"Hadisələrin şişirdilərək tirajlanması ciddi fəsadlar törədəcək"

Müəllimlər pəncərələrinin qabağında durub səssizcə zəng vaxtının çatmasını gözləyəcəklər

“Orta məktəblərdə baş verən hadisələrin şişirdilərək tirajlanması inanın ki, ciddi fəsadlar törədəcək”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa orta məktəblərdə baş verən döyülmə faktlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə siyasi narazılığın məktəb üzərindən zəifbənd axtarışları sezilməyə başlayır:

“Məktəblərdə 20 il öncə olduğu kimi indi də çözülməmiş problemlər, yaxşı, pis direktorlar və müəllimlər var. Ancaq bütün hallarda məktəb uşaqları etibar edəcəyimiz ən təhlükəsiz və faydalı məkanlardan biridir. Bu cür hadisələrin şişirdilərək tirajlanması inanın ki, ciddi fəsadlar törədəcək. Elə edəcəklər ki, müəllimlər sinif pəncərələrinin qabağında durub səssizcə zəng vaxtının çatmasını gözləyəcəklər. Nəyinə lazım başına iş açsın? Nəyinə lazım kimisə narazı salsın? Soruşanda da deyəcək ki, mənim vəzifəm şagirdi öyrətmək deyil, onu evinə çıxıb gedənə qədər mühafizə etməkdir. Təbii ki, şagirdlərin mühafizəsi vacibdir, ancaq bunun üçün məktəblərdə kameralar quraşdırılıb, mühafizə xidməti var, bütün məsuliyyəti müəllimin üzərinə qoymaq nə dərəcədə normal sayıla bilər?".

Fazil Mustafa qeyd edib ki, məktəblərlə bağlı informasıyaların yayılmasında olduqca diqqətli olmalıyıq: “Bilərəkdən və ya bilmədən zədələdiyimiz müəllim-şagird-ailə münasibətlərini sonra bərpa etmək çox-çox çətin olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az