Real TV-nin rəhbəri musavat.com-un canlı yayınında ittihamları cavablandırıb. Real TV-nin rəhbəri musavat.com-un canlı yayınında ittihamları cavablandırıb.

Təhqirimi sübut etsələr, jurnalistikadan bu gün gedərəm - Mirşahin Ağayev

Real TV-nin rəhbəri musavat.com-un canlı yayınında ittihamları cavablandırıb.

“Təhqirimi bir nəfər sübut etsin, hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedərəm”.

Musavat.com-un Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayın verilişinin bu dəfəki mövzusu həbsdə olan bloger Mehman Hüseynovla bağlı son gəlişmələr idi. Gənc siyasi aktiv Bəxtiyar Hacıyevlə “Hilal” təşkilatının rəhbəri Arzuman Əbdülkərimovun iştirakı ilə keçirilən debata canlı telefon bağlantısı ilə Real TV-nin rəhbəri Mirşahin Ağayev də qatıldı. M.Ağayev verilişdə B.Hacıyev tərəfindən Real TV-də söyüş söyməsi iddiasına cavab verdi.

Müsahibimiz öncə bildirdi ki, M.Hüseynov mövzusunu Azərbaycanda ardıcıl izləyən, bəzən də kənardan idarə olunan bu kampaniyaya münasibət bildirən jurnalistlərdən biridir. Həbsdəki bloger məsələsinin onunçün kifayət qədər həssas mövzu olduğunu deyən TV rəhbəri Azərbaycan prezidentinin Mehman Hüseynova doğru atdığı, bu addımı dövlət başçısının çox humanist bir addımı kimi qiymətləndirdiyini vurğuladı. Onun fikrincə, cəmiyədə barış və müəyyən mənada bir-birini anlamaq üçün atılan bir addım kimi hər kəs bunu çox təqdir edir.

Konkret ünvanına deyilən tənqidlərlə bağlı mövqeyini açıqlayan M.Ağayev dedi ki, 2005-ci ildən bu yana Azərbaycanda ondan müntəzəm təhqir olunan yoxdur. Heç kimə təhqirlə cavab vermədiyini vurğulayan müsahibimiz aşağıdakıları deyib: “İstər adıçəkilən mərhum akademiklə bağlı, istər sonrakı məsələlərlə bağlı çalışmışam ki, jurnalist soyuqqanlılığımı qoruyub saxlayım. Bu gün də buna nail oluram. Mən heç vaxt, heç kəsi açıq şəkildə təhqir etməmişəm, eləmirəm və eləmək niyyətində də deyiləm. Çünki bu, mənim Azərbaycan jurnalistikasında tutduğum mövqeyə, Azərbaycan jurnalistikasına gətirdiyim az-çox imicə, üsluba ziddir. Sadəcə, mən insanlara lap birinci gün, 2018-ci ilin mart ayında xəbərdarlıq elədim ki, bizim kanalımız fəaliyyətə başlayırsa və bu kanalın fəaliyyətə başlaması ərəfəsində münasibət bildirmək lazımdırsa, bunu təhqirlə etmək lazım deyil. Bizim fəaliyyətə başlamağımıza hələ 1 həftə qalmış ayrı-ayrı fərdlərin Real TV-nin harasa, kiməsə işləyəcəyi, hansısa quruma mənsub olması barədə proqnozlar verməsi, ardınca da təhqirə start verməsi yəqin ki, yadınızdadır”.

M.Ağayev jurnalist Sevinc Osmanqızı və digərləri ilə bağlı sərt ritorikasının müzakirə olunduğunu xatırlatdı. O, dedi ki, ilk gündən indiyədək olan bütün çıxışlarında bircə dənə də olsun, təhqir ifadəsi yoxdur: “Hətta mən danışarkən kiminsə ünvanına “qəhvə” və “şivə” sözünü istifadə edəndə kiminsə ağlına onun əxlaqına uyğun olaraq söyüş versiyasını, təhqiri salırsa, bu, mənim günahım deyil. Əgər mən Azərbaycandan kənarda oturub, Azərbaycana, onun dövlət başçısına, onun ailəsinə, bizim hər birimizin ailəsinə söyüş ünvanlayanlara “köpük uşağı” deyirəmsə, bu, söyüş deyil. Kimsə bunun beyninin bir küncündə assosiativ olaraq söyüşə yaxın qəbul edirsə, bu, mənim yox, onların problemidir. Əgər mən Sevinc Osmanqızına dəfələrlə “Ay Sevinc, sən ləyaqətli bir nəslin davamçısısan, sənin atan çox şərəfli bir keçmişə mənsubdur, biz sənə sübut etməyə çalışırıq ki, sən o şərəfli keçmişi gələcəyə daşımalısan. Sən isə deyirsənsə ki, mən elə deyiləm, belə deyiləm, məni filan yerdən tutub gətiriblər” deyirəmsə, bu söyüşü, təhqiri Sevinc Osmanqızının qəbul edib-etməməsinə buraxıram. Əgər o, bu ifadəni özünə təhqir kimi qəbul edirsə, deməli, təhqirdir. Yox, əgər qəbul etmirsə, deməli, sual ünvanlamısan. Adama deyirsən ki, sən köpəksən? O da deyirsə ki, bəli, köpəyəm, deməli, köpəkliyini qəbul edir və bu, təhqirdir. Yox, əgər deyirsə ki, köpək deyiləm, o zaman təhqir deyil. Bu, Azərbaycan dilini bilməyən insanların Azərbaycan dilini babat bilən Mirşahinlə mübahisəsidir. Və bu mübahisədə onlar bəri başdan məğlubiyyətə düçar olmuş insanlardır. Onlar doğma Azərbaycan dilində mənə qalib gələ bilməzlər. Çünki mən öz meydançamda oynayıram. Burda mənim təhqirimi bir nəfər sübut etsin, mən hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim”.

Yayın zamanı B.Hacıyevin “sizə bu sözlər deyilsə, onu təhqir kimi qəbul edərsiz” sualına cavabında M.Ağayev bildirdi ki, nə “qəhvə”, nə “alt paltarı”, nə də “köpük” sözü təhqir deyil: “Mənim istifadə etdiyim cümlədə bu, hansı motivasiya ilə istifadə olunub. Mən demişəm ki, bunlar bir-birinin alt paltarıdır. Özünü bir-birinin alt paltarı kimi aparır. Bu, obrazdır, simvoldur”. (Musavat.com)