Hər evdə pis vərdişlərə valideynlər yol açır Hər evdə pis vərdişlərə valideynlər yol açır
  • Toplum
  • 19 Oktyabr 2018 13:58
  •  2 759

Psixi xəstələr artır...

Hər evdə pis vərdişlərə valideynlər yol açır

Uşaqlar beyinlərini lazımsız informasiyalarla yükləyir, sonra da psixoloji gərginlik başlayır.

Həyat dəyişib, həyat tərzimiz də. Bu dəyişikliyə müxtəlif səbəbləri bəhanə və ya misal çəkmək olar. Eyni zamanda yaşam tərzimizdə olan dəyişikliyin psixoloji amilləri də diqqətdən qaçmır. İnsanların sosiallaşması, informasiya bolluğu, internet və digər sosial vasitələrdən istifadənin xeyirli tərəfləri olduğu kimi ziyanları da olmamış deyil. Xüsusilə psixoloji xəstəliklərin çoxalması sosial həyatımız və sosial media ilə də əlaqələndirilir. Elə bu səbəbdəndir ki, Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayı artıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəylinin mətbuata açıqlaması bu mövzunu yenidən gündəmə gətirdi. Onnu sözlərinə görə, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir. Statistik məlumatlara əsasən, 2017-ci ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 100.806 nəfər olub. Bu say 2016-cı ildə 96.848 nəfər, 2015-ci ildə 96.079 nəfər olub.
Ölkədə əhalinin hər 100.000 nəfərinə düşən psixi xəstələrin sayı 2017-ci ildə 1.030,9 nəfər, 2016-cı ildə 999,5 nəfər, 2015-ci ildə 1.002,3 nəfər olub.

Ölkədə ilk dəfə qoyulmuş psixi pozuntu və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin də sayı çoxalıb. 2017-ci ildə 10 281 nəfər, 2016-cı ildə 10 058 , 2015-ci ildə 7 764 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub. Psixi pozuntular və davranış pozuntuları uşaqlar arasında da artıb. 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.

Psixoloq Fərqanə Mehmanqızı son illər uşaqlarda psixoloji pozuntuların çoxalmasının səbəbini valideynlərin uşaqların beynini öz lazımsız informasiyaları ilə yükləmələlərində görür. O, "Şərq"ə açıqlamasında bildirib ki, informasiya bolluğu həm uşaqlara, həm də böyüklərə çox mənfi təsir edir. Bunun müxtəlif səbəbləri var.

Qısa müddət ərzində insan beyni müxtəlif məzmunlu məlumatlar alır, bu, beyni yükləməyə gətirib çıxarır. Nəzərə alaq ki, uşaqların beyni informasiya almaq üçün daha həssasdır. Bu da onların psixoloji durumlarına təsirsiz ötüşmür. Mərkəzimizin apardığı müşahidələr əsasında deyə bilərik, bu gün hər hansı uşaqda psixoloji problem varsa, bu o deməkdir ki, ailədə valideynlərin münasibətlərində problemlər var. Valideyndə problem olduğuna görə uşaqda çox zaman gərginliklər baş qaldırır. Bəzən biz valideynlər istəmədən belə müxtəlif yollarla problemlərimizi uşaqlara ötürə bilirik. Uşaq kiçik yaşlarında şiddətin, fiziki təzyiqin nə olduğunu dərk etmir. Ailədə uşaq böyüdükcə onun həyata münasibəti də elə kiçik yaşlarından formalaşmağa başlayır. Valideynlər arasında gərginlik varsa, uşaq kiçik yaşlarından evdə ananın döyüldüyünün şahidi olursa, digər fiziki təzyiqləri görüb və ya buna məruz qalırsa, təbii ki, bu, uşaq psixologiyasına təsir edir. Eyni zamanda görmədiyimiz halda psixoloji travmalara səbəb olur. Belə travmalar da şəxsiyyətin formalaşmasına maneə yaradır. Nəzərə alsaq ki, bu gün yaşamaq üçün hamı mübarizə aparır, sosial həyatımızda baş verən sosial çətinliklər gündəlik həyatımıza da təsir göstərir, gün ərzində yığdığımız aqressiyaları bəzən bilərəkdən, ya bilməyərəkdən evə gətirib çıxarırıq. Bu da birmənalı şəkildə uşaqlara yansıyır. Çox zaman adi gördüyümüz məişət problemləri ilə ailədə yaranan söz-söhbətlər sonradan uşağın gələcəkdə həyata baxışına psixoloji məqamlarla təsir edir".

F.Mehmanqızı həmçinin onu da qeyd edib ki, bəzən valideynlər aşırı diqqətlə uşaqların həyatına müdaxiləni səhv salırlar:

"Təbii ki, uşaqlar diqqəti sevir və onlara qarşı diqqətli olmağımız üzərimizə düşən ən böyük məsuliyyətlərdən biridir. Aşırı diqqət, lazımsız məhdudiyyətlər, valideyn nəzarətinin çox olması uşaqların özlərini tapmasında, dünya görüşlərinin formalaşmasında, ətrafdakılarla münasibətinə mənfi təsir göstərir. Valideynlər bir məqamı diqqətdən qaçırırlar ki, uşaqlara diqqqət deyiləndə, bu təkcə məhdudiyyət və qadağalarla tənzimlənə bilməz.

Uşaqlara imkan yaratmaq lazımdır ki, onlar fikirlərini azad şəkildə dilə gətirə bilsinlər, baş verən hadisələrə münasibət bildirərkən çəkinməsinlər. Azərbaycan ailələrinin əksəriyyətində "olmaz" sözündən daha çox istifadə olunur ki, bu da psixoloji gərginliklərə gətirib çıxarır. Hər bir insan səhv edə bilir, uşaqların da səhvləri olur. Biz imkan vermirik ki, onlar səhvlər üzərində düzləri tapa bilsinlər. Səhvlərindən nəticə çıxarmaq üçün onlarla həmsöhbət olmağı belə bacarmırıq. Bəzən də diqqətsizlik problemlər üçün səbəb ola bilir. Valideyn uşağa diqqətsizlik göstərir ki, bu da uşaqların pis vərdişlərə aludə olmasına şərait yaradır. Valideynlər ortaq balansı tutmağa çətinlik çəkirlər. Halbuki diqqətin və diqqətsizliyin normadan çox olub-olmaması da vacib olan məqamlardandır".

Sosial həyatın körpələrimizin də yaşam tərzinə daxil olduğunu bildirən F.Mehmanqızının fikrincə, problemin bir hissəsini də burda axtarmaq lazımdır:

"Deyək ki, uşaq ağlayır, ana özünü yormamaq üçün kiçikyaşlı körpəyə mobil telefon verir ki, onunla oynasın. Bu artıq psixoloji gərginlik üçün yetərli səbəbdir. Elə bu səbəbdən də uşaqlar sosial mediaya, digər şəbəkələrə, oyunlara daxil olur və pis vərdişlərə aludəçilik yaranır. Mərkəzimizdə müxtəlif xarakterli uşaq və ailə problemləri ilə üzləşirik. Təcrübələrimizdən və müşahidələrimizdən belə nəticəyə gəlirik ki, bəzən valideynlər sosial mediada uşaqlarının problemlərini müzakirə edərkən sanki haqlı olduqlarını göstərməyə daha çox meyilli olurlar. Səhvləri görmək əvəzinə, hər kəs tərbiyə üsulunu bəyəndirməyə çalışır. Belə olan halda da qrup şəklində olan müzakirələrdə uşaqlar unudulur, sonda valideynlər arasında liderlik və haqlı olmağı sübut etmək kimi iddialar üstünlük təşkil edir. Yəni hər valideyn çalışır ki, öz tərbiyə metodunu daha düzgün hesab etsin. Elə problem də burdan başlayır. Bu, dəhşətdir. Bir neçə ildən sonra bu kimi amillərin daha böyük fəsadlar yaratması üçün zəmin yaranır. Bu isə narahatlıq üçün səbəbdir. Hər bir valideyn övladının gələcəyini düşündüyü qədər, onun psixoloji durumunu da nəzarətdə saxlamağa məcburdur".

© AzNews.az