“‘2’ alan hər şagirdin sinifdə qalacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir” – Məzahir Məmmədli

"Şagirdlərin sinifdən sinfə keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin xüsusi təlimatı mövcuddur. Sosial şəbəkələrdə bu istiqamətdə yayılan məlumatlara isə bir qədər fərqli yanaşmaq lazımdır. Hesab etmirəm ki, hansısa fəndən “2” qiymət alan şagird dərhal sinifdə saxlanılsın və ya məktəbdən xaric edilsin. Bu gün 20 min nəfərin məktəbdən kənarda qalması ilə bağlı müzakirələr aparılır. Amma onu da qeyd edim ki, daxili qiymətləndirmə mexanizmləri müəllimlər üçün müəyyən təsir vasitəsi olsa da, şagirdlərin təhsil hüququnu məhdudlaşdıracaq səviyyədə tətbiq edilmir.NXatırlatmaq lazımdır ki, hətta buraxılış imtahanından “2” alan şagirdlər belə attestatla təmin olunurlar və ümumtəhsil məktəbini bitirmiş sayılırlar. Buna görə də bu məsələni şişirdilmiş formada təqdim etməyi doğru hesab etmirəm".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, orta ümumtəhsil məktəblərində qiymətləndirmə ilə bağlı müzakirələr davam edir. Xüsusilə bəzi fənlərdən “2” alan şagirdlərin sinifdən sinfə keçirilməsi ilə bağlı iddialar ictimai diqqət çəkir. Məlumatlara görə, müəllimlər davamiyyəti zəif olan, dərsi mənimsəməyən və summativ qiymətləndirmələrdə aşağı nəticə göstərən şagirdlərə “2” yazdıqda, bəzi hallarda valideynlər məktəb rəhbərliyinə müraciət edərək qiymətin dəyişdirilməsinə çalışırlar. Eyni zamanda bəzi iddialara əsasən, məktəb rəhbərliklərinin müəllimlərə şagirdlərə “2” yazmamaq barədə tapşırıq verdiyi də bildirilir. Bu isə heç bir şagirdin sinifdə saxlanılmaması məqsədi ilə izah olunur. Sosial şəbəkələrdə yayılan bu iddialar müəllim nüfuzuna dair müzakirələri də gündəmə gətirir.

Ekspert qeyd edib ki, əsas şərt valideynlərin uşaqların məktəbə davamiyyətini təmin etməsidir.

"Digər tərəfdən, müəllim qiymətləndirməsi elə olmalıdır ki, onun müəyyən təsir gücü qalsın və şagirdin məsuliyyətini artırmağa xidmət etsin. Əgər “2” alan şagird heç bir ciddi nəticə ilə üzləşmədən sinfi keçirsə, bu zaman müəllimin təsir imkanları zəifləyir. Fikrimcə, aşağı qiymət alan və davamiyyəti zəif olan şagirdlərin attestat alma imkanları müəyyən qaydalarla məhdudlaşdırıla bilər. Attestat yalnız davamiyyət qaydalarını kobud şəkildə pozan, dərslərdə demək olar ki, iştirak etməyən şagirdlərə verilməyə bilər. Belə olduqda, davamiyyəti sıfıra yaxın olan şagirdlər attestatdan məhrum edilə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az