"Bütün bu fəaliyyətinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm" "Bütün bu fəaliyyətinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm"

BAXCP sədrindən Şeyxülislama yubiley təbriki

"Bütün bu fəaliyyətinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib.

Məktubda deyilir:“Hörmətli cənab Şeyxülislam,
Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirəm!

Hörmətli Şeyx həzrətləri,Siz 40 ilə yaxındır ki, Qafqaz müsəlmanlarına rəhbərlik edirsiniz. Bu illər ərzində Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının mənəvi dəyərlərinin qorunmasında, İslamın sülh və mərhəmət dini kimi təbliğ olunmasında müstəsna xidmətləriniz olub. Müdrikliyiniz və cəsarətiniz Sizə təkcə Qafqazda deyil, bütün müsəlman aləmində böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, Sovet İttifaqının süqutu ərəfəsində Qarabağı Azərbaycandan qoparmağa və buna hüquqi don geyindirməyə çalışan SSRİ rəhbərliyinə qarşı etirazın ön cərgəsində yer alanlardan biri də Siz idiniz. 20 Yanvar qətliamından sonra Mixail Qorbaçova ünvanladığınız açıq məktub, şəhidlərimizin dəfni zamanı dini lider kimi nümayiş etdirdiyiniz yüksək təşkilatçılıq bacarığı və mənəvi keyfiyyətlər, xalqımızın birliyinə və həmrəyliyinə xidmət edən müdrik addımlarınız heç zaman unudulmayacaq.

Sizin ali rütbəli din xadimi kimi hər zaman Azərbaycan dövlətinin konstitusion quruluşunun, Azərbaycan xalqının istiqlal ideallarının yanında yer almağınız, cəhalətə qarşı mübarizədə ön cərgədə olmağınız, dini marifçilik istiqamətində gördüyünüz işlər mühüm əhəmiyyət kəsb edən bir örnəkdir.

Siz ölkəmizdəki müsəlman çoxluğun dini lideri kimi Azərbaycan dövləti ilə birlikdə digər dini konfessiyaları himayə edir, müxtəlif dinlərin, dünyagörüşlərin birgəyaşayışının unikal nümunəsini yaradırsınız.

Bütün bu fəaliyyətinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli Şeyx həzrətləri,
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!”

AzNews.az