”a bir çox səbəblər açıqladı: “Avropa Birliyi üçün Azərbaycan Cənubi Qafqaz regionunun açar ölkəsi və Avropa qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik və ən əsası, Cənubi Qafqaz regionunda sabit və etibarlı tərəfdaşıdır. Bu strateji xətt üzrə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir. Azərbaycan ittifaqın 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir. Ölkəmizlə münasibətlər ikitərəfli formatdan kənarda, Avropa İttifaqı üçün həm də Cənubi Qafqazda özünün dayanıqlı mövcudluğuna xidmət etdiyi üçün hərtərəfli dərin münasibətlərin yaranması, yeni sahələrdə əlaqələrin formalaşması və inkişaf etdirilməsi prioritet mövzudur. Birmənalı olaraq Avropa İttifaq üçün Azərbaycanla möhkəmlənən münasibətlər birliyin strateji Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən əsaslarını formalaşdırır. Qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində işlənən yeni saziş tərəflər üzərində maksimum diqqət və məsuliyyət tələb edən bir prosesdir. Belə ki, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında müzakirə edilən bu saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan, 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləmək niyyəti güdür.

Son iki il Aİ və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, tərəflər arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması üçün məhsuldar bir il kimi yadda qalsa da, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı prosesdə dinamika müşahidə olunmur.

44 günlük Vətən müharibəsi isə Avropa İttifaqı ilə münasibətlərdə, ümumiyyətlə, dəyişdirdiyi bir neçə məqam oldu. Burada bir haşiyə açım ki, tərəflər arasında təmasların bütün mərhələlərində ittifaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə həmişə ifadə edib.

Qarabağ münaqişəsinin həlli Aİ-nin cənub-şərq sərhədlərində bir çox parametrlər: enerji, nəqliyyat və tranzit məsələləri üzrə iqtisadi vacib element, nəzarətsiz ərazilərdən müxtəlif növ çirkli daşınmalar: silah, miqrant, terrorizm, narkotik tranziti və s. mövzularda üzrə isə təhlükəsizlik məsələləri üzrə vacib element idi.

Aİ-nin xarici və təhlükəsizlik siyasətinin mühüm bir bəndi, Qarabağ münaqişəsinin həlli ətrafında təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyi haqda razılaşmanı özündə ehtiva edirdi.

Yəni Avropada 44 günlük Vətən müharibəsindən narahat olanlar Avropa İttifaqının siyasi və təhlükəsizlik dairələri deyil, iqtisadi dairələrdə təmsil olunan qruplardır.

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Y.Hacıyeva onu da qeyd etdi ki, Cənubi Qafqaz regionunda böyük siyasi, iqtisadi dəyişikliklər baş verməkdədir və bu dəyişikliklərin aparıcı qüvvəsi Azərbaycandır: “Cənubi Qafqazda sürətlə baş verən proseslər Rusiyanın ürəyincə deyil. Azərbaycanın iqtisadi gücünün artmasına səbəb olan TAP və TANAP layihələrinin gerçəkləşməsi Rusiyanı narahat edir. Almaniyada Rusiyaya bağlı media orqanları, siyasətçilər, QHT-lər, siyasi analitiklər, iş adamları mövcuddur, Rusiya gizli şəkildə məhz həmin şəbəkəni istənilən vaxt istədiyi ölkəyə qarşı kampaniyaya istiqamətləndirir. İndi də Azərbaycanın hədəfə alınması Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra güclənməsinin, Avropa Birliyi ilə münasibətlərinin dərinləşməsinin qarşısını almaq məqsədi güdür.

Almaniyadan Azərbaycana qarşı qərəzli mövqe və hücumlar birmənalı olaraq Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinə təsirsiz ötüşməyəcək. Avropa Birliyi Cənubi Qafqaz regionda baş verən böyük siyasi, iqtisadi dəyişikliklərdə iştirak etməlidir və bunun üçün də bu dəyişikliklərin aparıcı qüvvəsi Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq ruhuna uyğun qurmalı və narahatlıqları aradan qaldırmalıdır".