Bu gün türk dünyası daha da güclənməlidir. Bu gün türk dünyası daha da güclənməlidir.
  • Tribuna
  • 5 Yanvar 2019 17:05
  •  3 080

"İlham Əliyevin “İlin dövlət başçısı” seçilməsi bizim üçün qürurverici hadisədir" - İbrahim Karaosmanoğlu

Bu gün türk dünyası daha da güclənməlidir.

"Türk dünyası nə qədər güclü olarsa, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər də öz həllini tez tapar. Bu gün Türkiyədə hər kəs ermənilərin Dağlıq Qarabağda törətdikləri barədə məlumatlıdır. Bu məsələdə bələdiyyələrin də rolu böyükdür. Türkiyənin müxtəlif bələdiyyələrinə məxsus ərazilərdə Xocalı və Qarabağ şəhidlərinə aid abidələr, parklar var".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Türkiyənin Kocaeli Böyükşəhər Bələdiyyəsinin və Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu bildirib.

İbrahim Karaosmanoğlu deyib ki, qardaş ölkələrimiz hər zaman bir-birinin yanındadır:

"Türkiyə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini hər zaman dəstəkləyib və dəstəkləyəcək. Bu gün türk dünyası daha da güclənməlidir".

Sədr qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsi yerli özünüidarəetmə qurumlarımızın əməkdaşlığının inkişafına da imkan yaradıb:
"Türk Dünyası Bələdiyyələr Birliyi Azərbaycanla yanaşı, 26 ölkənin bələdiyyələri ilə birlikdə layihələr üzərində işləyir. Ancaq Türkiyə bu ölkələr arasında ən yaxın tərəfdaşı kimi Azərbaycanla daha vacib işlər görür. Hər iki ölkə bir-birinin təcrübəsindən istifadə edir. Məhz bunun nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycanın qardaşlaşmış bələdiyyələri var".

Bu yaxınlarda Azərbaycan Prezidentinin Türkiyədə "İlin dövlət başçısı" seçilməsi məsələsinə də toxunan İbrahim Karaosmanoğlu bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə inkişafında, Türkiyə ilə əlaqələrin daha da güclənməsində mühüm işlər görüb:

"Azərbaycan və Türkiyə prezidentləri iki qardaş olaraq bütün çətinlikləri birgə aradan qaldırırlar, nailiyyətlərə birlikdə imza atırlar. Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi bizim üçün qürurverici hadisədir".

Qeyd edək ki, İbrahim Karaosmanoğlunun "Ölkə.Az"a müsahibəsi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın vasitəçiliyi ilə baş tutub.

AzNews.az