İstanbuldakı terrorda İran izi - ŞƏRH

"Noyabrın 13-də İstanbulun “İstiqlal” küçəsində törədilən terror dünyanın diqqətini Türkiyəyə yönəltdi. 6 nəfərin həlak olduğu, 86 nəfərin yaralandığı hadisənin şantaj xarakterli olması şübhəsizdir. İstanbuldakı terrorun PKK tərəfindən törədildiyi təsdiqləndi. Erməni terror təşkilatı ASALA isə ilk şübhəli kimi ortaya atıldı. Xüsusilə də, erməni teleqram kanallarında teraktın məsuliyyətini ASALA-nın öz üzərinə götürdüyü ilə bağlı xəbərlər yayıldı. Lakin müxtəlif mənbələrdə hadisənin arxasında Hizbullahın, eləcə də Suriyada fəaliyyət göstərən kürd mənşəli terror qruplaşmalarının olduğu da iddia olundu".

Bu sözlər AzNews.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.

O bildirib ki, Türkiyəyə adıkeçən qüvvələrin düşmən kəsildiyi məlumdur: "Lakin ən son 2017-ci ildə törədilən teraktdan təxminən 6 il sonra yenidən terrorun baş verməsi nəyə hesablanmış ola bilər?

Diqqətçəkən ilk məqam Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkiləridir. Ərdoğan hakimiyyətinin həm ölkə daxilində, həm sərhədlərdən kənarda separatçı qüvvələri təmizləmək, terror qruplaşmalarının xain planlarının icrasına mane olmaq siyasəti seçkiöncəsi AK Partiyanın elektoratının itirilməsinə hesablanmış addım ola bilər".

Siyasi şərhçi əlavə edib ki, ikinci önəmli səbəb Türkiyə-İsrail münasibətlərinin son on ildəki böhran vəziyyətindən çıxaraq, normallaşmaya doğru getməsidir: "Artıq ölkələr qarşılıqlı səfirlər təyin edərək, diplomatik əlaqələrini əvvəlki axarına qaytarmağa çalışırlar. Bundan ən çox narahat olan isə, heç şübhəsiz İrandır. Ona görə də, “İslam Respublikası” öz “maşa”larını oyuna daxil edərək, Türkiyə-İsrail yaxınlaşmasına bu yolla cavab vermiş ola bilər.

İran son yüz ildə separatçı kürd hərəkatları ilə mübarizə aparsa da, ciddi separatizm təhdidlərinə məruz qalsa da, mərkəzi hökumət xüsusilə özünü güclü hiss etdiyi zaman bu kartdan qonşu ölkələrə qarşı istifadə etməkdən çəkinməyib. Bu vəziyyətin ən mühüm nümunəsi 70-ci illərin birinci yarısında Şah administrasiyasının Bağdada qarşı silahlı kürd qruplaşmalarına intensiv dəstək verməsi zamanı görüldü. Dönəmin İraq rəhbərliyi üsyanları yatırmaqda çətinlik çəkdiyi üçün İranın şərtlərini qəbul etməli oldu və tərəflər arasında 1975-ci il Əlcəzair müqaviləsi imzalandı. İran məlum ritorikanı bugün Türkiyəyə qarşı icra edir. Bəlli ki, bu düşmənçiliyin arxasında yalnız İsraillə əlaqələr deyil, həm də bölgədə Türkiyə-Azərbaycan ittifaqının da güclənməsi amili vardır. Sonuncu Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX sammiti və sammitdə Ərdoğan və Əliyevin İranı hədəf alan çıxışları da terrorun səbəbləri incələnərkən gözardı edilməməlidir".

Z. Qarayeva PKK dəstəkçiləri içərisində ABŞ və Fransanın da unudulmamalı olduğunu qeyd edib.

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-da demokrat dairələr, eyni zamanda Fransa rəsmi Ankaranın tutduğu mövqeni qəbul etmir. Həmçinin Ərdoğan Türkiyəsinin yeritdiyi müstəqil siyasət də, Qərb tərəfindən o qədər də xoş qarşılanmır. Türkiyə Avropanın ən güclü dövlətinə çevrilməkdədir. Bu ölkənin 2023-cü il üçün strateji hədəfləri ixracın həcmini 500 milyard dollara çatdırmaqdır. Eyni zamanda, ordu quruculuğundakı müasirləşmə və qüdrətlənmə türk düşmənlərini qıcıqlandırır. Xüsusən, dünyanın İstanbulda heyranlıqla izlədiyi Avrasiya tunelinin başa çatması, ikinci böyük Osman Qazi körpüsünün inşası bir daha göstərir ki, Türkiyə inkişafın ən yeni mərhələsindədir", - o deyib.

Politoloq sonda vurğulayıb ki, Türkiyənin gündən-günə artan qüdrətini zəiflətmək məqsədi daşıyan təxribatlar nəinki işə yaramayacaq, xain planın icraçıları qazdıqları quyuya özləri düşəcək: "Unutmaq olmaz ki, bölgənin, Avropanın, Çinin və Rusiyanın taleyi Türkiyədən asılıdır. Çünki Türkiyə Orta Şərq, Rusiya və Çin üçün demokratiya, idarəetmə və iqtisadi sahələr üzrə örnək sayıla bilər. Belə bir dövləti terrorçuluqla zəiflətməyə çalışmaq oturduqları ağacın budağını kəsmək effekti yaşadacaq".