Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Bu Mərkəzin insanlara kifayət qədər faydası dəyəcək - Əhməd Qəşəmoğlu

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

AzNews.az bu fərmanla bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənməyə çalışıb.

O, belə mərkəzlərin yaradılmasının çox müsbət hal olduğunu deyib:

"Uzun illərdir bu barədə mən də, başqa sosioloqlar da danışır ki, bu mərkəzə hava, su kimi ehtiyac var. Belə mərkəzlər xarici ölkələrdə kifayət qədər çoxdur. 1992-1997-ci illərdə belə bir mərkəz Azərbaycanda da var idi. Hansı ki, həmin mərkəzin rəhbəri mən idim. Daha sonra bəzi anlaşılmazlıqlar səbəbindən həmin mərkəz ləğv olundu. Həmin illərdə mərkəzimiz kifayət qədər işlər görüb. Amma keçən keçib. İndi müasir dövr elmi idarə etmə dövrüdür. Cəmiyyət günü-gündən mürəkkəbləşdiyi zaman o cəmiyyəti əhatəli öyrənmədən lazımı şəkildə idarə etmək mümkün deyil. Həmin cəmiyyətdə gedən prosesləri öyrənmək üçün belə tədqiqat mərkəzlərinə kifayət qədər ehtiyac var".

Sosioloqun fikrincə, bu mərkəz formal olmamalı, kifayət qədər məhsuldar çalışmalıdır:

"Düşünürəm ki, bunun ölkəmizə, insanlara kifayət qədər faydası dəyəcək. İnsanların tez-tez rəyi öyrəniləcək. Bunlar hamısı zəruri olan şeylərdir. Xarici ölkələrə nəzər salsaq, görərik ki, orada ən nüfuzlu elm sahələrindən biri də sosiologiya, sosial işdir. Buna səbəb isə mürəkkəbləşən cəmiyyəti idarə etmək, normal həyat səviyyəsi qurmaq üçün belə mərkəzlərin xidmətinə hədsiz dərəcədə ehtiyac var. Səhiyyə ilə sosiologiyanı müqayisə etmək olar. Mən həmişə bu misalı tələbələrimə də çəkirəm. Əgər insanların sağlamlığının qeydinə qalmaq üçün səhiyyə sistemi və xəstəxanalar olmalıdır. Bir xəstə üçün həkim kimdirsə, cəmiyyət üçün də sosioloq odur. Buna görə də cəmiyyətdə sosial problemləri biz kifayət qədər diqqət mərkəzində saxlamalıyıq. Sonda bunu demək istəyirəm ki, biz parklarımızı, küçələrimizi çox gözəl təmir etmişik. Qonaqlar gələndə çox bəyənirlər. Amma sosial sferada görün nə qədər problemlərimiz var. Hər gün mən ən azı 5-6 jurnalistlə danışıram. "Filan məsələnin həlli üçün nə etmək lazımdır, filan məsələni necə yoluna qoymaq lazımdır?" deyə suallar verirlər. Bu məsələləri təkcə mediaa ilə həll etmək olmaz. Həmin məsələləri uğurlu həll etmək üçün təbii ki belə mərkəzlər olmalıdır. Orada da ciddi mütəxəssislər yığışmalıdır"

Nigar CƏFƏR

AzNews.az