"AŞPA-nın mövqeyi daha sərt olmalıdır". "AŞPA-nın mövqeyi daha sərt olmalıdır".
  • Tribuna
  • 11 Oktyabr 2018 12:36
  •  2 713

"İşğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik" - Qənirə Paşayeva

"AŞPA-nın mövqeyi daha sərt olmalıdır".

Millət vəkili, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da məruzəçi Frank Şvabenin hazırladığı "Avropa Şurası və BMT-nin insan haqlarına monitorinq qurumları tərəfindən "boz zonalar" daxil olmaqla üzv-dövlətlərə qeyri-məhdud çıxış” adlı məruzəsinin müzakirəsində çıxış edən və Azərbaycan əleyhinə yalanlarla çıxış edən işğalçı Ermənistan heyəti üzvlərinin Azərbaycan, Qarabağ problem ilə bağlı yalanlarına sərt cavab verib.

Millət vəkili bildirib: "Azərbaycan torpaqlarının 20 faizi 25 ildir ki Ermənistanın işğalı altındadır və rəsmi İrəvan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq bu günə qədər işğal etdiyi torpaqları işğaldan azad etməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. 25 ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz bölgələrinə, öz evlərinə dönə bilmirlər. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestyanı və Krımdan çox fərqlidir.
Çünki bir daha vurğulayıram ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada sadəcə separatçılar, terrorçular, Ermənistan ordusu, əsgərləri var. Yəni, məruzəçinin boz zona adlandırdığı həmin bölgələrdə 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını pozanlar yaşayır. Beynəlxaq insan haqları müdafiəçilər, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir, böz bölgədə onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil".

Q.Paşayeva qeyd edib ki, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunverciliyinə ziddir:

"Onların çoxu Avropa Şurası üzvü ölkələrinin təmsilçiləridir və onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara, fəaliyyətlərə baxsanız, görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında bu Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı addımlar atıb. Heç bir addım. Bütün bunlardan sonra təbii ki, Azərbaycan təmsilçisi olaraq belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq".

Millət vəkilinin sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş 2 azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir:

"AŞPA baş katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistan baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Daha sərt mövqeyi olmalıdır AŞPA-nın. Ona görə mən hər kəsi bu məsələyə daha geniş baxmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur”. (sherg.az)

© AzNews.az