"Mətbuat Şurasının "reket jurnalistlər" siyahısında adı olan bu şəxsin başqasını ittiham etməyə sadəcə mənəvi haqqı yoxdur". "Mətbuat Şurasının "reket jurnalistlər" siyahısında adı olan bu şəxsin başqasını ittiham etməyə sadəcə mənəvi haqqı yoxdur".

Bəhruz Quliyev: “Media Klubu"nu reketlər müdafiə edir”

"Mətbuat Şurasının "reket jurnalistlər" siyahısında adı olan bu şəxsin başqasını ittiham etməyə sadəcə mənəvi haqqı yoxdur".

“İlk öncə demək istərdim ki, mən bu kimi cılız və səviyyəsiz şəxslərin ucuz düşüncə tərzlərinə enməyi doğru addım hesab etmirəm. Ona görə də, bir daha fikirlərini konkret faktlara əsaslanaraq bildirmək istərdim”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev ötən gün adıçəkilən qəzetdə “Qrant missionerlərinin “dövlət sevgisi” haradan qaynaqlanır?” başlıqlı məqaləsinə “Media Klubu” və reket dəstəkçiləri tərəfindən göstərilən reaksiya ilə bağlı açıqlamasında deyib.

Baş redaktorun sözlərinə görə, o, öz məqaləsində “Media Klubu”nun işini, xüsusilə Arif Əliyev, Elçin Şıxlı və Qulu Məhərrəmlini tənqid edib və onların keçmişlərinə nəzər salaraq, çox kiçik və səthi portretlərini ictimailəşdirib: “Mən, hələ ki, onların reketçilik fəaliyyətləri və ondan doğan hadisələr ətrafında cüzi fikirlərimi bildirmişəm və əvvəllər törətdikləri və jurnalistika adına ləkə vuran digər böyük faktlarına toxunmamışam. Yəni, elə də uzaq olmayan keçmişlərinə ekskurs edərək, barələrində olan həqiqətləri oxucu rəyinin diqqətinə səthi şəkildə çatdırmışam. Hətta mən daha böyük faktları ictimailəşdirsəydim, onlar və onları müdafiə edən elmdarkimilər daha böyük portretlərini görə bilərdilər”.

“Göründüyü kimi, mən yazının başlığında onların vətən sevgilərinin haradan qaynaqlanması barədə sual etmişəm və faktiki olaraq, qarşı tərəf doğru-dürüst cavab da verə bilməyib”, deyən Bəhruz Quliyev əlavə edib ki, “Media Klubu”nun reket nümayəndələri onun faktlarına qarşı ciddi arqument qoymağı bacarmayıblar: “Yəni onların reketçilik fəaliyyətlərini və həmin fəaliyyətləri çərçivəsində müxtəlif donor təşkilatlarını, xüsusilə Soros fondunu maliyyələşdikləri mənbə olaraq göstərsəm də, konkret arqument ortaya qoya bilməyiblər. Əksinə, həmin adamların nə qədər reketçiliyə, pul, maliyyə müqabilində həqiqətləri gizlədərək şər-böhtan atmağa, hətta təhqir etməyə bağlı olmaları elə göstərdikləri reaksiya müqabilində təsdiqini tapmış oldu. Bu simptomlar onlarda uzun illərdir ki, mövcuddur. Diqqət yetirsək görərik ki, sözügedən məqaləmə qarşı bir dənə də olsun ciddi jurnalist və ciddi mətbuat orqanı bənzər reaksiyanı göstərmədi. Çünki özünə hörmət edən jurnalist və media qurumu heç vaxt reallığa kölgə salmağa cəhd etməz. Amma biz nə gördük? Təhqir, yalan və böhtan!”

“Ümumiyyətlə, onların ölkə mətbuatımızın adına vurduqları zərbələri, ləkələri illərə söykənir və mən də öz yazımda vurğulamışam ki, onların hər biri ayrı-ayrılıqda müxtəlif xarici fondlar, beynəlxalq təşkilatlar tərəfindən, Azərbaycan dövlətinin əleyhinə işləyən təşkilatlar tərəfindən idarə edilərək, sifarişləri xüsusi canfəşanlıqla yerinə yetiriblər”, deyən baş redaktorun dediyinə görə, bütün bunlara əlbəttə ki, missioner adını vermək olar. Daha doğrusu, bu gün “Media Klubu” deyilən reketirlər yığnağında anti-Azərbaycan xarakterli xarici qüvvələrin emissarları yer alırlar: “Mən də bunu bütün halları və dəlilləri ilə sübut etmişəm. Sübut etmişəm ki, aldıqları müxtəlif adlarda qrantları silməklə məşğul olublar. Hərəsi bir dırnaqrarası jurnalist təşkilatı yaradaraq, bu mötəbər adı sözün əsl mənasında batırmağa cəhdlər göstərərək, jurnalist cameəsinə deyil, öz ciblərinə xidmət göstəriblər və ümumiyyətlə, jurnalistikanın təəssübünü çəkməyiblər. Bu baxımdan, əgər onların da bu faktlara qarşı inkar faktları varsa, buyursunlar ictimaiyyətə təqdim etsinlər”.

Bəhruz Quliyev həmçinin bildirib ki, onların iflasa uğramış və ifşa olunmuş “siyasətləri” heç də “Prezidenti sevmək”, “medianın azad olmasını istəmək” mənasını daşımır: “Çünki faktiki olaraq media, söz və ifadə azadlığı mövcuddur və əgər belə olmasa idi, onlar hətta öz yanlış düşüncələrini media vasitəsi ilə ictimailəşdirməzdilər. Yəni, onların bütün iddiaları yalnız və yalnız absurdluq üzərində qurulmuş nağıllar aləmidir. Bir daha sual edirəm ki, siz necə dövləti, vətəni sevirsiniz ki, onun əleyhinə fəaliyyət göstərən istənilən təşkilatlarla iş birliyinə gedirsiniz? Nəyə görə bu sualın cavabını vermirsiniz və bunun yerinə saxta, əsassız, eləcə də bilavasitə şəxsə yönəlmiş yalan-böhtanlarınızı yaymağa cəhd göstərirsiniz?”

“Artıq adları və fəaliyyətləri ilə məşhur reket adlarını qazanmış insanların da bunların müdafiəsinə qalxması həqiqi mənada aşkar simalarını bütün çılpaqlığı ilə ortaya qoymuş olur”, deyən “SƏS” qəzetinin baş redaktoru əlavə edib: “İndi görün bunlar nə gündədirlər ki, özləri belə, özlərini müdafiə edə bilmirlər və bu funksiyanı reket dostlarına həvalə edirlər. Bu isə, həqiqətən də onların “Media Klubu”nun reket yığnağı olduğunu təsdiqləyir. Elmdar Əliyevin gətirdiyi “faktlar” əsassız, şantajçı və qeyri-ciddidir. Çünki faktı inkar etmək üçün təhqir etmək çıxış yolu deyil, çıxış yolu fakta qarşı ciddi fakt qoymaqdır. Əgər bütün bunlar təhqirlə, mənim şərəf və ləyaqətimə qarşı tərbiyəsiz davranışları ilə əvəzlənəcəksə, əlbəttə ki, elmarkimilər qanunlarımıza uyğun olaraq Məhkəmə qarşısında cavab verəcəklər”.

Baş redaktor sonda Elmidar Əliyev haqqında onu da bildirib ki, Mətbuat Şurasının "reket jurnalistlər" siyahısında adı olan bu şəxsin başqasını ittiham etməyə sadəcə mənəvi haqqı yoxdur: "Elmidarın özünü mətbuat nümayəndəsi kimi təqdim etməsi absurddur. Ona görə də mən onun barəsində bir söz deməyi düzgün hesab etmirəm. Onun reketçilik əməllərindən bütün mətbuat xəbərdardır".

AzNews.az