"Biz gördük ki, dövlət başçısı mediamızın bu günkü durumundan razıdır". "Biz gördük ki, dövlət başçısı mediamızın bu günkü durumundan razıdır".

"Prezidentin müsahibəsi dövlətin media siyasətini yersiz tənqid edənlərə bir cavab oldu"

"Biz gördük ki, dövlət başçısı mediamızın bu günkü durumundan razıdır".

Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev "Real TV"yə müsahibə verib. O, müsahibə zamanı mətbuata daim diqqət göstərdiyini qeyd edərək "Bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim” deyib.

AzNews.az Prezidentin açıqlaması ilə bağlı tanınmış media qurumlarının rəhbərləri və ekspertlə söhbət edib.

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid:

Cənab prezident həmişə Azərbaycanda müstəqil mətbuatı dəstəkləyib və dəfələrlə də öz çıxışlarında deyib ki, ölkədə müstəqil mətbuatın mövcudluğu həm də o ölkənin gücünün göstəricisidir. Mətbuata münasibəti barədə də həmişə təkcə söz olmayıb, əməl olub. Azərbaycan jurnalistlərinin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, KİVDF-nin yaradılması, yazılı mətbuata hər il dəstək olaraq onların sıradan çıxmasının qarşısını alması elə bu münasibətin göstəricisidir. Mirşahinlə müsahibədə bir çox köklü məsələlərə toxundu. İnanıram ki, bu cür müsahibələr davamlı olacaq.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

Cənab prezidentin Real TV-yə verdiyi müsahibəni mən də diqqətlə izlədim. Təbii ki, orda çox ciddi mesajlar var idi. Son illər ölkə həyatında baş verən çix ciddi dəyişikliklərlə bağlı hakimiyyətin apardığı istahatlarla əlaqəli önəmli detallar, mətbuatla bağlı fikirlər var idi. Mən hesab edirəm ki, o fikirlərə nələrisə əlavə etmək mümkün deyil. Çünki biz cənab prezidenti həmişə mətbuata daim diqqət göstərən və mətbuata önəm verən, Azərbaycanda jurnalistikanın inkişafında maraqlı olan dövlət başçısı kimi tanıyırıq. Dəfələrlə bizim görüşlərimiz olub, mətbuat günü ərəfəsində, yubileylər ərəfəsində İlham Əliyev bizi qəbul edib və çox səmimi şəkildə aramızda söhbətlər olub. Müəyyən mənada vaxtı ilə mənim də görüşlərin birində etdiyim çıxışda qeyd etdiyim kimi verilən təkliflər, mətbuatda səsləndirilən jurnalistikanın inkişafına yönəlmiş fikirlərə həmişə diqqət göstərib və o problemləri həll edib. Hesab edirəm ki, prezidentin mətbuat haqqında dediyi fikirlər, öz işini mətbuatla əlaqələndirməsi və informasiyaların özü tərəfindən mətbuatdan əldə edilməsi bizim işimizə verilən diqqətdir.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində Azərbaycan mətbuatı ilə bağlı fikirlərini də açıqlayıb. Qeyd edib ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. O da prezident kimi öz işində mediadan gələn xəbərlərə istinad edir, bəzi hallarda mediadan bir çox məsələləri öyrənir və dərhal reaksiya verir. Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan mətbuatına verdiyi dəyər kimi də qiymətləndirilə bilər. Sirr deyil ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim Azərbaycan mətbuatına böyük dəstək göstərib. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrdə “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul edilib və onun icrasına başlanılıb. Bu konsepsiyanın əsasında Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu formalaşdırılıb. Yazılı mediaya dövlət büdcəsindən maliyyə yardımı göstərilməyə başlayıb. Jurnalistlər üçün 2 bina tikilib istifadəyə verilib, 400 nəfər jurnalist həmin binalarda mənzillə təmin edilib. Hazırda 3-cü binanın tikintisi də davam etməkdədir. Hər iki binada mənzillərin jurnalistlərə təqdim edilməsi mərasimlərində cənab prezident şəxsən iştirak edib. Ümumiyyətlə, Prezident İlham Əliyev mütəmadi olaraq media nümayəndələri ilə görüşləri olur. Dövlət başçısı media təmsilçilərini dinləyir, onların qaldırdıqları problemlərin həlli istiqamətində konkret addımlar atır. Təsadüfü deyil ki, jurnalistlər arasında keçirilən sorğularda Prezident İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. Görülən işlər nəticəsində Azərbaycan mətbuatında böyük bir inkişaf yolu keçib, həm ölkə daxilində insanların məlumatlandırılmasında, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsas platforma rolunu oynamağa başlayıb. Fikrimcə, cənab prezidentin Real TV-yə müsahibəsində mediamızın bugünkü durumu ilə bağlı səsləndirdiyi fikirlər həm də son vaxtlar bu mövzuda spekulyasiyalar edənlərə, həqiqətləri danmağa çalışanlara, dövlətin media siyasətini yersiz tənqidlərə məruz qoyanlara yaxşı bir cavab oldu. Biz gördük ki, dövlət başçısı mediamızın bu günkü durumundan razıdır, mətbuatımızın cəmiyyətin həyatında önəmli rol oynamasından məmnundur.

Mətbuat Şurasının üzvü, media eksperti Azər Həsrət:

Mətbuat Şurasının idarə heyətinin üzvləri olaraq Prezidentlə bir neçə dəfə görüşmüşük. Orda həmişə çox açıq söhbətlər gedir. Dünən Mirşahinlə olan müsahibəyə baxanda da onu xatırladım və bu fikiri də tez-tez deyirəm. Cənab prezident görüş zamanı bizə demişdi ki, “Bəzi məmurlar mənə yalan məlumat verirlər. Ölkədəki gerçək durum haqqında bilgi vermək istəmirlər. Amma bir şeyi unudurlar ki, mən özüm hər tərəfdən informasiya alıram, xüsusən də jurnalistlərdən”. Prezident orda qeyd etmişdi ki, mən mətbuatı yaxından izləyirəm, sizin tənqidlərinizi oxuyuram və xahiş edirəm ki, siz tənqidlərinizi yazmağa davam edəsiniz. Dünən də Mirşahinlə müsahibədə eyni fikir fərqli bir formada səsləndirildi. Həqiqətən də cənab prezident özü mətbuatın yanında olmaqla bərabər, mətbuatı çox yaxından izləyir. Hətta mən bildiyimə görə, sosial medianı belə çox yaxından, şəxsən özü izləyir. Buna görə də, ölkədə nə baş versə, şəxsən özü ilkin mənbələrdən məlumatını alır. Mən düşünürəm ki, belə bir şəraitdə Azərbaycanda məmurlar özlərinə diqqət etməli, cənab prezidentə yalan məlumat verməkdən çəkinməli, ölkənin doğrudan da ictimai siyasi həyatı ilə bağlı, ümumiyyətlə insanların əhval ruhiyyəsi ilə bağlı ən doğru informasiyaları prezidentə verməyə maraqlı olmalıdır. Əks təqdirdə onlar cənab prezidenti aldatmış olacaqlar və təbiidir ki, aldadanların da cəzalanmaları istisna deyil. Bunu da İlham Əliyev həmişə öz çıxışlarında qeyd edib ki, bizə yalan məlumat verən, ölkədəki vəziyyəti doğru dəyərləndirməyən adamlarla yollarımız ayrılacaq.

Nigar CƏFƏR

AzNews.az