Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında hansı səbəblər dayanır? Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında hansı səbəblər dayanır?

“Bu qərar Ukraynada Rusiya ordusunun ağır durumda olduğunun etirafıdır"

Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında hansı səbəblər dayanır?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsinə razılıq verib.

Politoloq Elxan Şahinoğlu bununla bağlı AzNews.az analitik- informasiya portalına danışıb:

“Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin Rusiya ordusuna qarşı bu şəkildə müqavimət aparacağını gözləmirdi. Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir, döyüşmədən təslim olan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi məsləhət bilib”.

Elxan Şahinoğlunun sözlərinə görə, bu qərar əslində Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır.

“Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”. Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə – muzdlu döyüşçülərə valtuya ödəyəcək. Dünyanın heç bir yerində muzdular havayı döyüşmürlər.

Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda 16 min rəqəmi peyda olmazdı”.

Politoloq Rusiyanın “könüllü” dediyi döyüşçülərin kim olduğu məsələsinə də aydınlıq gətirib.

“Kreml böyük ehtimalla Suriyada Bəşər Əsəd tərəfdə savaşan qrupları nəzərdə tutur. Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ə illərdir maliyyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzətlmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər”, – deyə Elxan Şahinoğlu qeyd edib.

Şəbnəm Zahir