Kraliçanın təvəllüd günü Bakıda qeyd edildi

Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Kraliça II Elizabetin təvəllüd günü münasibətilə qəbul təşkil edib.

Qəbulda əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi əlamətdar hadisədir.

Səfir ölkələrimiz arasında əlaqələrə toxunaraq, bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir. Azərbaycan Böyük Britaniya ilə siyasi dialoqun səviyyəsindən razıdır. Nazir müavini Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirəcəyinə ümid etdiyini deyib.

Xələf Xələfov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən iki ölkə arasında çoxşaxəli əməkdaşlıq inkişaf edir. Azərbaycana xarici sərmayə qoyan ölkələr arasında Böyük Britaniya birinci yerdədir. İki ölkə arasında əlaqələrin əsasən energetika sahəsində inkişaf etməsinə baxmayaraq, hazırda əlaqələr şaxələndirilir. Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Böyük Britaniya azərbaycanlı tələbələrin ən çox üz tutduğu 3-cü xarici ölkədir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.(AZƏRTAC)

AzNews.az

image description image description