“Onlayn dərslərə qoşulanlara 50, qoşula bilməyənlərə 34 verməklə...”- Ekspertdən təklif

Pandemiya və müharibə dövrünü nəzərə alsaq, tələbələrin normal təhsil alması ilə yanaşı onlayn dərslərə qoşulmasında da ciddi problemlər oldu

“Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bir neçə formada tələbələrə güzəşt etmək olar”.

Bu sözləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert açıqlamasında bütün tələbələrə imtahana qədər toplanan balı onlayn dərslərə qoşulanlara 50, qoşula bilməyənlərə 34 verməklə, sərbəst iş, kurs işi, kollekvium kimi tələbləri aradan qaldırmaq olduğunu təklif edib: “Bundan başqa bütün tələbələrə 51 bal verib onların semesterden müsbət nəticə ilə keçməsinə imkan vermək olar və bu qiymətdən narazı olanlar imtahan verib daha yüksək nəticə əldə edə bilərlər”.

Ekspert semestr imtahanlarının keçirilmə qaydaları ilə bağlı təkliflərini verib:

"1. İmtahanlar test, yazılı, tapşırıq, şifahi formada həyata keçirilir:

a) Test: İmtahanda 50 test tapşırığı təqdim edilir. İmtahan üçün 1 saat 30 dəqiqə ayrılır və vaxt bitəndən sonra imtahana qayıtmaq olmur. İmtahan bitən kimi iştirakçının nəticəsi ekranda əks olunur;

b) Yazılı: İmtahandan öncə verilmiş mövzulardan onlayn qaydada seçimlə 5-i seçilir və imtahan iştirakçısı yazaraq müəllimə 2 saat ərzində təqdim edir (bu əlyazma formasında yazılıb şəklini çəkməklə də göndərə bilər, word formatında da yazıb yollaya bilər;

c) Tapşırıq: Bu format daha çox texniki və təbiət fənlərinə tətbiq edilə bilər. Bu zaman müəllim imtahan iştirakçısına müəyyən taşırıq verir və o da bunu yerinə yetirib müəlliiminə elektron formada göndərir;

d) Şifahi: bu formada müəyyən edilmiş vaxtda imtahan iştirakçısı video konfrans proqramına daxil olur, öncədən müəyyən edilmiş biletlərin nömrəsi deyilir və suallara cavab verilir;

2. İmtahanlar zamanı texniki problemlərə və resurs olmadığı üçün imtahanda iştirak edə bilməyənlərə təkrar iştirak etmə imkanı yaradılır;

3. Şifahi imtahanlarda imtahan iştirakçısına konkret vaxt iştirak etmə vaxtı verilir ki, o saatlarla növbədə gözləməsin. Bu onun internetinin bitməsinə gətirib çıxara bilər;

4. Bütün şifahi imtahanlar zamanı bu prosesin video qeydiyyata alınması vacibdir".

O vurğulayıb ki, hər bir təhsil müəssisəsinin elektron universitet platforması olmalıdır və orada hər bir tələbənin şəxsi kabineti olmalıdır: “Tələbə şəxsi kabinetə öncə təhsil müəssisəsi tərəfindən verilmiş istifadəçi adı və parolla daxil olduqdan sonra parolu özü dəyişə bilər. Şəxsi kabinetdə təhsil alanın semestr üzrə aldığı bütün dərslər və onların elektron materialları olmalıdır”.

Səidə

AzNews.az