"Ziyarətçilərin sayı ildən ilə artır". "Ziyarətçilərin sayı ildən ilə artır".

Şirin Məlikova: Xalça Muzeyinin fondunda 10 mindən artıq eksponat qorunub saxlanılır

"Ziyarətçilərin sayı ildən ilə artır".

Sərgilər, beynəlxalq simpoziumlar və konfransların keçirildiyi Azərbaycan Xalça Muzeyi son illərdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. 50 il ərzində çoxsaylı uğurlara imza atan muzey hazırda əlaqədar beynəlxalq qurumların fəal iştirakçısıdır. Bakının müasir görünüşünə bəzək verən Azərbaycan Xalça Muzeyinin binası yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova rəhbəri olduğu qurumda tətbiq olunan yeniliklər, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək planlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Əvvəlcə son dövrlər muzeydə tətbiq olunan yeniliklərlə bağlı məlumat verərdiniz?

- 2016-cı ildən Xalça Muzeyində muzey kolleksiyalarının toplanması üzrə yeni strategiya hazırlanıb. Həmin strategiya çərçivəsində muzey tərəfindən 100-dən artıq yeni eksponat əldə edilib. Bura xalça, milli geyim, bəzək əşyaları, batik və tikmə nümunələri, arxeoloji materiallar daxildir. 2017-ci ildə ilk dəfə olaraq Azərbaycan Xalça Muzeyi Avstriya hərrac evindən XVII əsrə aid nadir Şirvan xalçasını alıb. Sözsüz ki, biz muzeyin köhnə ənənəsini davam etdirərək xalçaçılıq, tekstil və tətbiqi sənət üzrə beynəlxalq elmi forumlara ev sahibliyi edirik. Belə ki, bu payız muzeydə iki belə tədbirin – Beynəlxalq Muzeylər Şurasının (İCOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı və “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçirilib. Sonuncu tədbirə 22 ölkədən 80-dən artıq qonaq qatılıb. Bütün bunlarla yanaşı, Azərbaycan Xalça Muzeyi müxtəlif sərgilərin keçirildiyi bir məkana çevrilib. Məsələn, bu il muzeydə “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi, “Reinkarnasiya” layihəsi çərçivəsində Elşən Sərxanoğlu və Eldar Babazadənin sərgiləri, “Əjdahalı”, “Naxçıvan”, “Hacıqayıb”, “Sırt-çiçi”, “Xilə-buta” xalçalarının təqdimat mərasimləri və bir sıra digər vernisajlar keçirilib. Biz bir sıra xarici muzey və təşkilatlarla sıx əlaqələr qurur, (Məsələn, Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Türk və İslam Sənəti Muzeyi ) birgə layihələr keçirir, sərgi mübadiləsi aparırıq. Yeri gəlmişkən, hazırda Moskva şəhərində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və muzeyimizin birgə təşkil etdikləri “Yeddi gözəl” sərgisi açılıb. Layihələrimiz haqqında yerli və xarici KİV-lər tərəfindən məqalə və reportajlar hazırlanır. Biz kolleksiyalarımıza həsr edilmiş kitablar, buklet və açıqcalar nəşr edirik. Bu sırada muzeyin Şuşa filialına, tikmə kolleksiyası və Lətif Kərimovun muzeydə qorunub saxlanılan irsinə həsr olunmuş kitabların adını çəkmək olar. Hazırda isə muzeyimizin yarım əsrlik fəaliyyətinə həsr edilən kitab üzərində iş gedir. Azərbaycan Xalça Muzeyini təmsil edərək, mütəmadi olaraq dünyanın aparıcı tekstil muzeylərində mühazirələr keçirir, konfranslarda çıxış edirəm. Mənim təşəbbüsümlə muzeyimizdə könüllülər proqramı işlənmiş və bu proqramın köməyi ilə biz gənc, perspektivli kadrları kəşf edirik. Bununla yanaşı, tekstilin bərpası və konservasiyası üzrə yerli mütəxəssislər üçün nəzərdə tutulan və əcnəbi ekspertlər tərəfindən həyata keçirilən ustad dərsləri layihəsi işə salınıb.

Mən muzeyin ən əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi yerli əhali ilə işi hesab edirəm. Bu səbəbdən də “Uşaq Muzeyi” şöbəsinin fəaliyyətini daha da genişləndiririk. İstirahət günləri muzeydə “Art-şənbə” keçirilir. “Art-şənbə” çərçivəsində ekskursiya, oyun və uşaqlar üçün ustad dərsləri, kvestlər (komanda yarışları) təşkil olunur. Kvestlərin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanır. Sənətsevərlər və eyni zamanda bu sahədə çalışan və təhsil alan insanlar üçün dekorativ-tətbiqi sənət və etnoqrafiya üzrə, "Bir eksponatın tarixi" layihəsi çərçivəsində xalça muzeyinin eksponatlarına həsr olunmuş mühazirələr dinlənilir.

- Xalça muzeyinə daha çox ziyarətçi cəlb etmək üçün hansı addımlar atılır?

-Biz daim həm eksponatların qorunub saxlanılması və sərgilənməsi, həm də ziyarətçilərlə iş sahəsində səviyyəmizi davamlı surətdə artırmağa çalışırıq. Gördüyümüz işlər, o cümlədən rəsmi səviyyədə də öz bəhrəsini verir. Belə ki, ötən il muzeyimiz digər 40 dünya muzeyi ilə birgə “Avropanın ən yaxşı muzeyi – 2018” mükafatı nominantları sırasına daxil olub. Burada biz muzey sahəsində ictimaiyyətlə işdə innovasiyaların tətbiqinə görə sertifikata layiq görüldük. Bu çox xoş haldır, çünki muzeylərin hazırkı başlıca məqsədi ictimaiyyətlə işdir. Niyyətimiz əhalinin müxtəlif təbəqələrini muzeyə yalnız ziyarətçi kimi deyil, həmçinin burada görülən işlərin iştirakçısı olmağa cəlb etməkdir. Eyni zamanda, bu ilin əvvəlində bizim muzey Beynəlxalq Muzeylər Şurasının (İCOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CİDOC) tərəfindən qeyri-maddi mədəni irsin məlumat bazası sahəsində “Ən yaxşı təcrübə” mükafatına layiq görülüb.

-Ümumilikdə burada saxlanılan eksponat və xalçaların sayı nə qədərdir?

“Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, tikmə, geyim”, “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat qorunub saxlanılır. Burada tunc, antik, erkən orta əsrlərə aid eksponatlar yer alır. Kolleksiyanın böyük hissəsi isə XVIII-XXI əsrlərə aiddir.

- Muzeydə insanların ən çox marağını cəlb edən eksponat hansıdır?

-Tamaşaçılar arasında populyarlıq qazanmış hər hansı bir eksponatı seçmək mümkün deyil. Qeyd edim ki, muzeydə çox sayda müxtəlif eksponatlar saxlanılır və onlar arasında qədimliyi və mənşəyi ilə diqqətçəkən kifayət qədər nadir məmulatlar var. İkinci növbədə isə ziyarətçinin eksponata olan marağı bir çox hallarda onun şəxsi maraqları, peşəsi, hətta yaşından asılıdır. Bununla belə, tamaşaçı marağının əsas hissəsi xovlu və xovsuz xalça kolleksiyalarının payına düşür. Çünki xalça muzeyinin profilinə uyğun bu kolleksiyalara çox sayda əşya daxildir və ekspozisiya məkanının böyük hissəsini də məhz bu eksponatlar tutur.

- Azərbaycan xalçaçılıq sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənət növünün xalqımıza məxsusluğunu bir daha sübut etdi. Eyni zamanda, hələ də xalça nümunələrimizi öz adlarına çıxaranlar var. Bunun qarşısının alınması istiqamətində hansı işlər görülür?

- Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunələr kimi qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının UNESCO-nun siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

Şübhəsiz ki, məhz bunun sayəsində ölkəmiz əsrlər boyunca cilalanan yaradıcılığın bu növünə olan hüququnu müdafiə etmiş oldu. Biz bununla fəxr edə bilərik. Eyni zamanda, bu nailiyyət uzun və ağır yolda atılan ilk və olduqca mühüm addımdır. Azərbaycan xalçaları dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Lakin onların müəyyən hissəsi insanlara fars, bəzən isə erməni xalçaları kimi təqdim olunur. Azərbaycan Xalça Muzeyinin məqsədlərindən biri də bu cür xalçaların Azərbaycan mənşəli olduğunu elmi cəhətdən sübut edib, düzgün atribusiyasına nail olmaqdır. Muzeyin digər məqsədi isə qiymətli və nadir xalçaların, eləcə də xalq-tətbiqi sənət əsərlərinin Vətənə qaytarılmasından ibarətdir. Bu işdə bizə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, yerli və əcnəbi xeyriyyəçilər yardım edirlər. Həm dövlət orqanları, həm də özəl qurumlarla birgə bu istiqamətdə apardığımız iş uğurlu fəaliyyətin təminatıdır.

- Turistlərin muzeylə bağlı marağı və təəssüratları necədir?

-Ziyarətçilərin böyük hissəsini turistlər təşkil edir və muzeydən aldıqları təəssüratlar olduqca müsbətdir. Bunun ən gözəl sübutu isə TripAdvisor-dan iki il ardıcıl olaraq aldığımız “Mükəmməllik sertifikatıdır”. Məlum olduğu kimi, TripAdvisor dünyanın ən məşhur turizm saytıdır. 2010-cu ildən etibarən təqdim olunan həmin sertifikata ən yaxşı xidməti təmin edən görməli yerlər, otel və restoranlar layiq görülür. Qeyd edim ki, “Mükəmməllik sertifikatı” üçün ərizə ilə müraciət etmək mümkün deyil, bu mükafat milyonlarla insanın saytda yazdığı müsbət rəylər nəticəsində verilir, bir sözlə öz-özlüyündə “xalqın səsidir”. Bu mükafat TripAdvisor saytında səyyahların gözəl rəylərinə nail olmuş turizm obyektlərinə təqdim edilir.

-Ziyarətçilərin sayında fərq necədir? Əsasən hansı mövsümdə daha çox ziyarətçi axını olur?

-Ziyarətçilərin sayı ildən ilə artır. Əgər Azərbaycan Xalça Muzeyi 2016-cı ildə 60 min , 2017-ci ildə 85 min ziyarətçi qəbul etmişdisə, 2018-ci ildə isə bu rəqəm artıq 100 minə çatır. Turist axını əsasən isti aylara təsadüf edir. Həmçinin bayram, tətil günlərində Bakıya üz tutan turistlər və yerli vətəndaşlar övladları ilə birlikdə mədəni istirahət etmək üçün muzeyimizə üz tuturlar. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Xalça Muzeyində uşaqların faydalı və yeni biliklər əldə etməsi üçün hər cür lazımi şərait yaradılıb. Bundan əlavə, dərs ili ərzində paytaxt məktəblərinin həm aşağı, həm də yuxarı sinif şagirdləri muzeyimizə ekskursiya edirlər. Hər zaman Azərbaycan Xalça Muzeyinin şöhrətini yaşatmağa və bunu daha geniş coğrafiyada tanıtmağa çalışır.

-Maraqlı müsahibə üçün sağ olun.

AzNews.az

image description image description