“O saat Saleh Məmmədovun oğlunun deyil” - qalmaqalın mərkəzindəki məmur təkzib yaydı

"Belə bir şey olmayıb, bu, bir oyundur"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Saleh Məmmədovun 22 yaşlı oğlunun İspaniyanın İbiza adasında 1 milyon funt-sterlinq dəyərində olan saatının oğurlanması xəbərinə aydınlıq gətirdi.

Qurumun mətbuat katibi Anar Nəcəfli AzNews.az-a açıqlamasında yayılan məlumatın cəfəngiyyat olduğunu dedi:

“Saleh müəllimin oğlu Sübhan Məmmədli hazırda Azərbaycandadır. Belə bir şey olmayıb, bu, bir oyundur. Yayılan məlumatlar yalan və cəfəngiyyatdır. Bu, sadəcə olaraq müxalifətyönlü qüvvələrin vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlarından, ölkəmizin nüfuzunu ictimaiyyət qarşısında aşağı salmaq kimi növbəti çirkin oyunlarından biridir. Saatı oğurlanan şəxsin kimliyi barəsində artıq məlumatlar yayılır”.

Qeyd edək ki, “Daily mail” nəşrinin yaydığı məlumata görə, İspaniyanın İbiza adasında oğru azərbaycanlı turistin 1,2 milyon avro (təxminən, 2 milyon 311 min manat) dəyərində olan qol saatını oğurlayıb. Məlumatda təxminən 30 yaşında olan oğru İbiza sahillərində gəzən 22 yaşlı azərbaycanlını günorta saatlarında qarət edib. Zərərçəkmiş qolundan və biləyindən yaralanıb. O, dərhal polisə müraciət edərək, oğrunun tapılmasını istəyib. Məqalədə azərbaycanlının adı çəkilməyib.

Avropada yaşayan azərbaycanlı jurnalistlərdən biri isə sosial şəbəkədə sözügedən şəxsin AAYDA-nın sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.

Qeyd edək ki, oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, “50-03 McLaren F1” cəmi 40 qramdır.

AzNews.az

image description