Mətbuat Şurası daha bir saytı "qara siyahı"sına əlavə etdi

Komissiya üzvləri “Media-Press.org” saytı barədə məsələni müzakirə ediblər

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər və “Reket jurnalistika”ya qarşı mübarizə üzrə komissiyalarının iclası keçirilib. Komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Şuradan verilən məlumata görə, ilk olaraq komissiya Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “7 gun.az ” saytına qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, “7 gun.az” saytı “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” adlı məqaləni hazırlayarkən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərini pozub. Anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.

Daha sonra MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya üzvləri “Media-Press.org” saytı barədə məsələni müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri verilən tövsiyələrdən nəticə çıxarmayıblar. Şikayətçi, Ağdaş rayon sakini Məhəmməd Əliyev “Media-Press.org” saytı tərəfindən daha şiddətli təhqirlərə məruz qalması barədə növbəti şikayət ünvanlayıb.

Komissiya üzvləri məsələnin müzakirəsi zamanı “Media-Press.org” saytının fəaliyyətində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin intensiv şəkildə pozulduğunun, sayt rəhbərliyinin tövsiyə və xəbərdarlıqlardan nəticə çıxarmadığını aşkarlayıblar. “Media-Press.org” saytının adının MŞ-nin “qara siyahı”sına daxil edilməsi barədə rəy verilib.