- Göz önü
- 14 Yanvar 2021 14:45
- 8 610
Bağışla, oğlunun yerinə mən olmadım! - Jurnalistdən şəhid yaxınlarına hörmət çağırışı
Onları unutmamalı və daim nəzərdə saxlamalıyıq
“Torpaqlarımızın işğaldan azad edilməsi çox böyük hadisə oldu. Burda biz proqnozlaşdırdığımızdan da böyük nəticə əldə etdik. Amma bu o demək deyil ki, mübarizə bitib, bundan sonra bizim diplomatik, siyasi meydanda görəcəyimiz işlərimiz çoxdur”
Bunu telejurnalist Mübariz Əsgərov deyib.
M.Əsgərov zabit oğlunun da döyüşlərdə iştirak etdiyini bildirib: “Oğlum Qorduq zabitdi, elə avqust ayından cəbhə bölgəsindəndir. Hazırda xidmətini Zəngilanda davam etdirir. Torpaqlarımızın işğaldan azad edilməsi çox böyük hadisə oldu. Burda biz proqnozlaşdırdığımızdan da böyük nəticə əldə etdik. Amma bu o demək deyil ki, mübarizə bitib, bundan sonra bizim diplomatik, siyasi meydanda görəcəyimiz işlərimiz çoxdur. Çox arzu edərdim ki, hər bir vətəndaşımız işlədiyi sahədə bir əsgər olsun ki, bizim qarşıda görəcəyimiz çox işlər var və onları da qələbəylə sonlaşdıraq”.
M.Əsgərov döyüş vaxtı təkcə öz oğluna görə yox, bütün əsgərlərimiz üçün narahat olduğunu bildirib: “Doğrusu, ilk günlərdə müharibə başlayan vaxtı hamı kimi narahat idim. Orda oğlu olan da, olmayan da hamı narahat idi. Hər bir əsgərimizin şəhid olması bizim üçün ağır idi. Bir vətəndaş kimi əlbəttə, narahatçılıq keçirirdim. Amma bununla yanaşı, Azərbaycan əsgərinə, ordumuza çox ümidlə baxırdım. Yəni ümid edirdim və inanırdım ki, hər şey yaxşı olacaq. 44 günlük müharibə bizə həm sevinc, həm də kədər gətirdi. Sevinc qələbəmiz idi, kədər isə o idi ki, bizim şəhidlərimiz oldu. Biz şəhidlərimizin qarşısında baş əyməliyik və gərək həmişə onların borcundan çıxmağa çalışaq. Bu haqda bir yazımda da bildirmişdim ki, şəhid atasını görəndə deməliyik ki, bağışla, o, şəhidin yerinə biz olmadıq. Şəhid anasını görəndə deməliyik ki, hamımızın anasısınız. Biz şəhid balalarını görəndə deməliyik ki, bütün Azərbaycan xalqının övladlarısınız. Onları unutmamalı və daim nəzərdə saxlamalıyıq”.
M.Əsgərov Azərbaycan xalqının həmişə bir yumruq kimi birləşdiyini deyib: “Cənab prezidentin bir yaxşı sözü var idi, güc birlikdədir. Bu güc birliyimizi də biz ortaya qoyduq. Ali Baş Komandanın dediyi kimi, o dəmir yumruq hələ öz yerindədir və istənilən an düşmənin başına enə bilər. Müharibə bitsə də, diplomatik sahədə görəcəyimiz işlərə görə biz birləşməliyik, güc birlikdədir. Təcrübə göstərdi ki, qarşımızda olan istənilən problemi həll edə bilərik. Azərbaycan xalqının birliyinin 20 Yanvar faciəsi zamanı Moskva şəhərində gördüm. Təsəvvür edin ki, on minlərlə azərbaycanlı bizim üçün yad olan bir şəhərdə toplaşmışdı. Hər bir vətəndaş daxilində qürur hissi keçirirdi ki, istənilən anda Azərbaycan vətəndaşları bir ola bilər. Çox arzu edirəm ki, lazım olan məqamda bir olmağımız əbədi olsun”. (Moderator.az)