Ermənistan Azərbaycan qarşısında heçnə edə bilməyəcəyini anlamalıdır - Millət vəkili

Martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı deyib ki, Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.

“Çox təəssüf ki, Ermənistan bütöv danışıqlar prosesini pozub, beynəlxalq qurumlar da Ermənistanın bu işğalçı, təcavüzkar siyasətinə göz yumurdular”.

Bunu AzNews.az-a Prezidentin çıxışı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə Azərbaycan torpaqlarının 20%-i 30 ilə yaxın Ermənistan tərəfindən işğala məruz qalıb:

"Bu dövr ərzində Azərbaycan, öz ərazilərini dinc yolla, danışıqlar yolu ilə, beynəlxalq hüquq və normal çərçivəsində azad etməyə çalışıb. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməli idilər. Eyni zamanda digər beynəlxalq qurumların da bununla bağlı qərar və qətnamələri mövcud idi. O zaman fəaliyyətdə olan ATƏT-in MİNSK qrupu yalnız müharibəni dondurmağa çalışırdı. Cənab İlham Əliyevin Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik cümləsini məhz 10 -cu qlobal Bakı forumunun açılışında qeyd etməsi elə sadaladığım məsələlərdən irəli gəlirdi. Azərbaycan hər zaman danışıqlar prosesinə öz sadiqliyini nümayiş etdirmişdir. Çox təəssüf ki, dünyada ikili standartlar var, bəzi hallarda BMT-NİN Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunduqdan dərhal sonra icra edilməyə başlanırdı. Amma Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 27 il sonra, 2020-ci ildə vətən müharibəsində özü icra etdi. Öz torpaqlarını işğaldan azad etdi. Beləliklə bəlkə də BMT tarixində ilk dəfə olaraq qətnamələrin icrasını Azərbaycan özü həyata keçirdi".

C. Osmanov onu da qeyd edib ki, bu dünyada ikili standartların mövcud olduğunu göstərir:

"Danışıqlar prosesində iştirak edən üçüncü tərəflər, beynəlxalq qurumlar, xüsusən də artıq təqaüdə göndərilmiş ATƏT- in MİNSK qrupu o zamanlar yalnız turist səyahəti edirdilər. Həmsədr ölkələrin nümayəndələri yalnızca münaqişəni dondurmağa çalışırdılar. Beləliklə çalışırdılar ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışsın. Amma bir daha qeyd etmək istəyirəm ki, müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Prezidenti vətən müharibəsinədək artıq dəfələrlə qeyd etmişdi ki, əgər dinc yol ilə, sülh yolu ilə danışıqlar yolu ilə Ermənistan Azərbaycan torpaqlarından çəkilməsə, işğalçılıq siyasətinə son qoymasa hərb yolu ilə torpaqlarımızın alınması istisna deyil. Vətən müharibəsində də artıq bu öz əksini tapdı. 44 günlük vətən müharibəsindən sonra Azərbaycan qalib gələrək Ermənistana sülh müqaviləsi imzalanması üçün Azərbaycan dərhal vətən müharibəsi bitəndən sonra dərhal təşəbbüslə çıxış etdi".

Millət vəkili sonda vurğulayıb ki, bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Ermənistan artıq güclü və qüdrətli Azərbaycan qarşısında heçnə edə bilməyəcəyini anlamalıdır:

"İşğalçılıq siyasətini kənara qoymalı və ərazi iddialarından əl çəkməlidirlər. Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərin delimitasiyası və demarkasiyası olmaqla, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Bu sülh müqaviləsi də bütövlükdə Azərbaycan tərəfindən təklif olunan 5 maddəlik baza prinsipi əsasında həyata keçirilməlidir. Bu da beynəlxalq hüququn normalarına tam uyğundur".

Rəşid QARAYEV