"Ermənistan cəzalandırılacağını bildiyi üçün Türkiyəyə sığınır" - Əziz Əlibəyli

"Rusiya Ermənistandan narazıdır, çünki Paşinyan ölkəsini Qərbə "satmaqdadır"".

Bu fikirləri AzNews.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib.

O bildirib ki, bu, Rusiyanı Ermənistanla bağlı qəti addım atmağa sövq edən əsas versiyadır: "Bununla əlaqədar Rusiya tərəfindən iki cür açıqlama var. Birinci açıqlama budur ki, Ermənistan müstəqilliyini itirəcək, ikinci açıqlama isə budur ki, Ermənistan ikinci Ukrayna olacaq. Bu bütün hallarda Ermənistanın müstəqilliyini itirməsi anlamına gəlir. Rusiya oranı konkret Qərbdən xilas etməlidir və buna görə işğal etmək lazımdır ki, bunu mütləq şəkildə reallaşdıracaq. Zatən bunu açıq şəkildə də bəyan etdi".

Ə. Əlibəyli Ermənistanın Rusiya qoşunlarını öz ərazisindən çıxarmaq istəyini həyata keçirib keçirməyəcəyi ilə bağlı suala cavab olaraq qeyd edib ki, Qərbin oraya gətirilən agenturası bilavasitə Rusiyanın hərbi varlığına görə bölgəyə gəlib.

"Bunun müqabilində Ermənistanın yürütdüyü indiki siyasət nə nəticə doğuracaq? İran oradadır, Rusiya oradadır, Türkiyə burdadır, Azərbaycan da var. Bütövlükdə yeni bir münaqişə toqquşması üçün mərhələ yaranır. Bu proseslərin kökündə isə Ermənistanın yaxın vaxtlarda cəzalandırılması məsələsi dayanır. Ermənistan da bunu bildiyinə görə apar-topar yekun sülh sazişi adı altında təcili Türkiyə vasitəsilə Azərbaycana sülh müqaviləsi göndərir, Qərbdən imdad diləyir. Belə başa düşürəm ki, Rusiyanın hədələrinə, gedişlərinə qarşı hətta Türkiyəyə belə sığınmağı Ermənistanın nə dərəcədə təlaşda olduğunu göstərir".

Rəşid QARAYEV,

AzNews.az