Oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

"Psixoloqa gedən insana yaxşı baxmırlar"- Müsahibə

Oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

Psixoloq Gülnar Oruc AzNews.az-a Azərbaycanda insanların psixi sağlamlığı, psixoloji mərkəzlərin fəaliyyəti barədə danışıb.

- Hansı halda psixoloqa müraciət olunmalıdır?

- Azərbaycanda psixoloqa gedən insanı yanlış anlayırlar. Düşünürlər ki, psixoloqa gedirsə, hökmən dəli olub. İnsanlarda həddən artıq aqressiya, davamsızlıq kimi hallar müşahidə olunur. Uşaqlarda isə davranış pozuntusu, hiperaktivlik, beynin yaşa görə ləng inkişaf etməsinə rast gəlinir. Bu uşaqları mütləq şəkildə psixoloqa aparmaq lazımdır.

- Psixi durumu çox vaxt dəlilik kimi dəyərləndirirlər. Bu haqda nə deyə bilərsiniz?

- Psixoloqa gedən insana yaxşı baxmırlar. Fikirləşirlər ki, psixoloqa getməkdənsə, dərdimi qonşuya, qohuma danışaram. Ancaq anlamırlar ki, psixoloq mütəxəssisdir. Sizin probleminizə yanaşma tərzi, dərdinizi danışdığınız insanlardan daha fərqli və effektiv olur. Bu gün psixoloqa uşaq gətirən valideyn tapşırır ki, tərbiyə versin. Psixoloq tərbiyə verən deyil, o, pozulmuş davranışı korreksiya edir. Əgər bir valideyn uşağını tərbiyə etmək istəyirsə, ilk olaraq özünü tərbiyə etməlidir. Çünki uşaq ətrafında olan hadisələrdən özünə dərs götürür, özünü cəmiyyətə təqdim edir. Uşaq nə görürsə, onu götürür. Bir sözlə uşağı ailə özü formalaşdırır.

- Azərbaycanda psixoloji mərkəzlər necə fəaliyyət göstərir?

- Bu gün Azərbaycanda kifayət qədər psixologiya mərkəzi var. Bu mərkəzlərdə deməzdim ki, sırf psixoloqlar işləyir. İxtisası filologiya, biologiya olanlar, fizika müəllimləri, hətta arxeoloqların da psixoloq işlədiyini görmüşəm. Mərkəzlərdə işləyən insanların hökmən ixtisasına baxılmalıdır, onların hansı terapiyanı tətbiq etdikləri aydınlaşmalıdı. Bəzən psixoloq işləyir, heç hansı terapiyanı tətbiq etməli olduğunu bilmir. Yəni burada hər hansı bir savaddan söhbət gedə bilməz. Psixoloq işləyirsə, o, ixtisas sahibi olmalıdır.

- Sizə ən çox hansı problemlərə görə müraciətlər olunur?

- Doğumdan sonra xanımlarda bir sıra hallar olur. Bu halı üç qadından biri keçirir. Aqressivliyə görə müraciət edən pasientlərimiz daha çox olur. Tez əsəbləşmək yaxşı bir şey deyil. Hazırda həddən artıq aqressivlik, kin, nifrət kimi duyğular müşahidə olunur. Aqressiya idarə olunması çətin bir duyğudur. Bu duyğu insan müxtəlif formalarda özünü büruə verir. Bəzən aqressiv insan qışqırır, vurur, bəzən döyür, bəzən isə öldürür. Bu aqressiyanı cilovlamağı bacarmalıyıq. Aqressiyanın passiv, aktiv kimi növləri var. Passiv aqressiya odur ki, passiv vəziyyətdədir, amma aqressivdir. Həddən artıq aqressiv olanlar isə aktiv aqressiv insanlar adlanır.

Səidə Nurməmmədli,

AzNews.az