Narkomaniyanı dövrümüzün ən böyük bəlasıdır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda 250 milyon insan planetimizin ən qlobal problemlərindən olan, genefonda sarsıdıcı zərbələr vuran, ölümə aparan bu ağır bəlanın əzabını çəkir. Narkomaniyanı dövrümüzün ən böyük bəlasıdır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda 250 milyon insan planetimizin ən qlobal problemlərindən olan, genefonda sarsıdıcı zərbələr vuran, ölümə aparan bu ağır bəlanın əzabını çəkir.

Şagirdlərə konfet kimi dərman verib... - Məktəblərdə təhlükə

Narkomaniyanı dövrümüzün ən böyük bəlasıdır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda 250 milyon insan planetimizin ən qlobal problemlərindən olan, genefonda sarsıdıcı zərbələr vuran, ölümə aparan bu ağır bəlanın əzabını çəkir.

Bu statistikanın 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Bu gün təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə, orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində özlərini ölümə məhkum ediblər. MDB və Asiya ölkələrində 26 milyondan çox insan “ağ ölüm”ün əsirinə çevrilib.

Bəs Azərbaycanda vəziyyət necədir?

Sualları Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva cavablandırıb.

- Leyla xanım, Azərbaycanda narkomanların sayında artım varmı?

- Səhiyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə narkomanların rəsmi sayı 29 min 448 nəfər təşkil edib. 2017-ci ildə bu rəqəm artaraq 30131 nəfərə çatıb. Bu ilin statistikası isə 2018-ci il tamamlandıqdan sonra bilinəcək. 10 il əvvələ, yəni 2007-c ilə nəzər salsaq görərik ki, rəsmi olaraq 20205 nəfər qeydiyyata alınıb. 10 il ərzində narkomanların ümumi sayında 9926 artım müşahidə olunub.

- Bu artımın səbəbləri hansılardır?

- Əsas səbəblərdən biri ölkəmizdə məlumatlandırma, maarifləndirmə işinin pərakəndə aparılmasıdır. Hazırda Narkotiklərə qarşı Milli Təbliğat Ofisi olaraq çalışırıq ki, vahid konsepsiya yaransın, proses bir mərkəzdən idarə olunsun. Bura QHT-lər, dövlət təşkilatları, jurnalistlər, psixoloqlar cəlb olunsun, əl-ələ verərək birlikdə bu bəlaya qarşı mübarizə aparaq. Amma bir kəs öz bildiyi tərzdə maarifləndirmə, təbliğat xarakterli tədbirlər həyata keçirdiyinə görə ildən-ilə artım müşahidə olunur.

- Ölkədə qeydiyyatda olan nə qədər qadın narkoman var?

- Dediyim kimi, son rəsmi məlumata görə, ölkəmizdə rəsmi qeydiyyatda 30131 nəfər narkoman şəxs var. Onlardan Respublika Narkoloji Dispanserdə qeydiyyata özləri könüllü gəlib düşən 25139 nəfərdir. Profilaktik qeydiyyatda olanların sayı 4992, anonimlərin sayı isə 1031 nəfər təşkil edir.

Narkotik istifadəçisi olan qadınların ümumi sayı 592 nəfər olsa da, rəsmi statistikaya düşənlərin sayı 450 nəfərdir. 145 nəfəri isə profilaktik qeydiyyatdadır.

- Hər narkotik istifadəçisinə narkoman demək olarmı?

- Xeyr. Bir insan iki ildən çox müddətdə, mütəmadi olaraq, gündəlik və qısa aralarla narkotikdən istifadə edirsə, asılı vəziyyətə düşübsə ona narkoman demək olar. Düzdü, xarici ölkələrdə narkomana cinayətkar kimi yox, xəstə kimi baxılır, amma bizim qanunvericiliyimiz fərqlidir. Biz də çalışırıq ki, narkomana xəstə kimi yanaşaq. Misal üçün, şəkərli diabet xəstələri var ki, onlar müəyyən dərmanlar qəbul etmədən yaşaya bilmirlər. Narkomanlara da xəstə kimi yanaşmaq lazımdır, bu dərmanı qəbul etməsələr yaşaya bilməzlər.

- Yəqin narkotik istifadəçilərinə cinayətkar kimi baxılmasının səbəbi törədilən cinayət hadisələrində onların iştirak sayının çox olmasıdır...

- Sizinlə razıyam. Kimsə müxtəlif bihuşedici maddə qəbul edib, cinayət törədirsə, o, cinayətkar sayılmalıdır, amma heç kimə zərər verməyən adamı cinayətkar adlandıra bilmərik.

- Ölkəmizdə narkotik istifadəçilərin hansı yaş qrupu çoxluq təşkil edir?

- Ölkədə yeniyetmə yaşına çatmamış 5 nəfər rəsmi qeydiyyata alınıb, onlardan profilaktik qeydiyyatda olan 4 nəfərdir. Ən çox rast gəlinən yaş həddi isə 35-39 arasıdır ki, bu, 4657 nəfər təşkil edir. 18-25 yaş arası insanlar 1566 nəfər , 25-29 yaş aralığı isə 4228 nəfərdir.

- Narkotiklərin Azərbaycanda ən çox yayılan və istifadə edilən növü hansıdır? Son zamanlar sintetik tərkibli narkotiklərdən də istifadə olunur.

- Sintetik tərkibli maddələr ölkəmizdə geniş yayılmayıb. Onları ən çox Amerikada internet vasitəsi ilə sifariş verirlər. Sintetik tərkibli maddələri ölkəmizə də gətirməyə cəhd edirlər. Müxtəlif dövlət qurumları tərəfindən bunun qarşısı alınır.

Narkotikanın ölkəmizdə ən çox yayılan növü marixuanadır. Həm yüngül tərkiblidir, həm də qiyməti uyğundur. Sonra tiryək, heroin, həşiş gəlir.

- Narkotiklərin satış və daşınması zamanı gənclərdən də istifadə olunur. Onlar bu tələyə necə düşürlər?

- Bu tələyə daha çox asan yolla, yüksək məbləğdə pul qazanmaq istəyən adamlar, yüngül həyat tərzi sürən qadınlar düşür. 100-də 95-i özü istəyərək bunu edir, 5 faizinin isə həqiqətən məsələdən məlumatı olmur. Narkotik alverçiləri ondan özləri istifadə etmirlər, amma birindən digərinə çatdırır və ya ətraflarına həmin tip insanları cəlb edib yoluxdurular ki, daimi alıcı olsun. Ağlı başında olan, halal yolla pul qazanmaq istəyən adam bu yola üz tutmur.

Bir məsələni də qeyd edim: narkotikə meyillənən insanların çoxu ailədə heç vaxt sevgi, qayğı görməyən, problemli ailədə yaşayan insanlardır. Depressiyaya düşən, sevgi, diqqət görməyən, ən çox da yeniyetmə yaşının özünü sübut etmə dövrünü keçirən gənclər ya özləri narkomana çevrilir, ya da daşıyıcı olurlar.

- Narkomanlar içərisində intihara meyilli insan daha çoxdur, xüsusən də məhkumların özünü öldürməsinin şahidi oluruq.

- Biz mütəmadi olaraq qadın koloniyalarında narkoman qadınlarla görüşürük. Onlar həyata bağlanmaları üçün səbəb tapa bilmirlər. Düşünürlər ki, burdan çıxandan sonra nə cəmiyyətə, nə də ailəyə və yaxınlarına lazım olacaqlar.

Gələcəkdə Azərbaycanda da proqramlar tətbiq olunacaq ki, məhbəsdən çıxan qadınlar, əsasən də narkomanlar üçün xüsusi şərait yaradılsın. Tam sağaldıqdan sonra onlara şans verilsin. Ən böyük problem odur ki, belə qadınlar cəmiyyətə inteqrasiya oluna bilmirlər.

Xarici ölkələrin təcrübəsində belələri mütləq müəyyən müalicədən sonra reabilitasiya dövrü keçirlər. Dərnəklər, idman mərkəzləri, xüsusi klublar var ki, kimin marağındadırsa ora gedib-gəlir, cəmiyyətə daha asan inteqrasiya olunurlar. Bizdə qanunvericilik belədir ki, narkoman mərkəzdə müalicə aldıqdan sonra birbaşa cəmiyyətə qayıdır. Halbuki ayrıca reabilitasiya dövrü keçmək vacibdir.

- Çox vaxt valideynlər övladlarının narkotik maddələrdən istifadəsindən xəbərsiz olurlar. Onlar belə hallardan nə zaman şübhələnməlidirlər?

- Valideyn görürsə ki, övladı əvvəllər oturub normal danışdığı halda, indi üz- üzə gəlmək istəmir, göz kontaktından qaçır, bu, ilk əlamətlərdir. Bu uşaqların həyatı gündüz yox, gecə başlayır, gün ərzində yorğun görünürlər, işıqlı yeri sevmirlər, insan çox olan yerdən qaçır, gecə klublarına meyillənirlər, otaqda tək qalmağa üstünlük verirlər.

Mütəmadi istifadəçidirlərsə, dodaqlarının kənarları get-gedə əyilməyə başlayır. Saçları çox sürətlə tökülür, çəki verməyə başlayır, gözləri hər zaman axıcı görünür, iştahaları isə həddindən artıq çox olur. Bəzən davranışlarına nəzarət edə bilmirlər.

Film izləyərkən, komediya janrında olan filmə belə baxıb ağlaya, yaxud qəmli filmə baxıb səbəbsiz gülürlər. Bunlar narkotikdən istifadənin əlamətidir.

- Bəs tövsiyələriniz nədir?

- Valideynlərə tövsiyə edirik ki, uşağınızla dost olun, çalışın ayda bir dəfə ehtiyatla çantasını yoxlayın. Çox təəssüf ki, indi valideynlər çox aqressivləşib, çünki xoşagəlməz nəsə taparsa övladına hücum çəkir, bu isə başqa bir fəsada səbəb olur.

- Bəzən valideynlər “qonum-qonşu nə deyər” qorxusuyla vəziyyəti gizlədirlər...

- Valideynlər var, xahiş edirik, heç olmasa övladları ayda bir dəfə dərmanları qəbul etsin. Onlar övladlarının göz görə-görə ölümünə razıdırlar, ancaq “onu gətirə bilmərəm, camaat məni qınayar” deyirlər. İnanın, arzu edirlər ki, belə övlad ölsün, canları qurtarsın. Hərçənd balasının arxasında dayanan analar da var.

- Narkomanlıqdan müalicə necə aparılır? Tamamilə xəstəlikdən qurtulmaq olarmı?

- Adam 3-5 ildən çox istifadə edirsə, fiziki və psixoloji asılılıq varsa, müalicə mümkün deyil. Bəzən insan öz iradəsi ilə bunun öhdəsindən gələ bilər. Tam olaraq sağalanlar yeni başlayanlar, iki ilə qədər yüngül növündən istifadə edənlərdir. Əgər bir insan inyeksiya vasitəsilə narkotik maddəni qəbul edirsə və istifadə müddəti 5 ili keçibsə, sağala bilməz. Müalicə ilə miqdarını azalda, yüngül növündən istifadə edə bilər.

Dispanserdə verilən dərmanlar narkotikin əvəzləyicisidir. Dünyanın hər yerində müalicə üçün gələnlərə narkotikin bənzər növündən az-az miqdarda verməyə çalışır və beləliklə istifadə həcmini azaldırlar. Narkotik istifadəçilərinin ölümünə səbəbi artıq dozadan istifadədir.

- Məktəblərdə maarifləndirici tədbirlər necə aparılır? Çünki bu barədə ən çox yeniyetmələr məlumatlı olmalıdırlar.

- Şəhərin mərkəzində bəzi məktəblər var ki, narkotik alverçiləri onların ətrafını hədəf alırlar. Çünki belə məktəblərdə maddi durumu yaxşı olan uşaqlar oxuyur.

Şagirdlərə konfet şəklində dərmanlar verir, onlar bu şəkildə narkotikə alışdırırlar. Biz Təhsil Nazirliyinə müraciət eləmişik, ümidlə cavab gözləyirik ki, narkotik haqqında məlumatlar məktəblərdə tədris olunsun. Düşünürük ki, bu, çox böyük effekt verəcək. (teleqraf.com)

© AzNews.az