Azay Quliyev ATƏT PA-da komitə sədri seçilib

Azərbaycan nümayəndə heyəti cari il iyulun 2-6-da ATƏT PA-nın illik sessiyasında iştirakını davam etdirir

Azərbaycan nümayəndə heyəti cari il iyulun 2-6-da Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında iştirakını davam etdirir.

Aznews.az xəbər verir ki, sessiya çərçivəsində iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclası çərçivəsində komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin üzvü David Stögmüller qeyd olunan vəzifəyə namizədliklərini irəli sürüblər.

Seçkidən öncə hər iki namizədə söz verilib. Azay Quliyev çıxışında komitə sədri qismində ATƏT regionunda yaranmış iqtisadi çətinliklərə, ərzaq çatışmazlığı, ətraf mühitin qorunması, enerji böhranı, nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət ayıracağını bildirib.

İclasın davamında gizli səsvermə keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev səsvermənin nəticələrinə görə ATƏT PA-nın iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, 2016-cı ildən vitse-prezident olan Azay Quliyevin səlahiyyət müddəti iyulun 6-da bitəcək. ATƏT PA-nın qaydalarına əsasən iki tam müddət üzrə (3+3 il) seçilən vitse-prezident növbəti dəfə namizədliyini irəli sürə bilməz.