Prezidentin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır. Prezidentin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır.

"İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir"

Prezidentin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır.

“Bu gün Azərbaycan mediası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İstər KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də jurnalistlərin sosial rifahının, eyni zamanda, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sırada dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır. Məhz möhtərəm Prezidentimizin KİV-ə olan diqqət və qayğısı, Onun göstərişi ilə 2013-cü ildən başlayaraq jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsi və s. bunun əyani sübutudur. Cənab Prezident İlham Əliyev fevralın 12-də REAL televiziyasına geniş müsahibəsində mediaya həmişə böyük dəstək göstərdiyini vurğulayıb. “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır” deyən ölkəmizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. Sözsüz ki, bu dəyərli fikirlər biz jurnalistləri qürurlandırdığı kimi, qarşımıza böyük məsuliyyət də qoyur. Hesab edirəm ki, hər bir jurnalist öz fəaliyyətində bu məqamlara xüsusi diqqət yetirməli, milli maraqları hər şeydən uca tutmalı, dövlətə, xalqa xidməti öz peşəsinin əsas istiqaməti kimi müəyyənləşdirməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru, düzgün şəkildə çatdırılmasıdır: “Artıq uzun illərdir ki, bu sahədə uğurlu addımlar atılır. Bu gün istər hökumət, istərsə də vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində xarici ölkələrdə təbliğat işləri uğurla aparılır. Beynəlxalq arenalarda, tədbirlərdə, kürsülərdə Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qüvvələr qərəzli, yalan, böhtan xarakterli məlumatlar yayaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Bu cür qara piarlar indiyədək olub və bundan sonra da olacaq. Biz isə harada olmağımızdan asılı olmayaraq əsl vətəndaş mövqeyi nümayiş etdirməklə bu kimi hallara qarşı daim mübarizə aparmalı, dövlətimizin maraqlarını və milli mənafeyimizi qorumalıyıq. Möhtərəm Prezidentimiz REAL televiziyasına müsahibəsində bu məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. “Bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq” deyən dövlətimizin başçısı bildirib ki, xarici mediada mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu amil bir daha onu nümayiş etdirir ki, möhtərəm Prezidentimizin yürütdüyü uğurlu xarici siyasətin əsasında milli maraqlarımızın müdafiəsi dayanır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu il ölkəmizin həyatında mühüm uğurlarla yadda qalacaq: “Möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu ilin əvvəlindən başlayaraq mühüm islahatlara start verilib. Xüsusilə sosial-iqtisadi sahədə Fərman və sərəncamlar imzalanıb. REAL televiziyasına müsahibəsində “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır” deyən ölkəmizin başçısı həyata keçirdiyi uğurlu siyasətlə verdiyi vədlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyir.”

AzNews.az