“Cənubi Qafqazda əsas siyasəti, iqtisadi qərarları diktə edən tərəf Azərbaycandır” “Cənubi Qafqazda əsas siyasəti, iqtisadi qərarları diktə edən tərəf Azərbaycandır”
  • Tribuna
  • 17 Oktyabr 2018 14:30
  •  2 557

“İlham ƏliyevAzərbaycanın dominant mövqeyini bərqərar edib” - Millət vəkili

“Cənubi Qafqazda əsas siyasəti, iqtisadi qərarları diktə edən tərəf Azərbaycandır”

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında ilk dəfə qiymətləndirilməsi və dünyada sosial bərabərliyin ən yüksək səviyyədə olduğu ölkə kimi vurğulanması ilə bağlı danışarkən dedi.

Millət vəkili bildirdi ki, sovetlər birliyinin dağılmasından sonra iqtisadiyyatın xarakterinin dəyişməsi, özəlləşmə prosesi, mülkiyyətə münasibət , iqtisadiyyatdakı vəziyyət dəyişdi və bu, öz-özlüyündə əhalinin müəyyən qədər həmin proseslərdə aktiv iştirakını formalaşdıraraq yeni sahibkarlar təbəqəsini meydana çıxardı.

“Milli gəlirin vətəndaşlar arasında bölgüsü həyata keçirilməkdədir. Buna görə də əhalinin aztəminatlı hissəsi ilə yuxarı gəlirlilər arasında rabitənin yaranması yönündə dövlət son illər tədbirlər həyata keçirdi və yeni sahibkarlar təbəqəsini meydana çıxardı.

Elə hesab edirəm ki, torpaq islahatı burada önəmli rol oynadı, vətəndaş torpağın sahibi oldu. Həqiqətən, torpaq həmişə inqilab mövzusudur. Hətta yüz il əvvəl bolşeviklər hakimiyyətə gələrkən Leninin timsalında birinci dekreti torpaq məsələləri ilə bağlı vermişdilər. Bunun xüsusi mülkiyyətə çevrilməsi öz-özlüyündə hamının müxtəlif biliklərə malik olan, imkanlı, professional cəhətlərinə rəğmən hər kəs ondan öz maraqları, mənafeləri səviyyəsində istifadə edə bildi”.

Millət vəkilinin sözlərinə görə, neft satışından əldə olunan vəsaitlərlə Sahibkarlığa Yardım Fondundan tutmuş digər iqtisadi sektorlarda addımlar atıldı və bu, əhalinin orta təbəqəsini formalaşdırdı.

“Biz nəzərə almalıyıq ki, hardasa dediyimiz məsafə fərqləri varsa, kasıb əhalimiz mövcuddursa, bunların başlıca səbəbi Ermənistan-Azərbaycan konfliktidir. Yəni köçkünlər arasında müəyyən qədər yoxsulluq şəraitində yaşayanlar, gəlirləri minimum olan insanlar mövcuddur. Bunlar inkar edilmir. Müxtəlif ünvanlı yardım siyasəti və s. həyata keçirilməsinə rəğmən, yenə də müəyyən sayda insanın kasıblıq şəraitində yaşadığı qeyd olunur. Bunlar dediyimiz amillə bağlıdır. Lakin dövlətin də məramı odur ki, sosial həssas təbəqə bu problemlərlə yaşamasın. Müxtəlif vasitələrlə onların problemlərinin həlli üçün hökumət səviyyəsində tədbirlər həyata keçirilsin”.

Z. Oruc vurğuladı ki, xüsusilə 2015-ci ildəki devalivasiyanın nəticələri aradan qalxdıqca, bu indeksdə Azərbaycanın yeri daha da yaxşı olacaq.

“Banklar və kredit öhdəlikləri altında olan insanların problemləri mövcuddur. Bunlar inkar edilmir, üstünü örtmək olmaz. Dövlət və hökumətin bu məsələni öz adı ilə çağırdığı müddətdə bizim beynəlxalq reytinq cədvəllərində və hesabatlarda yerimiz yaxşı olacaq, iqtisadiyyatdakı o ahəngdarlığı, fəallığı, dinamizmi bərpa edəcək. Azərbaycan həm xaricdə, həm də daxildə vətəndaşların özünün qoyduğu investisiyalarla cazibədar bir məkana çevriləcəkdir”.

Zahid Oruc bildirdi ki, Prezident İlham Əliyev transmilli layihələrlə bu coğrafiyada Azərbaycanın dominant mövqeyini bərqərar edib: “Cənubi Qafqazda əsas siyasəti, iqtisadi qərarları diktə edən tərəf Azərbaycandır. Buna rəğmən hökumətin üzərində o məsuliyyət, vəzifə var ki, bu xalq Cənubi Qafqazda digərlərindən daha yaxşı yaşamalıdır. Çünki qoçaqlığı, qabiliyyəti, intellektual keyfiyyətləri daha üstündür. Belə olan təqdirdə, sadəcə hansısa indekslərdə yer almaq naminə deyil, sırf öz əhalimizin yaşadığımız dönəmlərdə həyat şəraitinin yaxşı olması yönündə işləri dərinləşdirməliyik. Bu, həm Parlamentin qanunvericilik vəzifəsidir, həm də hökumətin gündəlik həyata keçirdiyi işlərdir. Belə olacağı təqdirdə əminəm ki, sizinlə gələcəkdə danışacağımız mənzərə daha da fərqli olacaq”.

Pərvanə AĞAZADƏ
AzNews.az