Reyestrə daxil edilən məlumatlar açıqlandı Reyestrə daxil edilən məlumatlar açıqlandı

Azərbaycan vətəndaşlarını və əcnəbiləri işə düzəldən şirkətlərin reyestri aparılacaq

Reyestrə daxil edilən məlumatlar açıqlandı

Nazirlər Kabineti “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiqləyib.

Bu tələblər Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (MAS) qurumların informasiya ehtiyatlarından və sistemlərindən (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə Reyestri elektron formada aparır. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi nazirlik tərəfindən təmin edilir. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən “Elektron hökumət” və ya “e-sosial” portal-larının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da “Müraciət - Ərizə” elektron formada (interaktiv qaydada) doldurularaq daxil edilir. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- hüquqi şəxsin adı;

- hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

- hüquqi şəxsin təşkilati-hüquqi forması;

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;

- hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

- hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

- hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatlar Reyestrə bilavasitə hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən daxil edilir. Nazirlik Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər aşağıdakılardır:

- Reyestrdə qeydiyyatdan keçməlidir;

- iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

- işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

- Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir. (APA)

AzNew.az