Qışın orta ayı niyə ilk ay olmalıdır? Qışın orta ayı niyə ilk ay olmalıdır?

Bu, Tahir Kərimli, ya da bir başqasının arzusu ilə olan bir məsələ deyil - Soylu Atalı

Qışın orta ayı niyə ilk ay olmalıdır?

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli ölkə mediasında təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib. Onun fikrincə, yanvar - ilk ay, fevral - çillə ay, mart ayı - boz ay və s. kimi dəyişdirilməlidir.

Məlumat üçün qeyd edək ki, Asif Ata Ocağı da ayların adının dəyişdirilməsi ilə bağlı dəfələrlə fikir irəli sürüb.

Məsələ ilə bağlı AzNews.az Asif Ata Ocağı ilə əlaqə saxlayıb.

Asif Ata Ocağının yükümlüsü Soylu Atalı mövzuya belə başlayıb: "Mən bilmirəm, Tahir Kərimli nəyə dayanıb ayların adını dəyişmək istəyir.

Müxtəlif çağlarda, müxtəlif təqvimlər olub. Biz ayların adını dəyişmişik. Bunun ciddi bir səbəbi var.

Günsıra deyək biz. Bu təqvim, yəni, günsıra dəyişmələri elə-belə, kiminsə kefinə bağlı bir şey deyil.

İslam dini yaranandan yeni era, yeni sivilizasiya başlayıb. Xristian təqvimi də həmçinin xristianlığın yaranması ilə, daha doğrusu həmin dinin yaradıcısının doğum günü ilə başlayır.

Belə deyək ki, yanvar ayı qışın orta ayıdı. Qışın orta ayını təqvim götürüblər. Bu sırf xristianlıqla bağlıdır. Yəni bu təbiətlə bağlı bir şey deyil ki. Sual ortaya çıxa bilər ki, nəyə görə məhz yanvar? Yanvarla bağlı hansı təbiət dəyişikliyi var? Hansı əsas var ki, ilin başlanğıcı sayasan? Yenə deyirəm, bu sırf dini məsələ ilə bağlıdır.

Asif Ata özü dünya baxışı yaradıb. Bunu öz baxışının tələblərinə uyğun olaraq, həm də başlıca olaraq milli açıda öz günsırasını yaradıb və təqvim dəyişməsini elan edib. Belə ki, mart ayının biri təqvimin başladığı gündür.

Bildiyimiz kimi, mart ayının 20-21-i ilin dəyişməsi, başlanğıcı kimi qeyd edib. Asif Ata düşünür ki, öz yaratdığı günsıra necə ki, ayın əvvəli, yəni, biridir, təqvim də elə başlamalıdır. Təqvim niyə ayın ortasından başlasın ki? Ayların adları da yerli sözlərlə əvəz olunub, sırf təbiətin halına uyğun. Məsələn mart-günəş, aprel-çiçək, may-işıq, iyun-şölə, iyul-od, avqust-qürub, sentyabr-ata ayı (Asif Atanın doğulduğu ay), oktyabr-xəzan ayı, noyabr-yağış ayı, dekabr-sərt, yanvar-qar, fevral-köçər ayı .

Bu adlar həm təbiətin adı ilə bağlıdır, həm də sözlər, adlar millidir. Asif Ata hesab edir ki, həm filosof olaraq, həm də millətin dəyərlərinə hörmət açısından biz Avropanın yaratdığı, ya da başqalarının yaratdığı adlarla adlandırmalı deyilik.

Tahir Kərimlinin Asif Atanın dediklərinə istinad edib, etmədiyini bilmirəm. Amma bu Tahir Kərimli ya da bir başqasının arzusu ilə olan bir məsələ deyil. Mən eşitdiyim qədəri ilə Tahir Kərimli deyib ki, yanvar ayı “ilk ay” olsun. Sadəcə eşitmişəm, dəqiqini bilmirəm. Adamdan soruşarlar ki, niyə “ilk ay” ? Yanvar niyə ilk aydır ki? Qışın orta ayı niyə ilk ay olmalıdır? Yəni bir əsas, bir məntiq olmalıdır. Ona görə mən hesab eləmirəm ki, Tahir Kərimli Asif Ataya istinad etməyib. Asif Atadan hansısa adları götürə bilər. Amma konkret olaraq yanvardan başlaması məntiqi cəhətdən düzgün deyil”.

Səidə Nurməmmədli

AzNews.az

image description