- Müşahidə məntəqəsi
- 17 Fevral 2023 17:15
- 10 557
"Paşinyanın sərsəmləməsi Rusiyanın özünə də lazım olur" - Politoloq
Ermənistan Rusiya qoşunlarını öz ərazisindən çıxarmaq istəyir. Buna alternativ olaraq da Avropadan xüsusi missiya qrupu gətirir. Eyni zamanda bu qrupu gətirməklə Rusiyanı da şantaj edir. Rusiya Ermənistanın şantajlarına nə vaxta qədər dözmək fikrindədir?
Mövzu ilə bağlı politoloq Şəbnəm Həsənova saytımıza danışıb.
O bildirib ki, Qərb hər nə qədər media vasitəsilə Rusiyanın çökdüyü obrazını yaratsa da, rəsmi Moskva geri addım atmadığı və atmayacağını bildirdiyi qədər primitiv və ucuz ssenarilərlə də çıxış etmir.
"Bunlardan ən önəmlisi və fakt odur ki, Rusiya proseslərə, hətta meyillərə belə kifayət qədər sərt formada cavab verir. Bu baxımdan Rusiya Ermənistanı da yerinə otuzdurmağı yaxşı bilir. Lakin onu da etiraf edək ki, müəyyən vaxtlarda Ermənistanın sülhdən yayınması, Nikol Paşinyanın sərsəmləməsi ilə “danışdırılması” Rusiyanın özünə də lazım olur. Məsələn, uzun müzakirələrə səbəb olan, konkret məramlara hesablansa da abstrakt məqamlara malik Vardanyan bölgədən çıxarıldı, getdisə, hətta bir müddət kənarda saxlanıldısa, deməli, buna ciddi əsaslar və səbəblər var idi. Görünür, vaxt və şərait Rusiyanın özü üçün bunu labüd edib. Bəlkə də bu müddət ərzində Rusiya nəbz yoxlamasına gedirdi, o da istisna deyil. Hər bir halda Moskva üçün belə insanlar da, üsullar da istifadə üçün olduğu qədər Ermənistan da bölgədə yaradılış baxımından bu amala xidmətə edir. İstifadə edir və tarixin zibilliyinə qərq edir. Yəni, Moskvanın masa üzərinə çıxartmağa kartı qəhət deyil. Bunu bizə uzaq və yaxın tariximiz də yaxşı deyir. Erməni mətbuatı da yazırdısa ki, Vardanyan “başı dik” getmədi, sadəcə olaraq Rusiyaya qaçdı yəni, aydın olur ki, Rusiyanın fiqurunun, “Vardanyan layihəsi”nin bölgədən çıxışını belə Paşinyan mətbuatda necə hallandırır, Vardanyanı, əslində isə Rusiyanı necə alçaltmaqla "vurur".
Politoloq hadisələrin mövcud durumu üzərindən dəyərləndirsək ki, Ermənistanda hal-hazırki anti-Rusiya əhval-ruhiyyəsininin də pik səviyyədə olmasını, hətta buna olduqca kəskin cavab kimi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də ən son olaraq Qərb strukturlarını, institutlarını tənqid etməsini, məsələlərə onların müdaxiləsinin Ermənistanın timsalında necə nəticələnəcəyi ətrafında ciddi düşünməyə çağırmasını da əlavə etsək, görünür Rusiya Ermənistandan yaman “yığıb”. Sülh sazişi üzrə təklifləri Bakıya, həmçinin keçmiş ATƏT-in Minsk Qrupu ölkələrinə təqdim etdiyini deyən Nikol Paşinyana bu məqamda Mariya Zaxarovanın yenidən ATƏT-in Minsk Qrupu formatının 2022-ci ilin fevralında tarixin zibil qutusuna göndərildiyini bildirməsi təsadüf deyil", - deyə o əlavə edib.
Politoloq qeyd edib ki, Rusiya hər nə qədər sərt reaksiyalar versə də, müxtəlif kartları yenidən işə salsa da, görünür, rus baş diplomat bunların o qədər effektiv olmadığını görərək təşəbbüsləri özü ələ almağa çalışır ki, hər halda heç nə yox, yaxın zamanda planlaşdırılan Lavrov səfəri bizə bunu deməyə əsas verir: "Tam aydın görünür ki, Rusiya Cənubi Qafqazı heç bir halda rəqiblərinə güzəştə getmək variantının mövcud belə olmadığını qətiyyətlə göstərir".
Ş. Həsənova Rusiya Ermənistanın şantajlarına nə qədər dözə bilər sualına cavab olaraq vurğulayıb ki, bundan daha çox, Ermənistanın daha nə qədər buynuzunu Rusiyanın çomağına sürtmə şansı olduğu önəmlidir: "Yəni, nə qədər çox sürtərsə, bir o qədər Ermənistan üçün iplər nazilər. Nəticə etibarilə istər Rusiya olsun, istərsə də Qərb, təbii ki, bütün bu güclərin bölgədə maraqlarının miqyası və mövqeləri qədər bölgə ölkələrinin və xalqlarının onlara verdiyi reaksiya önəmlidir. O mənada ki, əsas məsələ bölgəni döyüş poliqonuna çevirməməkdir. Özündə mürəkkəb kombinasiyaları ehtiva edən bu məsələ isə heç bir anlamda sadə deyil. Bu məsələ isə təkcə Ermənistanın deyil, bütövlükdə bölgənin sabitliyini və təhlükəsizliyini ciddi suallar qarşısında qoyan Nikol Paşinyanın nəinki altından çıxa biləcəyi, götürə biləcəyi yük deyil. Elə fevralın 18-də Paşinyanın cənab İlham Əliyevlə görüşməkdən qorxub Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcəyi faktı kimi".
Rəşid QARAYEV,
AzNews.az