“Azərbaycan Fransaya qeyri-neft məhsullarının ixracını artırmalıdır” - Nazir

"Ölkələr arasında 70-ə yaxın sənəd imzalanıb"

“Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard ABŞ dolları, Fransa isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya yatırıb. Hazırda ölkəmizdə 45 fransız şirkəti fəaliyyət göstərir”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.

Qeyd edək ki, tədbirdə kənd təsərrüfatı, təhsil, turizm və digər sahələri əhatə edən 150-dən çox iş adamı iştirak edir.

Nazir ölkələr arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişaf etdiyini, bu günə qədər 70-ə yaxın sənədin imzalandığını qeyd edib.

“Bu ilin ilk 5 ayında Azərbaycan-Fransa ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53% çox olub. Fransanın Cənubi Qafqazla apardığı ticarət dövriyyəsinin 62,4%-i Azərbaycanın payına düşür. Ticarət dövriyyəsinin balanslaşdırılması istiqamətində işlər aparılmalıdır. Azərbaycan Fransaya qeyri-neft məhsullarının ixracını artırmalıdır. Bu istiqamətdə işləmək üçün böyük potensial mövcuddur”, – deyə nazir qeyd edib.

Bundan başqa, Ş.Mustafayev iki ölkənin birgə müəssisələr yaratmasının vacibliyini vurğulayıb. O, həmçinin deyib ki, Fransa şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib.(report.az)

AzNews.az