Ölkə uzun illərdir tətbiq olunan embarqoya baxmayaraq, ağır şərtlər altında yerli istehsalı qorumağı bacarır Ölkə uzun illərdir tətbiq olunan embarqoya baxmayaraq, ağır şərtlər altında yerli istehsalı qorumağı bacarır

İran xarici bazarlarda Azərbaycan məhsulları üçün ciddi rəqib ola bilər - Nicat Nəsirli

Ölkə uzun illərdir tətbiq olunan embarqoya baxmayaraq, ağır şərtlər altında yerli istehsalı qorumağı bacarır

“Qonşu İranda son günlər baş verən siyasi hadisələr bizim üçün xüsusi əhəmiyyət daşıyır və bu ölkədən Azərbaycana bir sıra məhsullar idxal edilir".

AzNews.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Nicat Nəsirli bildirib. O, qeyd edib ki, İran kənd təsərrüfatı sahəsində çox ciddi istehsal və ixrac bazarı imkanlarına malikdir:

“İran uzun illərdir tətbiq olunan embarqoya baxmayaraq, ağır şərtlər altında yerli istehsalı qorumağı bacarır. Ölkə öz qida ehtiyacının 80%-ni təmin edir. İran əkinçilik məhsulları istehsalında dünyanın ilk 10 ölkəsi arasında yer alır. Əkinəyararlı sahələrin miqyası üzrə dünyada 23.6 milyon hektarla dördüncü sıradadır. Ölkənin ümumi daxili məhsulda kənd təsərrüfatı sektorunun payı 10-11 % faiz təşkil edir ki, bu yüksək göstəricidir. Kənd təsərrüfatı məhsulları üzrə 18-19 milyard dollarlıq xarici ticarət dövriyyəsi var. 12 milyard dollara yaxın idxal, 6-7 milyard dollar isə ixracat həyata keçirir.

İranın əkinçilik məhsullarını ixrac etdiyi ən böyük bazar İraqdır. Digər ixrac bazarları sırasında BƏƏ, Türkiyə, Əfqanıstan, Pakistan və Türkmənistan da var. İran ən çox fısdıq, qarpız, alma, pomidor, kartof, nar, kivi, üzüm qurusu, zəfəran və xurma kimi meyvə-tərəvəz ixracı üzrə ixtisaslaşıb. 2018-ci ildə 45 ölkəyə 170 min ton - 1,5 milyard dollar dəyərində fısdıq ixrac edib. Zəfəran istehsalı da İranda təsərrüfatın qabaqcıl sahələrindəndir. Lakin son illər embarqo nəticəsində bu sahə tənəzzülə doğru gedir. Avropa bazarlarının itirilməsi buna səbəb oldu. Lakin bununla belə zəfərandan hər il 300 milyon dollar gəlir götürülür.

İranın əsas məhsul idxal etdiyi ölkələr Hindistan, Pakistan, İsveçrə, Litva, Hollandiya, Türkiyə, Avstraliya, İngiltərə və Rusiyadır. İranın idxal etdiyi əsas kənd təsərrüfatı məhsulları buğda, düyü, qarğıdalı, soya yağı, günəbaxan, şəkər, pambıq, çay və banandır”.

Nicat Nəsirli bildirib ki, İran Yaxın Şərq regionunda ən böyük süd istehsalçısıdır: “Süd və süd məhsulları bazarında bir çox ölkələr, xüsusilə də Rusiya İran üçün potensial müştərilərdir. Ölkəin illik qırmızı ət istehsalı 780-800 min tondur və daha da artırmağı planlaşdırır.

Yaxın perspektivdə qonşumuzun məqsədi kənd təsərrüfatında istehsal olunan məhsulların çeşidlərini artırmaq və hər il 75 milyon ton həcmində istehsal olunan məhsul həcmini 90 milyon tona çatdırmaqdır. Qoyun əti, yumurta istehsalını artırmaq da əsas məqsədlərindəndir. İstehsalını artırmaq istədikləri digər əsas sahə isə yaş meyvə - tərəvəzdir. Bu sahədə hədəflərinə çatsalar, xarici bazarlarda, xüsusilə də Rusiya bazarında Azərbaycan məhsulları üçün ciddi rəqib meydana çıxacaq. 2017-ci ildə ölkəyə ən çox xarici valyuta gətirən kənd təsərrüfatı məhsulları içərisində 151 milyon dollarlıq ixracla pomidor 1-ci yerdə idi. İranda bu sektor üzrə istehsalın maya dəyəri daha aşağıdır.

İndi isə İranın istehsal potensialına bəzi məhsullar üzrə diqqət yetirək:

Xiyar - Çin, Türkiyədən sonra 1 milyon 570 min ton həcmlə dünya üçüncüsü;
Qarpız - Çin, Türkiyədən sonra 3 milyon 814 min ton həcmlə dünya üçüncüsü;
Heyva - Türkiyə, Çin, Özbəkistan, Mərakeşdən sonra illik 36,500 həcmlə dünya beşincisi;
Gavalı - Çin, Rumıniya, Serbiya, ABŞ, Türkiyədən sonra 269 min 113 ton həcmlə dünya altıncısı;
Alma - Çin, ABŞ, Polşa, Türkiyə, Hindistandan sonra 2 milyon 799 min ton həcmlə dünya altıncısı;
Üzüm - İtaliya, Fransa, ABŞ, İspaniya, Çin, Türkiyə, Argentinadan sonra 2 milyon 298 min ton həcmlə dünya səkkizincisi.

Bahar RÜSTƏMLİ

AzNews.az