İqtisadçılar Sosial Tədqiqatlar Mərkəzi ilə işləmək istəyir İqtisadçılar Sosial Tədqiqatlar Mərkəzi ilə işləmək istəyir

Ekspertlərdən Zahid Orucun çağırışına reaksiya: “Əməkdaşlığa hazırıq”

İqtisadçılar Sosial Tədqiqatlar Mərkəzi ilə işləmək istəyir

Prezidentin sərəncamı ilə yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc facebook səhifəsində cəmiyyətə ünvanlanan yazı paylaşıb. İlk növbədə, şəxsinə göstərdiyi etimada görə ölkə prezidentinə təşəkkürlərini ifadə edən Zahid Oruc bildirib ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var. Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır. Həmin informasiyaların təminatı məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar tərəfindən həyata keçirilir. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib.

Z.Oruc qeyd edib ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.

O ki qaldı əməkdaşlıq edəcəyi qurumlara Z.Oruc bildirib ki, onlar bəllidir: “İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir. Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq.Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

O, həmçinin deyib ki, STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmalar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək: “Xüsusi vurğulamaq istəyirəm ki, mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışanlardan ibarət olacaq. Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz-ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın”.

Z.Orucun yazdıqlarına dərhal müxtəlif sahələrin ekspertlərindən reaksiyalar verilib.

İqtisadçı ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı ekspert Samir Əliyev bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzi çox məsuliyyətli və lazımlı bir institutdur. Əməkdaşlıq etmək məqsədəuyğundur: “İlk növbədə Zahid Orucu yeni vəzifəsi ilə bağlı təbrik edirəm. Qeyd edim ki, çox məsuliyyətli və lazımlı bir institutdur. Çünki ölkədə uzun müddət ictimai fikir və rəy ya nəzərə alınmayıb, ya da selektiv qaydada nəzərə alınıb. İndi həm hakimiyyətin, həm də cəmiyyətin diqqəti bu qurumun ortaya çıxaracağı məhsulda olacaq və etimad da həmin məhsulun keyfiyyətindən asılı olaraq formalaşacaq. Bu istiqamətdə Zahid bəyə uğurlar arzulayıram. İkincisi, mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Müxtəlif tədbirlərdə görüşü zamanı Zahid bəy həmişə bizim fəaliyyətə yüksək qiymət verdiyini, hökumətin təkliflərimizdən yararlanmalı olduğunu dəfələrlə bəyan edib. Bu baxımdan belə bir təklif çox da gözlənilməz olmadı. Xüsusilə də mövqeyimizin müstəqil və obyektiv olduğunu qeyd etməsi bizim üçün çox vacibdir. Çünki hər zaman məsələyə qrup marağından yox, obyektiv yanaşmağa çalışmışıq. Buna nə dərəcədə nail ola bildiyimizi peşəkarların və mütəxəssislərin öhdəsinə buraxıram. Əməkdaşlıq təklifinə gəlincə, onu deyə bilərəm ki, biz həmişə əməkdaşlığa hazır olmuşuq. Bu vaxta qədər dövlət qurumları ilə müxtəlif səviyyələrdə müzakirələr aparmışıq. Buna Vergilər Nazirliyini və Mərkəzi Bankı misal çəkə bilərəm. Bundan başqa illərdir hazırladığımız hesabatları, tədqiqatları və tövsiyələri hökumətin müvafiq qurumlarına, parlamentə göndərmişik. Bu təkliflərin bir çoxu qəbul edilib və gələcəkdə də nəzərə alınması mümkündür. Bundan sonra əməkdaşlıq edəcəyim daha bir ünvan-Sosial Tədqiqatlar Mərkəzi olacaq. Bu qurumla da əməkdaşlıq edəcəyik. Dəvət olunarıqsa, müzakirələrdə iştirak edəcəyik, rəylərimizi göndərəcəyik, cəmiyyətdə müşahidə etdiyimiz problemləri çatdıracağıq, baxışlarımızı bildirəcəyik. Fikrimcə, Mərkəz cəmiyyətin bütün təbəqələrinin, o cümlədən müxalifyönlü siyasi partiyalarda təmsil olunan iqtisadçıların fikir və rəylərini öyrənməlidir”.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov da Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi: “Məmnuniyyətlə bilik və bacarığımla bu Mərkəzin fəaliyyətinə kömək etməyə hazıram”.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov isə bildirdi ki, əgər STM hesab etsə ki, müəyyən məsələlərdə onun və təşkilatının köməyi və yaxud ekspertizası onların tədqiqatlarına kömək edəcək məmnuniyyətlə dəstək olacaq: “Mən Zahid Orucun təyin olunması zamanı onu sosial şəbəkə vasitəsilə təbrik etdim və hesab edirəm ki, Zahid bəy fərqli deputatlar siyahısındadır. Onun bu vəzifəyə təyin olunmasının da müsbət tərəfləri vardır. Ona görə ki, Zahid müəllim təyin olunmasını da müsbət dəyərləndirdim.

Əməkdaşlığa gəldikdə isə onu deyim ki, əgər STM hesab etsə ki, müəyyən məsələdə bizim köməyimiz və yaxud ekspertizamız onların tədqiqatlarına kömək edəcək, məmnuniyyətlə dəstək olarıq. Bizim təşkilat nəinki, ölkə daxilində, eləcə də regionda və Avropada tanınmış təşkilatdır. Onun adından yazılan hər bir yazıya və hesabata ciddi və hörmətlə yanaşırlar. Əgər STM bizimlə birgə hesabat yazmaq qərarına gəlsə və yaxud bizə hesabatın hansısa hissəsini sifariş verəcəksə, bizim də imicimizin həmin hesabatın beynəlxalq aləmdə tanınmasında rolu olacağını düşünürəm".(musavat.com)

AzNews.az