Konstitusiya dəyişiklikləri ilə Paşinyan Qərbə mesaj vermək istəyir - Politoloq

“Ermənistanda konstitusiya dəyişikliyinin sırf anklavlar və ekslavlar yəni, ərazi mübadiləsi ilə bağlı olmasını düşünmürəm. Təbii ki, Azərbaycan nöqteyi-nəzərindən elə görünür. Ancaq mən bununla razılaşmazdım. Çünki birinci olaraq Ermənistan hökumətinin əsas prioriteti hakimiyyəti qoruyub saxlamaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, Ermənistanda hazırkı hökumətin reytinqi aşağı düşür, orada artan narazılıqlar var. Həm Paşinyanın komanda üzvləri ilə, həm də yeritdiyi daxili siyasətlə bağlı konstitusiyanın dəyişilməsi birbaşa olaraq Ermənistanda daxili stabillik və gələcək perspektivlə bağlı olan bir amildir. Lakin Nikol Paşinyan bunu Ermənistanın region ölkələrinin əsasında Azərbaycana olan münasibətini səbəb kimi göstərir. Amma bunun səbəbi bir az daha dərindir. Hərçənd Azərbaycana münasibət, Qarabağ məsələsi də çox kritik bir məsələdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, demarkasiyası və uzunmüddətli regional stabillik kritik məsələdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Fuad Şahbazov deyib.

“Sərhədlərin demarkasiya və delimitasiya prosesi hələ ki gözlə görünən bir nəticəyə gəlib çıxmayıb. Bu da ərazi mübadiləsi məsələsini çətinləşdirən bir digər məsələdir. İlk öncə iki dövlət arasında beynəlxalq sərhədlər müəyyən edilməlidir ki, öncə sərhədlər demarkasiya edilir, ondan sonra delimitasiya edilir. Yəni sərhədlərin hüdudları müəyyənləşdirilir və artıq ondan sonra burada hər hansı bir ərazi mübadiləsindən danışıla bilər. Çünki sərhədin harada başlayıb harada bitdiyini bildikdən sonra hər iki tərəf üçün daha rahat olur. Ona görə mən düşünürəm ki,yaxın günlərdə bu baxımdan ərazi mübadiləsi bir balaca uzaq görünür. Amma konstitusiya dəyişiklikləri daha real görünür. Konstitusiya dəyişiklikləri ilə Nikol Paşinyan eyni zamanda Qərbə bir mesaj vermək istəyir. Özünün islahata meyilli, məlum millətçi devizlərdən və ideologiyadan uzaq olduğunu göstərmək istəyir. Ermənistan Konstitusiyası yazılan zaman orada daha çox daşnak ideologiyasına əsaslanan maddələr yerləşdirilib. Ərazi iddiaları, daha sonra Böyük Ermənistan layihəsinə istinadlar mövcuddur. Konstitusiyaya dəyişiklik bir növ həm Nikol Paşinyanın daxildə işini asanlaşdıracaq. Mühafizəkar müxalifətə daha çox millətçi və mühafizəkar olan siyasi qruplara arqument gətirməyə icazə verəcək ki, artıq Ermənistanda yeni konstitusiya var. Biz regional siyasəti yenidən nəzərdən keçirməliyik. Eyni zamanda, bu Qərbdəki partnyorlara işarədir. Göstərmək istəyirlər ki, Ermənistan daha liberal, digər qonşulara nisbətdə daha balanslaşdırılmış siyasət yeridir. Bu kontekstdən baxsaq, konstitusiya ilə bağlı dəyişikliklər ritorikası və yaxud cəhdlər məhz buna bağlıdır”.

Rəfiqə NAMAZƏLİYEVA