Pullu olmaq hələ zəngin olmaq deyil... Pullu olmaq hələ zəngin olmaq deyil...
  • Yazarlar
  • 18 Oktyabr 2018 16:00
  •  3 985

Biz niyə görməmişik?- Səidə Nurməmmədli yazır

Pullu olmaq hələ zəngin olmaq deyil...

Bu pullu olmaq ki, var çox qəliz məsələdi. Həm də ki, vacib. Bu vaciblik də hər kəsə nəsib olmur.

Kimsə qazana bilirsə, ətrafdakılar onun üzünə gülsə də, özləri bunu bacara bilmədiyi üçün həmin şəxsə xoşagəlməz hisslər, paxıllıq, hətta nifrət hissi də bəsləyirlər.

Pulun yoxluğu da, çoxluğu da müxtəlif ciddi problemlərin yaranmasına səbəb olur.

Hər kəs varlı olmaq istəsə də, pulu arzulamaq, bu haqda danışmaq, pulun çoxdursa, bunu göstərmək cəmiyyət tərəfindən mənfi xüsusiyyət kimi qarşılanır. Pul haqqında çox danışan, pul arzuladığını açıq şəkildə göstərən insanlara "pulgir" deyir, ünvanlarına müxtəlif ifadələr işlədirlər.

Pulu çox olan insanlarasa cəmiyyətdə bir paxıllıq olur, qısqanclıq yaranır. Bunları bilirsiniz. Məqsədimiz “Qobusnamə” yazmaq deyil, əslində.

Zira, bir çoxları zənginliyini başqalarına göstərmək üçün dəridən-qabıqdan çıxır.

Biz özümüzü kimə “göstəririk”?

“Biz” deyincə, ağlınıza başqa şey gəlməsin, ağlamaq da olmasın, söhbət özümüzdən getmir. Bu “biz” ümumi anlayışdır, çox hissəsinə məşhurlar daxildir. Bəzilərinin bahalı kürk sevdası, bəzilərinin maşın kolleksiyası, bəzilərinin göz çıxardan daş-qaşları , bəzilərinin də nələri-nələri...

Bu məşhurların siyahısında öz dəbdəbəli həyatı ilə seçilən azərbaycanlıların sayı da “n” qədərdi. Elə də uzağa getmədən Zəmirə Hacıyevanı misal göstərək. Hansı ki, xərclədiyi milyonlarla dünyanın “ağzını açıq” qoydu. Hətta İngiltərə mətbuatı onun haqda “dünyada bu qədər pul xərcləyən ikinci qadın yoxdur” şərhini verdi.

Azərbaycan şou-biznesinin öndə nümayəndələri də heç də ondan mahiyyətcə, xislətcə geri qalmır. Aydındır, toylara gedirlər, fərz edək, konsertlərdən qazandıqları pullardır. Amma vacibdirmi ki, o qazancı bir günlük geyindin əşyaya verəsən?

Yəni nə anlam verir ki, bu? Belə bir göstəriş kimədir?

"İnstagram" sosial şəbəkəsində bir səhifə var ki, o səhifədə məşhurların geyindiyi geyimlərin markası, qiyməti paylaşılır. Bir çantanın qiymətinə bir mənzil almaq olar. Bu hələ orta götürülən qiymətlərdir. Buna gündəmə gəlmək üçün edilən səydən başqa bir anlam vermək olmur.

Sadəcə bir gün o “zənginliyini” göstərirsən. Sabah isə yerini başqası tutur, başqası sənin “rekordunu” təzələyir.

O qədər ehtiyac içində yaşayan insanlar var. Bu ədabazlığı etməkdənsə həmin ehtiyacı olan adamlara kömək etmək daha anlaşılan, savab olar. Kiməsə yardım etməklə də gündəmə gəlmiş olar. O qədər dünya ulduzları var ki, milyonluq geyimlər geyinirlər, elədikləri yardımlar da göz önündədir.

Hər bir şey dövlət tərəfindən həll ediləməlidir deyə bir anlayış yoxdur. Qazancı çox olan insanlar tərəfindən müəyyən bir fond yaradıla bilər. O fond ki, gəliri çox olan insanların köməyi ilə maliyyələşsin, dediyimiz bu məşhurlar da o çantalarına xərclədikləri məbləğin bir azını bu fonda ayırsın.

Bunu etməklə biz nəinki cəmiyyətin inkişafına az da olsa kömək etmiş olarıq, həm də pulun bizim üzərimizdəki qüvvəsini azaldarıq.

Ancaq biz göstərmək istəyirik, cəmiyyət olaraq görməmişlikdən xilas ola bilmədiyimiz üçün...

Səidə Nurməmmədli,

AzNews.az