Qaragüruhun Mirşahinə nifrətinin kökləri Qaragüruhun Mirşahinə nifrətinin kökləri

Koronovirusun həmkarları jurnalistikamızın Qalileyinə qarşı -Taleh Şahsuvarlı yazır

Qaragüruhun Mirşahinə nifrətinin kökləri

Bu xalqın ən böyük oğul və qızları, ən işıqlı övladları, ən qara sevdalıları heç zaman bu xalqdan olmayıblar. Coğrafi baxımdan eyni torpağa ayaq basıblar, etnik nöqteyi-nəzərdən eyni qanı daşıyıblar, ümumi mədəni-kültürəl ənənələri eyni olub, söhbət bundan getmir. İntellektualların topluma yadlaşması da özü-özlüyündə nadir hadisə deyil, oxuyur, araşdırır, fərqli dünyagörüş qazanır, bəlkə də kimisə yamsılamaq xatirinə bir fərd olaraq kökündən, mühitindən qopur, çıxdığı qını bəyənmir, söhbət heç bundan da getmir.

Söhbət ondan gedir ki, bizim toplum onu oyadan, mübarizləşdirən, nağıllara, miflərə inanmaqdan əl çəkib həqiqətlərlə yaşamağa çağıran, mədəni millətlər sırasına haylayan aydınlarını özündən saymayıb, yadlaşdırıb, kənarlaşdırıb, dışlayıb və daşlayıb. Azərbaycan maarifçiliyinin banisi Mirzə Fətəli Axundovun taleyi bunun ən bariz isbatıdır. Hüseyn Ərəblinski kimi mədəniyyət çırağını öz qohum-əqrəbası tapança ilə qətlə yetirməmişdimi? Sonsuz erməni hampası “mənim övladım yoxdur, amma millətimin balaları oxusun, təhsil alsın” deyə bütün mal-mülkünü ortaya qoyanda cibindən qara quruş çıxarmayan Qarabağ bəyləri Mirzə Cəlili ölümlə hədələyirdi. Ömər Faiq Nemanzadə Azərbaycan maarifçiləri arasında ən çox sevdiyim şəxsiyyətlərdən biridir, milliyyətcə Axıska türkü idi. O böyük mücadilə adamı Cəlil Məmmədquluzədə ilə birlikdə “Molla Nəsrəddin” jurnalının təsisçilərindən olmuşdu. Bir xatirəsində yazır ki, Azərbaycanın bölgələrinə gedib uşaqları elmə, təhsilə, məktəbə cəlb etmək istəyirdik, kəndlərdə üstümüzə it buraxırdılar. Nə etməli, həyatdır, biomüxtəliflik davam edir, həmin zehniyyətin daşıyıcılarının dölləri də bügünümüzə çatıb, həmin itlərin küçükləri də...

Dünən Axundovu, Məmmədquluzadəni, Nemanzadəni daşlayanlar, Hüseyni qətlə yetirənlər bu gün Mirşahini hədəfə alıblar. Çağdaş Azərbaycan mediasının koronovirusa yoluxmuş ən nəhəng simasına ölüm arzulayır, koronovirusun həmkarı, müttəfiqi kimi çıxış edir, az qala ondan Mirşahinin başını nizəyə taxıb sosial media süləngilərinə nümayiş etdirməsini diləyirlər.

ABŞ-a miqrasiya etmiş psixoloq Arno Qruenin “Yadlara içimizdəki nifrətin kökləri” adlı kitabını oxuyana qədər bu cür aqressiyaların əsl səbəblərini tam dərk edə bilmirdim, düzü. Barbarlıqla, vəhşiliklə, özündən saymadıqlarının üstünə it qısqırtmaqla çağdaşlıq və mədəniyyət arasında çox incə bir pərdə var, əvvəlcə o pərdə götürülür, pərdənin o üzündə görünən hər kəs ögeyləşdirilir, yadlaşdırılır, səninlə eyni cərgədə dayanmayanlara nifrin yağdırmaq əzəmətə çevrilir.

Amma nifrət çox qəribə duyğudur, heç zaman hədəfinə aid olmur.

Nifrət qazanılan əks münasibət, başqalarında yaradılan bir tövr deyil, tam əksinə, nifrət edənin öz iç dünyasını çölə çıxarması, cəmiyyətə təqdim etməsidır.

İki gündür düşünürəm, mən kimə nifrət edirəm?

İnanın, ağlıma kimsə gəlmir, açıq-aşkar konfliktdə olduğum bir xeyli insan olsa da, heç bircə nəfərin də ismi məni nifrət müstəvisinə çəkmir. Ona görə yox ki, mən İsus Xristosam və Tanrıdan “agape” çeşidindən sevmək gücü almışam, tərəfdarlarımın ayağını yuyacaq, əleyhdarlarımın saçını oxşayacaq peyğəmbəranə bir varlığam. Əsla! Kimsəyə nifrətimin olmamasının bircə səbəbi var: heç kimin yerində olmaq istəmirəm!

Mirşahinə nifrət formalaşdıranlar, yayanlar və o nifrətdən həzz alanlar Mirşahin ola bilməyənlərdir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən Mirşahindən öncə, onunla eyni dövrlərdə və ondan sonra minlərlə insan məzun olub. Heç biri Mirşahin qədər tanına, yüksələ, avtoritetə çevrilə bilməyib.

1988/90- cı illərdən bəri Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrində on minlərlə insan çalışıb, içi mən qarışıq, heç kim Mirşahin kimi dövlətçiliyimizin media siması olmayıb, bir imza olaraq müstəqilliklə identifikasiya yarada bilməyib.

Mirşahin kimi fitri istedadı olmayanlar, istedadın ehtiyac duyduğu professional relsə düşə bilməyənlər, mütaliə etməyənlər, öz üzərində çalışmayanlar, ən başlıcası, xalqı və dövləti Mirşahin qədər sevməyə özündə ürək tapmayanlar üçün o, bir kompleksə çevrilib. Beyinlərini, zehniyyətlərini formalaşdıran ayrana “turş” deyə bilmədikləri üçün zamanın çalxalanan nehrəsində üzə çıxan yağlara yağı, qənim kəsiliblər.

Nədir Mirşahini suçu?

Yetimin payını yeyibmi?

Yox, yeməyib, əksinə, millətin mənşəcə “sosial yetim” olan neçə-neçə istedadlı balasının ac qarnını doyurub, onlara müəllimlik, hamilik, qardaşlıq edib.

Büdcəmizin parasına əl uzatmayıb, milli maraqlarımızı tapdalamayıb, ölkəyə narkotik idxal etməyib, qız-gəlinləri Dubayda satmayıb!

Cəmi iki “suçu” var Mirşahinin.

Birinci “bağışlanmaz günahı” Mirşahin olması, bir jurnalist və düşüncə adamı olaraq həqiqətləri deməsidir.

Mirşahinin söykəndiyi, açdığı və aça biləcəyi həqiqətlərdən qorxu keçirənlərdir əxlaq və nəzakət pərdəsini götürüb onu söyənlər və söydürənlər!

Mirşahinin təqdim etdiyi reallıqdan qorxan, müstəqil bir dövlət kimi Azərbaycanımıza layiq olan gerçəkliyə can atmasından əndişə keçirənlərdir onu yadlaşdıran, çuxura itələyən, daş-kəsəyə tutan! O həqiqətləri tapmağa, dilə gətirməyə nə Mirşahin qədər ağılları və zəkaları olub, nə də cəsarətləri. İQ yetərsizliyindən, cəsarət böhranından qaynaqlanıb hər zaman ona (eləcədə də başqalarına) qarşı söyüşlər, təhqirlər.

Mirşahinin ikinci suçu məhz odur ki, o, həqiqətləri söyləməklə, öz fitri istedadı və son dərəcə peşəkar bacarıqları ilə həmin həqiqətləri ictimai yaddaşda möhkəmləndirməklə, öz dəmir məntiqi ilə gerçəkləri, vətənin mənfəətlərini qorumaqla kimlərinsə yalan dünyasını yıxır, yalana sığınmış xəyallarını alt-üst edir. Yalanla ovunanları və ovudanları car çəkdiyi həqiqətlərlə incidib Mirşahin, bəli, lap sinələrini dağlayıb!

Dostlar, nə Elçibəy hakimiyyətini Mirşahin yıxıb, nə də Heydər Əliyev iqtidarını Mirşahin qurub. İlham Əliyevi də hakimiyyətdə Mirşahin saxlamır. Sadəcə, hakimiyyətdə qalmağa qabiliyyəti çatmayanlar, hakimiyyətə gəlməyə gücü yetməyənlər Mirşahinin Heydər və İlham Əliyevin iqtidarına Azərbaycanın dövlət maraqları naminə verdiyi dəstəyi həzm edə bilmirlər. Azərbaycanın ən peşəkar siyasətçisinin yanında Azərbaycanın ən peşəkar jurnalistini və jurnalistlərini görmək onları qəhr edir. İlham Əliyev milli maraqlarımızın təşkilatçısı və müdafiəçisi kimi önə çıxır, sayğı görür, rəğbət qazanır, onun radikal müxalifləri isə öz səriştəsizlikləri, uğursuzluqları, Azərbaycandan başqa hər yerə işləmək vərdişləri qarşılığında siyasi küllüklərdə eşələnir, cəmiyyətə yalan sırımaq cəhdlərinin qarşısı alındıqca, hikkə və qəzəb içində qıvrılırlar. Yalan, hikkə və qəzəb hər zaman ətrafına çox adam cəmləyir, qələbəlik yaradır, həqiqət isə həmişə təklənməyə meyillidir. Koronovirusun Mirşahinə yoluxmasından sonra sosial şəbəkələrdə yaranan qələbəlik də istisna təşkil etmir. Qalileyin inkvizisiya məhkəməsinə çəkilməsi, məhkəməyə toplaşanların onu kafirlikdə suçlamaları, ölümünə şahid olmaq istəmələri həqiqəti dəyişmir, günəşin Yer ətrafında döndüyünü təsdiq etmir, məşhur astronomun “amma Yer fırlanır” pıçıltısının qaragüruhun hayqırtıları qarşılığında eşidilməz olması planetimizi kainatın mərkəzinə çevirmirdi.

Mirşahin Qalileydir, Azərbaycan jurnalistikasının Qalileyi.

Müasir fizika Qalileydən başladığı kimi, modern Azərbaycan jurnalistikası da Mirşahindən başlayır.

O, həmişə iti, sürətlə danışıb efirdə, sanki harasa tələsib. Amma hədəflərinə tələsib, ölümə deyil.

Odur ki, əminəm, Mirşahin, mənim tanıdığım o güclü, təpərli, inadkar adam koronovirusa yenilməyəcək.

Heç koronovirusun həmkarlarına və məsləkdaşlarına da!

Taleh ŞAHSUVARLI