MSN-nin güclənməsi Azərbaycanı həm də müdafiə sənayesi sahəsində çalışan şirkətlərin toplaşma məntəqəsinə də çevirir. MSN-nin güclənməsi Azərbaycanı həm də müdafiə sənayesi sahəsində çalışan şirkətlərin toplaşma məntəqəsinə də çevirir.
  • Tribuna
  • 17 Dekabr 2018 12:31
  •  4 484

Biz öz silahımızı özümüz istehsal edirik - Ramil Məmmədli

MSN-nin güclənməsi Azərbaycanı həm də müdafiə sənayesi sahəsində çalışan şirkətlərin toplaşma məntəqəsinə də çevirir.

“Müdafiə sənayesi sahəsində yerli istehsalın inkişaf etməsinin əsas üstünlüyü milli təhlükəsizliyin təmin edilməsidir”.

Bunu AzNews.az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə hərbi sənaye kompleksinin inkişafı üçün həyata keçirdiyi iri layihələr ölkəmizin bu sahədə potensialını gücləndirib. Bu istiqamətdə əsas güc 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) üzərinə düşür:

“Ötən 13 il ərzində MSN-nin istehsal birliklərində yerli mühəndislərin əməyi sayəsində onlarla hərbi texnoloji vasitə - texnika, silah və sursatlar istehsal olunmağa başladı. Artıq həmin məhsulların bir çoxu Azərbaycan Silahlı Qüvvələrinin arsenalına verilib. Ümumilikdə MSN-nin müəssisələrində “İstiqlal”, “Yalquzaq”, “Mübariz”, “Yırtıcı” snayper tüfəngləri, “Paramount Group” şirkəti ilə birgə “Matador”, “Marauder”, bundan başqa “Gürzə” patrul maşını, “Xəzri” və EM-14 avtomatları, tapançalar, qumbaraatanlar, minaatanlar, PUA-lar, aviasiya bimbaları istehsal olunur. Həmçinin, bir sıra məhsullar yaradılma prosesindədir. Bütün bu işlər qısa müddətdə reallaşdırılıb. Artıq Azərbaycan təkcə silah almır, həm də satır”.

R.Məmmədli hesab edir ki, müdafiə sənayesi kompleksinin inkişafı Azərbaycan Ordusunun milli texnikalarla təchiz olunmasına səbəb olur. Demək olar ki, orduya vacib olan bir çox texnika və silahlar artıq Azərbaycanın milli istehsalıdır. Bu, milli təhlükəsizliyimiz üçün də vacib məqamlardan biridir:

“Unutmaq lazım deyil ki, müdafiə sənayesi sahəsində yerli istehsalın inkişaf etməsinin əsas üstünlüyü milli təhlükəsizliyin təmin edilməsidir. Biz öz silahımızı özümüz istehsal edirik. Bu, mənəvi cəhətdən qürurvericidir, maddi baxımdan isə iqtisadi gəlirin artması deməkdir. MSN-nin güclənməsi Azərbaycanı həm də müdafiə sənayesi sahəsində çalışan şirkətlərin toplaşma məntəqəsinə də çevirir”.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür.

Elgün
AzNews.az