- Müşahidə məntəqəsi
- 10 Noyabr 2022 16:18
- 7 100
"Məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür" - Politoloq
"Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir"
"Müharibəni başa çatdıran 10 noyabr razılaşmasının imzalanmasından iki il ötür. Üçtərəfli bəyanatın ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi isə erməni qoşunların Qarabağdan çıxarılması və Naxçıvana maneəsiz keçidin təmin edilməsidir".
Bunu AzNews.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O əlavə edib ki, razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustda həyata keçirildi, lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakınının məcbur etməsinin nəticəsi idi: "Azərbaycan “Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi. Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir. Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Əliyevin son açıqlaması da bu gözləntini artırır".
Politoloq razılaşmanın imzalanmasından ötən iki il ərzində Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlı üç istiqamətdə irəliləyiş əldə etdiyini qeyd edib: "Hərbi istiqamətdə Fərrux və Qisas əməliyyatı ilə Xankəndi ətrafında halqa daralıb, əsas strateji nöqtələrin Azərbaycan ordusunun nəzarətində olması həm psioxoloji üstünlük, həm də mümkün əməliyyatlar üçün önəmlidir. Kommunikasiya istiqamətində Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra ermənilərin yaşadığı ərazilərə gedən qaz, elektrik enerjisi və digər nəqliyyat xətlərinə nəzarət güclənib; ötən qış baş verən qəza nəticəsində Xankəndinin qaz təchizatının kəsilməsinin yaratdığı nəticələr də bunu təsdiq etdi. Siyasi istiqamətdə isə həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb, “Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgəyə yaşaya biləcəyi mövqeyi güclənib".
A. Nərimanlı sonda vurğulayıb ki, bunlar proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir: "Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur".