Politoloq: “Yaxın perspektivdə bu qeyd edilənlərin baş verməsi gözlənilən ola bilər” Politoloq: “Yaxın perspektivdə bu qeyd edilənlərin baş verməsi gözlənilən ola bilər”

“Təkcə Rusiya-Ukrayna deyil, Rusiya-NATO müharibəsi də ola bilər”

Politoloq: “Yaxın perspektivdə bu qeyd edilənlərin baş verməsi gözlənilən ola bilər”

“Bugün yayılan məlumatlara görə, Rusiya Ukrayna üzərində işğalçılıq siyasətini tam bərqarar etməsi üçün xeyli sayda qoşunla paytaxt Kiyevə hücuma keçməyə hazırlaşır. Artıq 6 gündür uğur qazanmayan, əksinə böyük müqdarda itki verən Kreml administrasiyası bu addımı atmaqla yanaşı həm də son şansını yoxlayır. Bugün Belarusiya qoşunları da müharibəyə qoşularaq Ukrayna ərazisinə qoşun yeridib”.

AzNews.az xəbər verir ki, bu sözləri siyasi analitik Samir Hümbətov deyib.

“Burada diqqəti çəkən digər önəmli məsələ Ukraynanın Avropa Birliyinə qəbul olması üçün ərizə verməsi, Britaniya baş naziri Boris Conson və NATO baş katibi Yens Stoltonberqin öncə Polşadakı, sonra Estoniyadakı NATO hərbi bazalarına səfər etmələri və burada Putinə mesaj vermələridir. Yaddan çıxarmaq lazım deyil ki, NATO sərhəddə 100 mindən çox canlı qüvvə və xeyli sayda silah-sursat və hərbi texnika yığır”.

Politoloqun sözlərinə görə , Avropa dövlətləri Ukraynada döyüşmək istəyən vətəndaşlarına rəsmi şəkildə icazə verməsi, Ukraynanın belə qısa vaxta AB-yə qəbuluna çalışmaları da diqqət çəkən məqamlardır.

“Hesab edirəm ki, Qərb dövlətləri Ukraynanı AB-yə qısa vaxtda qəbul edərsə, prosesin davamı olaraq NATO-nun qapılarını aça bilər və Ukraynanı Alyansa ala bilər.

Əgər bu gözləntilər baş verərsə, bu artıq Rusiya-Ukrayna deyil, eyni zamanda Rusiya-NATO müharibəsi ola bilər. Təbii ki, regionda proseslər sürətlə dəyişir. Ona görə də yaxın perspektivdə bu qeyd edilənlərin baş verməsi gözlənilən ola bilər”, - deyə Samir Hümbətov əlavə edib.

Şəbnəm Zahir