QHT rəhbəri Nebraskanın fəxri vətəndaşı oldu QHT rəhbəri Nebraskanın fəxri vətəndaşı oldu

Günel Səfərova: “Vətəndaş cəmiyyəti nə qədər güclü olsa...”

QHT rəhbəri Nebraskanın fəxri vətəndaşı oldu

“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bu günlərdə ABŞ-da səfərdə olub. İcraçı direktor AzNews.az-a müsahibəsində səfəri haqqında danışıb, Azərbaycanda vətəndaş cəmiyyətinin güclü olacağına inandığını deyib.

- Günel xanım, ABŞ səfəriniz nə ilə bağlı idi? Səfər çərçivəsində hansı tədbirlərdə iştirak etdiniz?

- “Open World” proqramı var, uzun müddətdir həyata keçirilir. Burada əsas məqsəd bir ölkənin, yəni bu ancaq Azərbaycan üçün deyil, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrin nümayəndələri Amerikaya səfər edirlər. Budəfəki mövzu “Qadın siyasətdə və ictimai sektorda” idi. Məni də siyasətçi olduğum üçün dəvət etmişdilər və sevə-sevə qatıldım. İki gün Vaşinqtonda olduq, görüş rəsmi xarakter daşıyırdı. Amma Nebraskada olanda həm mədəniyyətləri öyrəndik, həm də görüşlər keçirdik. Vaşinqtonda olarkən daha çox görüşümüz “Açıq Dünya” proqramının heyəti ilə oldu. Orada vaxtilə Azərbaycanda fəaliyyət göstərən fondlar da var idi. Azərbaycandan bizim istiqamətdə 6 qadın iştirak edirdi. Səfərdə biz, xüsusilə Nebraskada QHT-lər üçün nəzərdə tutulmuş böyük bir resurs mərkəzinə getdik. Orada QHT-nin özlərinə ofis götürmək ixtiyarları var, istəsələr, tədbir keçirirlər və bu ofisləri istədikləri zaman müddətində istifadə edı bilirlər. Maraqlıdır ki, bizim fond anlayışımızla onların fond anlayışı fərqlidir. Məsələn, onlarda icma fondları anlayışı var və bu icma fondu həmin ərazidə yaşayan imkanlı şəxslər və yaxud biznes sektorundakı insanlar tərəfindən maliyyəlşdirilir. Həmçinin bizim senatorlarla da görüşümüz oldu. Senatorlarla görüşdə Azərbaycanın hazırkı vəziyyətindən də danışdıq. Jurnalistika fakültəsində də görüşlərimiz oldu. Onların İctimai televiziyalarına getdik.

- Oradakı QHT-lə Azərbaycan QHT-nin fəaliyyətlərini necə müqayisə edərdiniz?

- Ümumiyyətlə, Amerikada QHT yaratmaq su içmək kimi bir şeydir, çox asan prosedurdur. Orada adətən QHT fəaliyyəti ilə yaşlı insanlar məşğul olurlar. Gənclər də fəaldır, amma adətən yaşlı insanlar, hansı ki, onlar özləri fəaliyyət göstəriblər və istəyirlər, könüllü fəaliyyət göstərsinlər. Onların hər sahədən fəaliyyətləri var. Məsələn, biz orada çox maraqlı bir yerdə olmuşduq. Həmin yer küçədə yaşayan insanların qidalandığı və qaldıqları mərkəz idi. Mən ümid edirəm ki, Azərbaycanda da belə bir mərkəz olar. Onların gənclərlə bağlı layihələri də çoxdur. Ümumiyyətlə fərq ondadır ki, məsələn bir fondun maliyyəsi 380milyon dollardır. İndi bizim QHT-lə müqayisə etsək təbii ki, uyğunsuz olar.

Amma onu da qeyd edim ki, QHT-nın yalnız dövlət büdcəsindən asılı olması da düzgün deyil, bu büdcənin zəifləməsinə gətirib çıxarar.

- Səfərdə Nebraskanın fəxri vətəndaşlığını hansı fəaliyyətinizlə bağlı aldınız?

- Bu, hüquqi vətəndaşlıq deyil. Sadəcə bu bizə Nebraskanın rəhbərliyi tərəfindən çox yaxşı bir jest oldu. Bizim Azərbaycandan qonaq getməyimiz səbəbi ilə və iştirakımızla bağlı fəxri vətəndaşlıq verildi. Bu, müəyyən hüquqlar verir, bizneslə məşğul olmaq və s. kimi. Amma mən azərbaycanlı olmaqla daha çox fəxr edirəm.

- Sosial şəbəkədə maraqlı təkliflər irəli sürürsünüz. Bu təklifləri QHT olaraq parlamentə yönləndirirsinizmi?

- Bəli, bu təklifləri müvafiq, aidiyyəti qurumlara göndərirəm. Bəzən nəzərə alınır, bəzən alınmır. Baxır, hansı dərəcədə nəzərə alınır. Ümumiyyətlə, elə qurumlar var ki, onlar təkliflərə açıq deyil.

Mən ümid edirəm ki, Azərbaycanda da nə vaxta vətəndaş cəmiyyəti işlərində yüksək irəliləyişlər olacaq. Vətəndaş cəmiyyəti nə qədər güclü olsa, dövlət də o qədər güclü olar.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description