Politoloq: “Rusiya da yaxşı bilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır” Politoloq: “Rusiya da yaxşı bilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”

“Soçi bəyanatında sərhəd xəritələrinin müəyyən edilməsi Azərbaycan üçün uğurlu nəticədir”

Politoloq: “Rusiya da yaxşı bilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”

Politoloq Ramid Hüseynov Soçi görüşü və 26 noyabrda imzalanan Soçi bəyanatının əhəmiyyəti ilə bağlı AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirir ki, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə gözlənilən görüşünə Rusiyanın ciddi narahatlıq keçirməsi başa düşüləndir: “Rusiya yaxşı anlayır ki, qərbin bölgədə təhlükəsizliyin, sülhün bərpa olunmasına, demokratikləşmənin və insan hüquq və azadlıqlarının təmin edilməsinə çalışması region dövlətlərinin daxili və xarici siyasətlərinə daha praqmatik əsasda yanaşmağı tələb edir.

Rusiyadan fərqli olaraq, qərbin daha çox maliyyə dəstəyi, regionda iqtisadi vəziyyəti yaxşılaşdırmaq cəhdləri münaqişələr və hərbi güc yolu ilə dövlətlərin idarə edilməsi imkanlarını tədricən məhdudlaşdırır.

Habelə cəmiyyətin daha inkişaf edən, sivil dəyərlərin, hüququn mövcud olduğu qərbə inteqrasiya istəkləri də prosesə ciddi təsir göstərir.

Belə olan təqdirdə, regiondakı proseslərin daimi olaraq hərbi təzyiqlər yolu ilə saxlamağın mümkün olmayacağını yaxşı bilir”.

Politoloqun fikrincə, Rusiya hər iki dövlət başçısının Brüssel görüşünə qısqanclıqla yanaşır: “Görüşün onun nəzarətindən kənar keçəcəyini, Azərbaycan və Ermənistan rəhbərlərinin öz aralarında müəyyən razılığa gələ biləcəyini nəzərə alaraq 26 noyabrda onların Soçidə birgə görüşünü planlaşdırdı.

26 noyabr 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin Soçidə baş tutan görüşündə ümumi regional məsələlər müzakirə edildi. Görüşün nəticəsi olaraq bəyanat imzalandı”.

R.Hüseynov Soçi bəyanatında sərhəd xəritələrinin müəyyən edilməsinin və bu istiqamətdə səylərin artırılmasının Azərbaycan tərəfi üçün uğurlu nəticə olduğunu söyləyir: “Bəyanatda əvvəllər müəyyən edilmiş müddəaların yenidən əks olunması və bunun icrasına nəzarətin artırılması müsbət məqamlardır.

O cümlədən, görüş daha çox regionda söz sahibinin kim olduğunu və proseslərin necə cərəyan edəcəyinə kimin qərar verməli olduğunu təsdiq etməsi ilə xarakterizə olundu.

Rəsmi Moskvanın regiondakı mövqelərini Avropa Birliyi ilə bölüşmək niyyətində olmadığı da aydın göründü.

Rusiya da yaxşı bilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında və imzalanmış bəyənatların müddəalarına tam riayət olunmasında daha çox maraqlıdır. Belə olan təqdirdə Rusiya özünün geosiyasi üstünlüyündən, hərbi-siyasi mövqeyindən istifadə edərək himayə etdiyi Ermənistana təzyiqləri artırması və sülhməramlıların fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmasını tələb etməsi daha doğru olardı. Əks təqdirdə regionda sülhün və təhlükəsizliyin tam olaraq təmin olunmasından, dövlətlərarası münasibətlərin hüquqi müstəvidə həllindən danışmaq real olmazdı”, - deyə politoloq qeyd edib.

Şəbnəm Zahir