"Rusiya Ermənistanı Cənubi Qafqaza gətirib, indi özünün başına bəla olub" - Siyasi şərhçi

“Rusiya Prezidenti Vladimir Putin Monqolustanın “Onoodor” qəzetinə müsahibəsində bildirib ki, SSRİ-də respublikaların sərhədləri dəqiq çəkilməyib, süni sərhədlərdir. O bu fikri Ukrayna dövlətinin yaranması kontekstində desə də, paralel olaraq Ermənistanla bağlı məsələni də aktuallaşdırır. Azərbaycan SSRİ arxivlərindəki xəritələrin ortaya çıxarılmasını istəyir”.

“İstər Rusiya prezidenti Vladimir Putin, istər onun komandasının üzvləri, Rusiyadakı politoloqlar, siyasi texnoloqlar, ictimai, siyasi xadimlər bütün çıxışları və fikirlərini Azərbaycanla Ermənistan arasında sanki növbəti bir müharibənin olmasına kökləyiblər. Demirəm ki, birmənalı olmasına kökləyiblər, ancaq adamda belə bir təəssürat yaranır ki, Rusiya dövləti Azərbaycanla Ermənistan arasında gərginliyin olmasında, davam etməsində, güclənməsində və müharibə mərhələsinə keçməsində sanki maraqlıdırlar. Əgər belə bir fikir varsa, çox təəssüf edirəm. Putinin bu cür SSRİ respublikaların sərhədlərinin dəqiq çəkilməməsi ilə bağlı çıxışları yaxşı bir çağırış və çıxış deyil”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi qeyd edib ki, bu məsələnin Ukraynaya, Qazaxıstana, Azərbaycana, hətta Ermənistana belə aid olması da xoş bir təəssürat yaratmır.

“Rusiya Ermənistanı bir problem olaraq Cənubi Qafqaza gətirib və bu virusu yerləşdirib. İndi özünün də başına bəla olubdur. Ermənistan hazırda anti-Rusiya ovqatındadır və Rusiya Ermənistanı sanki cəzalandırmaq üçün bir növ Azərbaycanı da münaqişəyə cəlb etmək istəyir. Sərhədlərin necə olması və arxivlərdə saxlanılan xəritələrin aşkara çıxarılması, onlar üzərindən bu sərhədlərin çəkilməsi məsələsindən Rusiya narahat olmamalıdır. Təşviş keçirməməlidir. Eyni zamanda, bu, Fransaya, Amerikaya da aiddir. Düşünürəm ki, Azərbaycan- Ermənistan bunu özləri həll etməlidirlər. Əgər Paşinyan da Qərbin diktəsi ilə hərəkət etməyi dayandırarsa, Azərbaycanla Ermənistan özləri normal bir şəkildə anlaşaraq, problem kimi görünən mövzunu həll edə bilərlər. Putinin bu cür bəyanatı və digər bu istiqamətdəki çıxışları vəziyyəti ancaq gərginləşdirə bilər. Belə bir təəssüratda yaranır ki, vəziyyətin gərginləşməsinə də hesablanıbdır. Hesab edirəm ki, Rusiyanın, Fransanın, Amerikanın hər hansı bir bəyanat, çıxış, təklif və qeydlərinə ehtiyac yoxdur və olmamalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA