Rufiz Qonaqovun kitabının təqdimat mərasimi keçirilib. Rufiz Qonaqovun kitabının təqdimat mərasimi keçirilib.

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabı təqdim edildi

Rufiz Qonaqovun kitabının təqdimat mərasimi keçirilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimat mərasimi keçirilib.

Kitabın elmi redaktoru və ön sözün müəllifi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Tədbiri açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov dekabrın 12-də anım günü olan ümummili lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

U.Ələkbərov əsası ulu öndər tərədfindən qoyulan enerji siyasətinin uğurlarını qeyd edərək kitabın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Kitabın rəyçilərindən olan millət vəkili, professor Elman Nəsirov kitabın çox mühüm bir məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, kitab oxucuya çox mühüm tezislər və ismarıclar verir. E.Nəsirov bildirib ki, bugünki dünyada dövlətin fövqəldövlətliliyini enerji mənbələrinə və enerji infrastrukturuna malik olması müəyyən edir:

“Kitabda çox maraqlı təhlillərdən birində enerji ixracı məsələsində Azərbaycanın Rusiya ilə rəqib olacağına dair ermənipərəst dairələrin yaratdığı ajiotaja cavab verilir”.

E.Nəsirov elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Xəzər rejionunun enerji resursları üstündə müxtəlif güclərin hər zaman mübarizə apardıqlarını vurğulayıb. Xəzərin statusu ilə bağlı illərlə danıışıqlar aparıldığını qeyd edən S.Novruzov kitabın çox önəmli məsələlərə aydınlıq gətirdiyini bildirib:

“Ulu öndər uğurlu neft müqavilələri imzaladı. Bununla həm enerji resursları, həm də ölkənin təhlükəsizliyi təmin edildi. Həmin dövrdə müxtəlif marşrutlar təklif edilirdi. Ancaq ulu öndər ən doğru marşrutları seçdi – Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan xətləri çəkildi. Artıq Xəzər sülh dənizinə çevrilib, kitabda bu məsələlərdən bəhs olunur. Türkiyə Prezidenti Turqut Özal deyirdi ki, Türkiyə xoşbəxtdir ki, onun nefti yoxdur. Enerji resurslarından düzgün istifadə olumaması o xalqlara bəla gətirir. Bu gün enerjidən gələn gəlir həm ölkənin təhlükəsizliyinə, həm də əhalinin rifah halına xidmət edir. Kitab çox uğurlu kitabdır. Mən arzu edirəm ki, onun davamı gəlsin”.

Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə ölkəmizin iqtisadi müstəqilliyinin bilavasitə enerji siyasəti ilə bağlı olduğunu bildirib:

“Əsrin müqaviləsini bağlayanda bizim valyuta ehtiyatımız çox az idi, indi isə 45 milyard dollardır. Heydər Əliyevin nüfuzu, danışıqlarda prinsipial mövqeyi bizim enerji siyasətimizdəki uğurların əsasını təşkil edir. 1980-ci illərin sonunda Xəzərin enerji təhlükəsizliyi Akademik Abel Aqanbekyana həvalə olunmuşdu. Mən Moskvada onun hazırladığı proqramla tanış oldum. Orada qeyd olunurdu ki, Bakıda yalnız neftayırma zavodları var. “Əsrin müqaviləsi”nin imzalanmasına bir neçə gün qalmış İngiltərəyə nota göndərilmişdi ki, sizin nə ixtiyarınız var, Xəzərin Azərbaycan sektorunun enerji resurslarından danışırsınız?”

Z.Səmədzadə neftdən asılılığı “boş söhbət” adlandırıb və qeyd edib ki, Neft Fondundan büdcəyə transferin həcmi o qədər də çox deyil:

“Mən həmişə deyirəm ki, ulu öndər olmasaydı, Azərbaycanın bu uğurları da olmayacaqdı”.

Azərbaycan Televiziyasının proqram direktoru, fəlsəfə elmləri doktoru Rövşən Məmmədov bildirib ki, monoqrafiyanın maraqlı olmasını şərtləndirən ən mühüm amil mövzunun maraqlı olması, onun faktlarla zənginliyidir:

“Xəzər şelfinin enerji resursları Xəzər hövzəsi ölkələrinə trilyonlarla gəlir gətirə bilər. Xəzərin hüquqi statusuna dair razılığın əldə olunmasında Azərbayycanın xüsusi payı var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz Xəzəri dostluq-qardaşlıq dənizinə çevirmək istəyirik. Xəzər hövzəsi ölkələri arasında ən kiçiyi Azərbaycandır. Ancaq bu hövzədə Azərbaycan qədər böyük layihələr həyata keçirən yoxdur. Monoqrafiyanın ən böyük üstünlüyü burada təkcə siyasi deyil, iqtisadi problemlərin də əksini tapması, bu problemlərdən çıxış yollarının tapılmasıdır”.

R.Məmmədov kitabın digər dillərə tərcümə edilməsinin önəmini vurğulayıb.

BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli də kitabın kifayət qədər aktual məsələyə həsr edildiyini vurğulayıb:

“Dünyanın təsdiq olunmuş neft ehtiyatlarını 46,7, qaz ehtiyatlarının isə 17,8 faizi Xəzər hövzəsinin payına düşür. Enerji təhlükəsizliyi sözü son vaxtlar trendə çevrilib. Ancaq Azərbaycanla Türkiyənin enerji təhlükəsizliyi eyni ola bilməz. BTC haqqında çox danışılıb. Soruşanda isə BTC nə deməkdir, dərhal cavab verilir ki, Bakıdan başlayır, Tbilisidən keçir, Ceyhanda yekunlaşır. Ancaq reallıqda BTC Bakıdan deyil, Səngəçaldan başlayır, Tbilisidın deyil, Qardabanidən keçir və yekunlaşdığı yer coğrafi olaraq Ceyhan deyil. Həmin dövrdə BTC adını Bill Klinton Heydər Əliyevlə telefon söhbəti zamanı təklif etmişdi. Burada məqsəd həmin dövrdə yeni yaradılan enerji koridorunun dünyaya tanıdılması idi. Bundan sonra digər layihələr Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi yeni layihələr inşa edildi”.

Kitabın digər bir rəyçisi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə bildirib ki, R.Qonaqov onun tələbəsi olub və öz üzərində səylə işləməyi sevən bir ictimai xadimdir:

“Kitabda nəzəri hissə ilə praktiki hissə bir-birilə vəhdət təşkil edir. Rufiz Qonaqovun kitabında insan faktoru qırmızı xətlə keçir. Xəzər nefti olmasaydı, 1941-45-ci il müharibəsi qazanıla bilərdimi? Tələbəm olduğu üçün dissertasiyanı daha diqqətlə oxudum. Mən bu işin opponenti oldum, çatışmayan cəhətlərini də dedim. Kitab dissertasiyadan fərqli bir variantdadır. Mən akademiyanı, Rufiz Qonaqovu və kitabın elmi redaktoru hörmətli Əli Həsənovu təbrik edirəm”.

Kitabın rəyçilərindən olan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov qeyd edib ki, müəllifin ictimai-siyasi proseslərlə yaxınlığı və statistik məlumatlarla işləmək bacarığı kitabın uğurunun əsasını təşkil edən faktorlardandır:

“Müəllif kitabda tarixi faktlardan məharətlə yararlanıb, sistemlilik gözlənilib. 2018-ci ilin avqustunda imzalanan konvensiya ilə bağlı məsələlərə geniş yer ayrılıb. Kitab Xəzər regionunun enerji resurslarını və təhlükəsizliyini öyrənmək üçün qiymətli mənbədir”.

Sonda çıxış edən Rufiz Qonaqov ali təhsil aldığı akademiyada olmaqdan məmnunluğunu və həyəcanlı olduğunu bildirib:

“Biz ən qısa zamanda çalışacağıq ki, kitabı rus və ingilis dillərinə də tərcümə edib çap etdirək və onu dünya kitabxanalarına göndərək. Mən hörmətli professor Əli Həsənova öz minnətdarlığımı bildirirəm ki, o, işinin çoxluğuna rəğmən, vaxt taparaq, kitabın elmi redaktoru oldu. Digər rəyçilərə, bütün çıxış edənlərə, səfirlərə minnətdarlığımı bildirirəm. Mən etimadı doğrultmağa çalışdım və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalandığı 2018-ci ildə bu kitabı sizə təqdim edirəm”.

Akademiyanın rektoru Urxan Ələkbərov sonda bütün iştirakçılara təşəkkürünü bildirib. Kitabın başqa dillərdə nəşr olunmasını gözlədiklərini vurğulayıb.(teleqraf.com)

© AzNews.az

image description image description image description image description