Anar Əliyev: “Hər üç bəyanatın tələblərinin icrasına nəzarət prezident Putinin imzası ilə Rusiya Federasiyasının üzərindədir” Anar Əliyev: “Hər üç bəyanatın tələblərinin icrasına nəzarət prezident Putinin imzası ilə Rusiya Federasiyasının üzərindədir”

“10 noyabr bəyanatı Rusiya və Ermənistan tərəfindən nümayişkəranə surətdə pozulur” - Politoloq

Anar Əliyev: “Hər üç bəyanatın tələblərinin icrasına nəzarət prezident Putinin imzası ilə Rusiya Federasiyasının üzərindədir”

Rusiya sülhməramlılarının 10 noyabr üçtərəfli razılaşmanın müddəalarına əməl etmədiklərinin, bəyanatın tələblərini pozduqlarının şahidi oluruq.

Bununla bağlı politoloq Anar Əliyev AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, təəssüflə qeyd etməliyik ki, 10 noyabr üçtərəfli bəyanatı ona imza atan Ermənistan Respublikası və Rusiya Federasiyası tərəfindən mütəmadi və nümayişkəranə surətdə pozulur. Bəyanatın icrası ilə bağlı heç bir addım atılmır.

“Bəyanatın bəndlərinə nəzər yetirdikdə bir çox suallar ortaya çıxır. 10 noyabr Bəyanatının 4-cü bəndinin əsas tələbi - "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir".

Buna əsasən erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyinə əməl etmək əvəzinə, məlum bəyanatda "Dağlıq Qarabağ" silahlı birləşmələrin hərbi bölmələri" ifadəsi işlətməklə hansı məqsəd güdülür?

10 noyabr Bəyanatının 7-bəndinin tələbi - "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır".

Bəyanatın imzalanmasından ötən ilyarım müddət ərzində Ermənistandan ermənilərin Xankəndi və ətraf ərazilərə köçürülməsi işi ilə məşğul olan, 50 min erməninin Xankəndinə köçürülməsi haqda yalan məlumatlarını böyük nəticə kimi reklam edən Rusiya sülhməramlıları bu müddət ərzində bir nəfər azərbaycanlının Xankəndi, Xocalı, Xocavəndə qayıdışı istiqamətində səy göstəribmi?

10 noyabr Bəyanatının 8-ci bəndinin tələbi - "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".

Ermənistan tərəfinin açıq şəkildə əməl etmədiyi, Rusiya sülhməramlı qüvvələrinin birbaşa fəaliyyətinə aid olan bu öhdəliyin yerinə yetirilməsi istiqamətində hansı addım atılıb?
Keçmiş komandan Rüstəm Muradovun Azərbaycanın humanist davranışlarından yararlanaraq erməni canilərini Yerevana daşımaqdan başqa hansı əməli iş icra edilib, 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilibmi, cinayətkar Ermənistana Rusiya və dünya tərəfindən bununla bağlı təziq edilibmi?
10 noyabr Bəyanatının 9-cu bəndinin - "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir", tələbinə əməl edilirmi?”.

Anar Əliyev qeyd edib ki, 11 yanvar və 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliyə əməl etməməsinə görə də Ermənistana heç bir bəyanat ünvanlanmayıb.

“11 yanvar bəyanatının 2 və 4-cü bəndlərinin, 26 noyabr Bəyanatının tələblərinə Ermənistan tərəfindən əməl edilməsi ilə bağlı hər hansı təsirli addım atılmayıb. Xatırlatmaq yerinə düşər ki, hər üç bəyanatın tələblərinin icrasına nəzarət prezident Putinin imzası ilə Rusiya Feferasiyasının üzərindədir”, - deyə o vurğulayıb.

Şəbnəm Zahir