Mənəvi terroru durdurmalıyıq

Bu gün Azərbaycanda əhalinin təqribən 60-70 faizi sosial şəbəkə istifadəçisidir.

Bu gün sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi danılmaz faktdır. Onlar artıq biznes, ailə, siyasət, cəmiyyət məsələlərinin senzura olmadan müzakirə edildiyi sərhədsiz platformaya çevrilib. Ənənəvi media – qəzet, jurnal, televiziya və radio operativlik baxımından sosial şəbəkələrdən xeyli geri qalır. Sosial şəbəkələrin rolunun sürətlə artması informasiya təhlükəsizliyi kontekstindən çox ciddi problemlər meydana çıxarır. Çünki onlar maraqlı siyasi qrupların əlində öz məqsədlərini reallaşdırmaq üçün əlverişli alətə çevrilib.

Ona görə də sosial şəbəkələr müasir dövrdə cəmiyyətlər və dövlətlər üçün diqqətdən kənarda saxlanması mümkün olmayan problem xarakteri alıb. Elə bu səbəbdəndir ki, dünyada bir çox dövlətlər Facebook, Tvitter və başqa sosial şəbəkə resurslarına qarşı təsirli tədbirlər görərək fəaliyyətini ya məhdudlaşdırıb, ya da tamamilə dayandırıb. Əslində, bununla sosial şəbəkələrin dövlətlər üçün ağır nəticələr verməsinin, cəmiyyətlərin sosial-mənəvi dayaqlarını məhv etməsinin qarşısı alınır. Bu gün artıq bütün dünya sosial şəbəkələrdən hər bir evə, ailəyə, cəmiyyətə, dövlətə daxil olan mənəvi terroru görür. Sosial şəbəkələr insanlar üçün mənəvi, bəzənsə hətta fiziki məhvetmə silahı kimi dərk edilməkdədir. İnsan ləyaqətinin tapdanmasından onun intiharına qədər aparan yolun başlanğıcı da ola bilir sosial şəbəkələr. Sosial şəbəkələr artıq elə bir şər, böhtan, təxribat meydanına çevrilib ki, burada qəhrəmanlar aşağılanır, insanlar arasında heç bir nüfuzu olmayanlar isə “qəhrəman”laşdırılır.

Bütün bu səbəblərə görə, hər bir sivil cəmiyyətin mədəni-intellektul elitası sosial şəbəkələrin mənəvi terroruna, ictimai-siyasi təxribatlarına qarşı çıxmalı, bu prosesin inkişafının qarşısını almağa töhfəsini verməlidir. Çünki nəticədə gələcəyimiz, milli-mənəvi dəyərlərimiz mühafizə olunur, qorunur. Bu, o dəyərlərdir ki, xalqımızı əsrlər boyunca assimilyasiyadan qoruyub, tarixi-milli yaddaşımızı yaşadıb və müstəqil dövlət sahibi olmağımıza səbəb olub...

Bu gün Azərbaycanda əhalinin təqribən 60-70 faizi sosial şəbəkə istifadəçisidir. Onlardan 1,7 milyonu istifadəçi isə aktiv Facebook hesablarına malikdir. Azərbaycan hakimiyyəti qanunun aliliyi, insanların hüquq və azadlıqları prizmasından çıxış edərək, heç bir zaman dünyanın bir çox ölkələrində olduğu kimi, sosial şəbəkələrin bağlanmasına qərar verməyib. Əksinə, dövlət vətəndaşların, ən ucqar kəndlərdə yaşayanların belə internətə çıxışını təmin edib. Lakin təəssüf ki, həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda bəzi qüvvələr sosial şəbəkələri anti-xalq, anti-dövlət platformasına çeviriblər. Kənardan baxanda çox sadə bir prosesə oxşayan bu fəaliyyət, əslində, böyük bəlaların səbəbkarı ola bilər. Azərbaycan dövlətinə, xalqına və siyasi hakimiyyətinə qarşı düşünülmüş, xüsusi metod və metodologiyası işlənərək həyata keçirilməkdə olan bu proses özünü təhqir və söyüşlə müşayiət olunan mənəvi terror kimi isbatlamaqdadır.

Bu metodologiya “bir dövlətin əsaslarını dağıtmaq, dövlət sahibi olan bir xalqı xaos içərisində buraxmaq üçün onun gənclərinin beynini yumalı, milli-tarixi köklərindən ayırmalı, ənənəvi dəyərlərdən uzaqlaşdırmalı, düşmənləri kimi düşünmək, yemək, içmək, gəzmək təlqin edilməli və sonda asanlıqla dövləti yıxmalı” fəlsəfəsinə söykənir. Hər gün sosial şəbəkələrdə ailə xəyanətləri, intiharlar, insan ləyaqətinin alçaldılması və s. məsələlərlə bağlı çoxsaylı materiallar, video görüntülər yayılır, yalan informasiyalar paylaşılır. Bəli, onlar anti-Azərbaycan planlarını reallaşdırmaq üçün beyni yuyulmuş, tarixi-milli köklərindən, mənəvi dəyərlərindən qopmuş, bir qrup gənc, insanlara qarşı təhqir və söyüşlə mənəvi terror törətməkdən zövq alan bir qrup manqurt formalaşdırıblar. Orduxan Temirxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Rafael Piriyev və başqaları artıq düşmənlərimiz kimi danışır, yeyir, içir, gəzir və bu cür həyat tərzlərindən məmnunluqları ilə dünyagörüşü yenicə formalaşmaqda olan gəncləri də zəhərləməyə çaılışırlar. İntellekt və kreativlik baxımından kasad olan, lakin siyasi direktivləri canla-başla yerinə yetirən bu “facebook terminatorları” sırf mənəvi terror törətməklə məşğuldurlar.

Onların vahid mərkəzdən idarə edilməsi heç kəsdə şübhə doğurmur. Çünki hər biri eyni zamanda vahid mövzu və tezis əsasında post yazır, canlı yayımlar edir. Fəaliyyətlərinin əsas qayəsini və predmetini isə yalnız təhqir, söyüş təşkil edir. Təbii ki, bu da səbəbsiz deyil. Çünki mənəvi terroru başladan, milli-mənəvi dəyərlərin əsaslarını dağıdan təhqir ictimai rəydə xaos, nizamsızlıq, sistemsizlik yaradır. Mənəvi dəyərlərimizin düşmənləri əxlaq, mədəniyyət, tərbiyə kimi dəyərləri böyük şövq və ehtirasla tapdalayırlar. Sanki söyüş və təhqiri özlərinin ifadə və özünütəsdiq vasitəsi kimi görür və bunu gənclər arasında təlqin edirlər.

Hələ ətrafda baş verənləri yetərincə anlamayan, lakin Avropadakı “təhqir maşınları”nın həyat tərzini arzu edən bəzi gənclər sanki zombiləşərək mənəvi terror prosesinin iştirakçısına çevrilirlər. Onlar anlamaq istəmirlər ki, anti-Azərbaycan mərkəzləri tərəfindən başladılan bu prosses sivil cəmiyyətimizə barbarlığı sırıyır. Bu, o barbarlıqdır ki, milli-mənəvi dəyərləri ayaqlar altına alan, manipulyasiya edilmiş və siyasət meydanına çıxmaq niyyətində olan kütlə obrazı formalaşdırır. Onların başlatdıqları təhqir kompaniyası virtual həyatda bütün mənəvi sərhədləri pozmaqla real həyatda dağıdıcılığa yol açmaqdadır. “ərəb baharı” kimi proseslər məhz bu cür tendensiyalardan törəyib. Doğrudur, Azərbaycandakı sosial-iqtisadi və siyasi atmosfer “Ərəb baharı”nın baş verdiyi ölkələrdəki vəziyyətdən çox-çox fərqlənir. Çünki Azərbaycanda savadlılıq yüz faiz səviyyəsindədir və ölkəmizdə intellektual cəmiyyət formalaşıb. Amma bununla belə, cəmiyyətimizin mənəvi dayaqlarının sarsıdılmasına cəhdlər göstərilir və bunun ilkin sindromları da artıq görünməkdədir. Ona görə də dövlətçiliyimizin qorunması, milli-mənəvi dəyərlərimizin mühafizəsi üçün sosial şəbəkələrədəki mənəvi terroru durdurmalı, sosial-mədəni maarifləndirmə işləri başlanmalıdır.

Yaxşı anlayıram ki, bu gün cəmiyyətimizdə virtual mənəvi terrordan doğan bir qorxu var. Bu qorxunun əsas səbəbi isə təhqirdir, söyüşdür. Mənəvi terrorun törədiciləri instinktiv olaraq onlara qarşı çıxanları, həqiqəti söyləyənləri təhqir edir, söyür, öz aləmlərində linç edirlər və bu yolla opponentlərini fikirlərindən daşındırmaq, çəkindirmək istəyirlər. Amma təhqirlərə rəğmən, bu mənəvi terror tendensiyasını dayandırmalıyıq. Bu prosesdə gənclərin də üzərinə böyük məsuliyyət düşür. Vətənpərvər, milli-tarixi köklərinə, yaddaşına, milli-mənəvi dəyərlərinə sadiq gənclər elə virtual aləmdə, sosial şəbəkələrdə “təhqir maşınları”na qarşı mübarizə aparmalı, virtual kampaniyalar, aksiyalar təşkil etməli, mənəvi terrora, təhqirə, söyüşə, insan ləyaqətinin alçaldılmasına “yox” deməlidirlər.

Əgər cəmiyyətimizə, xalqımıza, dövlətimizə qarşı yönəlmiş mənəvi terrorun qarşısını zamanında almasaq, bu, çox təhlükəli vəziyyət yaradacaq və təhqir, söyüş, bu gün abır-həya senzurasından keçə bilməyən ifadələr adiləşərək gündəlik işlədilən sözlərə çevriləcək. Hörmət, izzət, ismət olmayan cəmiyyətlərdə mənəvi sütunlar dağıla, barbarlıq virtuallıqdan real aləmə ayaq aça bilər. Bundan sonrakı proseslərin isə hansı nəticələrlə bitə biləcəyini təxmin etmək elə də çətin deyil.

Ramil Vəlibəyov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru