AzNews.az analitik-informasiya portalının suallarını "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu cavablandırır: AzNews.az analitik-informasiya portalının suallarını "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu cavablandırır:

"Rusiya Vardanyanı Xankəndiyə qaytarsa..." - Politoloq

AzNews.az analitik-informasiya portalının suallarını "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu cavablandırır:

- Cənab Şahinoğlu, Vardanyanın Rusiya sülhməramlıları tərəfindən Moskvaya qaçırılması barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

- Bundan öncə də belə məlumatlar yayılmışdı. Məsələn, daha öncə separatçıların digər lideri Arayik Arutunyan Moskvada olmuşdu. İndi isə Ruben Vardanyanı gizli yollarla aparıblar. Yəqin ki, Rusiya nəqliyyat vasitələri ilə aparılıb. Bu, Rusiyanın Azərbaycana xoş olmayan münasibətidir. Nəyə görə aparırlar Moskvaya? Kimlərlə görüşdürürlər? Nəyi müzakirə edirlər? Bu bir daha ondan xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra erməni separatçılarına Rusiya nəzarət edir.

- Vardanyanın Moskvaya qaçıran Rusiya sülhməramlıları onu yenidən Xankəndiyə daxil edə bilərlərmi?

- İndi Ruben Vardanyan Moskvada qalsa, düşünmək olar ki, Rusiya Azərbaycanın maraqlarını nəzərə almağa başlayır. Onu təzədən Xankəndinə eyni gizli yollarla qaytarsalar, bu, o deməkdir ki, onlar Vardanyanın Qarabağda olmasını istəyirlər ki, Azərbaycana qarşı təxribat siyasətini davam etdirsin.

- Azərbaycan sülh sazişi ilə bağlı yeni təkliflər verib. Sizcə bu təkliflər özündə nəyi ehtiva edə bilər?

- Yeni təkliflər haqqında danışılsa da, bu, elə keçən ilin martında göndərilən baza prinsiplərinə əsaslanan təkliflərdir. Orada 5 təklif var idi. O təkliflərin ümumi mahiyyəti bu idi ki, iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Nəqliyyat yolları açılır və sülh sazişi bunun əsasında imzalanır. Bu təkliflərə yeni nəsə əlavə olunacağını düşünmürəm. Detallar əlavə oluna bilər. Bu, bizim xoş jestimizdir. Yəni ki, sülh istəyirsinizsə, gəlin, qısa zamanda baza prinsipləri əsasında sülh sazişi imzalayaq. Keçən dəfə öz mənasız təkliflərini irəli sürərək prosesi gecikdirdilər. Özlərinə zərər vurdular, sentyabrdan sonra döyüşlər oldu. Biz təmas xəttində daha da möhkəmləndik, strateji yüksəkliklər ələ keçirdik. Paşinyan Qarabağ yükündən qurtulduğunu özü də açıq deyib. Bu dəfə də uzatsalar, nəticə Ermənistanın zərərinə olacaq.

- Qardaş Türkiyədə çox şiddətli zəlzələlər baş verdi. Bu zəlzələdə zərər çəkənlərə Azərbaycanda yardım kampaniyası aparılır. Xalqımız çox mütəşəkkil bir şəkildə qardaş Türkiyə xalqı üçün yardımlarını göndərir. Bu kampaniyanı necə dəyərləndirirsiniz?

- Yüksək dəyərləndirirəm. İki qardaş dövlət bir-birinə məhz bu cür dəstək verməlidir. İkinci Qarabağ müharibəsində biz Türkiyədən hər mənada böyük dəstək gördük. İndi biz də Türkiyəyə qardaş dəstəyi veririk. Yardımlar toplanır, xalq aksiyada fəal iştirak edir. Zəlzələ zonasına xüsusi xilasetmə komandaları göndərilib. Bu gün Prezident İlham Əliyev Türkiyə səfirliyində olub. Ölənlərə rəhmət, ağır yaralılara şəfa diləyirik. Bu çox ağır bir təbii fəlakətdi. Türkiyə seysmik zonada yerləşir. Ona görə Azərbaycanla yanaşı bir çox dövlət bu saat Türkiyəyə yardıma tələsir. Çünki bu ümumi bir bəladır. Sunamilər, zəlzələlər, daşqınlar zamanı dövlətlər bir-birinə yardım etməlidirlər. Ona görə Azərbaycan bu məsələlərdə daha ön sıradadır. Bunu Türkiyənin özündə də yüksək qiymətləndirirlər.

Rəşid QARAYEV,

AzNews.az