"Paşinyanın Rusiyaya səfərinin fiaskoya uğrayacağı əvvəldən məlum idi"

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiyadan əliboş və məyus halda qayıdacağını əvvəlcədən proqnozlaşdırmaq olardı.

Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyevin sözlərinə görə, N.Paşinyanın məhz bu ərəfədə Rusiyaya getməsində əsas məqam ondan ibarət idi ki, dekabrın 31-də RF-dən Ermənistana təbii qazın tədarükünə dair “Qazprom”la bağlanmış müqavilənin müddəti bitir:

“Məlum məsələdir ki, 1000 kubmetr qazı 150 dollara alan Ermənistan öz vətəndaşına 285 dollara satır. Paşinyan çalışırdı ki, mitinqlərdə verdiyi sözü tutaraq bu məsələni həll etsin. Lakin bu məsələ həll olunmadı. Son vaxtlar istər Ermənistanda “Qazprom”a qarşı olan münasibəti, istərsə də digər iqtisadi məsələlərdə məhz Rusiyanın günahlandırılmasını nəzərə alsaq, bu problemin həll edilməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı”.

Politoloq vurğulayıb ki, Rusiya-Ermənistan münasibətləri gərginləşdikcə, N.Paşinyanın ətrafında olan şəxslərin də ona inamı azalır:

“Paşinyan çıxılmaz vəziyyətdə qalıb və ona görə də Rusiyaya üz tutur. Ermənistanda iqtisadi problemlər xeyli çoxalıb. Ermənistan əhalisini qışdan çıxartmaq lazımdır, lakin bu da inandırıcı görünmür. Bu səbəbdən Ermənistanda iğtişaşlar, mitinqlər baş qaldıra, miqyası arta bilər. Rusiya da başa düşür ki, Paşinyan ikili oyun oynayır. Paşinyan öz tərəfdarlarını mitinq adı ilə küçələrə çıxararaq Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını tələb etdirir, eyni zamanda, Qərbdən vəsaitlərin alınması istiqamətində bir sıra siyasi gedişlər edir. Əgər Paşinyan Ermənistanın Rusiyanın forpostu olduğunu qəbul etmək istəmirsə, bu, Rusiyanın razı qaldığı məqam deyil. Ona görə də Paşinyanın Rusiyaya səfərinin fiaskoya uğrayacağı proqnozlaşdırılırdı və fiaskoya da uğradı. Ermənistanın təbii qazla bağlı problemləri hələ davam edəcək, çünki Paşinyanın nə iqtisadi, nə siyasi, nə də hərbi konsepsiyası var”.