Azərbaycanın tarix boyu ən çox istehsal etdiyi kənd təsərrüfatı məhsullarından biri üzüm olmuşdur. Azərbaycanın tarix boyu ən çox istehsal etdiyi kənd təsərrüfatı məhsullarından biri üzüm olmuşdur.
  • Tribuna
  • 17 Yanvar 2019 18:01
  •  4 529

“Biz bu sahədə dünya ortalamasından 4 dəfə geri qalırıq”

Azərbaycanın tarix boyu ən çox istehsal etdiyi kənd təsərrüfatı məhsullarından biri üzüm olmuşdur.

"Arazbarı", "Beyləqani", "Təbrizi", "Şabranı", "Dərbəndi", "Ordubadi", "Şirvanşahı", "Tatlı", "Mərəndi", "Mədrəsə", "Şahtaxtı" və s. kimi yerli üzüm növləri ilə məşhur olan ölkəmiz bağçılığın bu növünün ana vətənlərindən sayılır. Bu da iqlimimizin üzümçülük üçün əlverişliliyindən qaynaqlanmaqdadır.

Aqrotexniklərin bildirdiyinə görə, dünyada üzümçülüyün geniş yayıldığı sahələr əsasən şimal yarım kürəsinin 20-52-ci, cənub yarım kürəsinin isə 20-40-cı enlik dərəcələri arasında qalır. Coğrafi məkan olaraq şimal yarım kürəsinin 38-41-ci enlik dərəcələri arasında qalan ölkəmiz göründüyü kimi, üzümçülük coğrafiyasının tam ortasında yer alır. Bu orta mövqe həm də məhsuldarlığın və keyfiyyətin də göstəricisidir. Zira bu enlik dərəcələrinin kənarlarına yaxınlaşdıqca üzüm yetişdirmək üçün əlverişlilik də azalır. Deməli, ən ideal məkan enlik dərəcələrinin tam ortasıdır ki, Azərbaycan da məhz orda yerləşir.

Sözsüz ki, enlik dərəcələrinin başlıca səbəbi günəş şüası ilə əlaqədardır. Aqrotexniklərin bildirdiyinə görə, sortlarından asılı olaraq, üzüm bitkisi il ərzində ən aşağısı 10 dərəcə istilikdə ortalama 1300 saat günəş şüası ilə qidalanmalıdır. Bəzi üzüm növlərində illik günəş istiliyi toplama ortalaması 1600 dərəcəyə, bəzilərinə isə 3000 dərəcəyə çatmalıdır. Toplam 1600 dərəcədə yetişən məhsullar üzümün erkən, toplam 3000 dərəcədə yetişən məhsullar gec yetişən növünə aiddir. Əlbəttə, gec yetişən üzüm növləri daha yaxşı görünüşlü və dadlı olur. Azərbaycanın əksər rayonlarının iqlim şəraiti mülayim olduğundan gec yetişən üzüm növləri üçün əvəzedilməz xüsusiyyətlərə malikdir.

Bununla yanaşı, yalnız günəş şüalarının bolluğu üzüm yetişdirmək üçün kifayət etmir. İqlimin nəmişlik dərəcələri də becərilən məhsulun məhsuldarlığına və keyfiyyətinə önəmli təsir göstərir. Ümumiyyətlə, üzüm kolları kökləri dərinə gedən bitkidir və bu səbəbdən yağışı az olan yerlərdə də yetişdirilə bilir. İllik yağış miqdarı 500 mm olan rayonlarda suvarılmadan belə, üzüm yetişmək mümkündür. Nəzərə alsaq ki, Azərbaycanda orta illik yağıntı miqdarı 700 mm-dir, bu faktın özü də ölkəmizin üzümçülük üçün ideal su ehtiyatına malik olduğunu göstərir. Baxmayaraq ki, sözügedən yağış miqdarı bütün ərazilərimizə bərabər ölçüdə paylanmayıb. Məlumata görə, ən çox yağış miqdarı Talış dağlarının ətəklərinə (1600-1700 mm), ən az yağıntı isə Abşeron yarımadasının cənubuna (200 mm-dən az) düşür. Talış dağları, Lənkəran ovalığı, Böyük Qafqazın cənubu, Qanıx-Əyriçay Azərbaycanın ən rütubətli, Abşeron-Qobustan, Kür-Araz, Naxçıvanın Arazboyu düzənlikləri ən quraq sahələri sayılır. Buna baxmayaraq, ilin yalnız müəyyən zamanlarında üzüm tarlalarının suvarılması nəticəsində tənəklərin ehtiyacını asanlıqla ödəmək mümkündür.

Deməii, ölkəmizin bəzi rayonlarının quraq keçməsi belə, üzümçülük sektorunun inkişafı üçün nəinki maneə deyil, əksinə, ciddi avantaj deməkdir. Nədən ki, üzümçülükdə xüsusilə yığım mövsümünə az qalmış yağan yağışlar məhsulun zay olmasına səbəb olur. Bu bitkinin suvarılması əsasən qışda və yazın əvvəllərində aparılmalıdır. Yaz sonu ilə yayın əvvəllərindəki yağışların üzümə müsbət təsirləri ilə yanaşı, məhsula bəzi xəstəliklərin yoluxma ehtimalı da var. Bundan başqa, yığıma yaxın tarixlərdə yağışın və ya suvarmanın məhsulun yetişməsinə mənfi təsirləri olur və bir çox hallarda üzüm dənələrinin çatlamasına yol açır.

Çiçəklənmə dövründə yağan yağışlar da üzüm meyvələrinin əmələ gəlməsinə mane olur, yetkinlik çağında onların çürüməsi ilə nəticələnir. Xüsusilə kişmişi üzümlərin yetişmə dövründə havaların yağmursuz keçməsi tələb olunur. Azərbaycanın əksər rayonlarında yağmurlu havaların payızın sonları, qış və yazın ilk günlərinə düşməsi üzümçülüyün bu tələblərinə tamamilə cavab verir.

Üzümçülük üçün zərərli olan ekoloji amillərdən ən önəmlilərinən biri də havanın temperaturudur. Bitkinin oyanma dövrü sayılan yazın erkən dövrlərində -1 dərəcədə temperatur don vurmaya səbəb olduğundan bütün məhsul məhv ola bilər. Azərbaycanda isə erkən yaz aylarında bu qədər aşağı temperatur nadir hallarda qeydə alınır.
Yenə payızda erkən gələn şaxtalar üzüm tənəklərinin yaxşı odunlaşmasına mane olur və onların qurumasına yol açır. Qışın sərt keçdiyi bölgələrdə də üzüm tənəkləri yaxşı mühafizə olunmalı, xüsusilə -20 dərəcənin altındakı hava şəraitində kollar torpağa basıdırılmalıdır. Naxçıvan kimi qışı soyuq keçən bölgələrdə məhz bu aqro-texniki metodlara baş vurulur. Ölkəmizin digər bölgələrində isə -20 dərəcə şaxtaya, demək olar ki, təsadüf edilmir.

Üzümçülüyə təsir edən digər faktorlardan biri də hidrometeoroloji amildir. Küləklərin şiddəti, əsmə istimaqətləri, dənizə yaxınlığı və əkin yerinin yüksəkliyi məhsuldarlığın artmasında önəmli rol oynayır. Ümumiyyətlə, küləklərdən qorunan yerlər üzümçülük üçün daha uyğun məkanlar hesab olunur. Üzümçülük üçün ən mənfi hidrometeoroloji şərait yazda əsən və istiliyi aşağı salan şimal küləkləridir. Digər küləklər də müəyyən dərəcədə üzüm yetişdirilməsində təsir göstərir.

Hidrometeoroloji şəraitin məhsuldarlığa nə dərəcədə təsir göstərdiyini 19 əsrin ortalarında Azərbaycanda yaşanan bir hadisə bariz şəkildə ortaya qoyur. Bildirildiyinə görə, 1860-cı ildə Azərbaycanda əsası helenendorflu alman sahibkarı Forer tərəfindən qoyulmuş iri şərabçılıq sənayesinin təşəkkülü ili tarixə düşüb və həmin ildən də Forer şərab satışı ilə məşğul olmağa başlayıb. İlk fəaliyyətə başladığı ildə Forerin 18 desyatin üzüm bağı var idi. İki ildən sonra alman sahibkar "Forer qardaşları" səhmdar cəmiyyətini yaradır. O, üzüm plantasiyalarının sahəsini surətdə artırır. Alman sahibkar 1886-cı ildə yerli maldarların qış otlaqları kimi istifadə etdikləri Qarayeri deyilən yerdən 900 desyatin torpaq sahəsi alır.

Maraqlıdır ki, almanların aldığı bu torpaq sahəsi üzümçülük üçün o qədər də əlverişli ərazidə yerləşmirmiş. Torpaqları kol-kos basmış, susuz sahədə ilanlar mələşirmiş. Forer ilanları məhv etmək üçün sahəyə donuz sürüləri buraxır. Beləliklə, donuzlar ilanları tamamilə məhv edir. Sonra ərazi kol-kosdan təmizlənir. Sahələrdə kəhriz qazılaraq su məsələsi də həll edilir və torpaq üzüm əkini üçün tam yararlı vəziyyətə gətirilir.

Həmin dövrdə üzüm bağlarının sadəcə 6 faizi almanların əlində olsa da, helenendorflu Forer və Hummel qardaşları bu kiçik sahədə bütün Qafqazda hazırlanan şərabın 58 faizini istehsal edirlər. Bu da onunla əlaqədardır ki, yerli fermerlər üzüm bağlarını şimaldan cənub istiqamətində əkirdilərsə, almanların bağları qərb-şərq istiqamətində idi. Bu isə küləyin bağlar arasında rahatca keçərək üzüm tənəklərinə daha az ziyan vurmasından qaynaqlanırdı. Bu fakt sübut edir ki, üzümdə məhsuldarlığı və keyfiyyəti artırmaq üçün əkilən tarlaların düzgün salınması və onların soyuq küləklərdən qorunması böyük önəm daşıyır.

Yuxarıda zikr etdiyimiz məlumatlar bir daha təsdiqləyir ki, Azərbaycanın əksər əraziləri və iqlimi fermerlərimizə üzümçülük üçün ən ideal fürsətlər sunur. Bununla belə, ölkəmizdə ən qədim məşğulluq sahələrindən sayılan üzümçülüyün yetərincə inkişaf etdirildiyini söyləmək çətindir. Əksinə, həm məhsuldarlıq, həm keyfiyyət, həm də məhsulumuzun təqdimatı baxımından üzümçülüklə məşğul olan digər ölkələrdən xeyli geri qalırıq. Hətta Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahovun ötən ilin sentyabr ayında mətbuata verdiyi açıqlamalara görə, Azərbaycan heç öz illik tələbatını da tam ödəyə bilmir. Onun sözlərinə görə, hazırda Azərbaycanda 16 min hektardan çox üzüm bağı var. Ötən il üçün 160 min tona qədər üzüm istehsalı nəzərdə tutulub ki, bu da 100 sen/ha məhsuldarlıq deməkdir.

Azərbaycanın illik üzüm tələbatının təqribən 180 min ton olduğunu vurğulayan T.Pənahovun fikrincə, ölkəmiz illik tələbatını ödəmək üçün ən azı 20 ton məhsul idxal etməlidir. Bu isə ancaq süfrə üzümü ehtiyacımızı ödəyəcək qədərdir.

T.Pənahovun bu sözlərindən o da aydın olur ki, Azərbaycanın öz üzüm istehsalı adam başına cəmi 16 kq-dır. Bu isə dünya istehlak ortalamasının ən aşağı həddi deməkdir. Belə ki, beynəlxalq qidalanma təşkilatlarının hesabatlarına görə, dünya əhalisinin təzə süfrə üzüm istehlakı orta hesabla 15-20 kq təşkil edir. Heç uzağa getməyək, bizimlə təxminən eyni paraleldə yerləşən qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda isə daxili istehsalın adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə xammal istehsalı üçün də yetərli deyil.

Mütəxəssislər ölkəmizdəki üzüm qıtlığını iki səbəblə izah edirlər. Səbəblərdən biri əkinə yararlı torpaqlarda üzümçülüyə kifayət qədər az yer ayrılmasıdırsa, digəri məhsuldarlığın xeyli aşağı olmasıyla əlaqədardır. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının təxminən 7.7%-də (143 min hektar) meyvə bağları salınıb. Meyvə bağlarına ayrılan bu az miqdarın təxminən 12%-də, yəni ümumi əkin torpaqlarımızın cəmi 0.8%-də üzüm yetişdirilir. Görünür, Azərbaycan aqrotexnikləri daha çox pambıqçılığa yönəldiyindən qida məhsullarını ikinci plana keçiriblər ki, bu da istər-istəməz üzümçülükdə indiki durumun yaranmasıyla nəticələnib.

Maraqlıdır ki, iqlimimizin üzümçülük üçün tam əlverişli olmasına baxmayaraq, məhsuldarlığımız da qənaətbəxş deyil. Ötən ilin respublika üzrə üzüm məhsuldarlığı tam açıqlanmadığından, biz 2017-ci ilin statistik rəqəmlərinə əsaslanaraq, fikirlərimizi ifadə etməyə çalışacağıq. 2017-ci ilin statistik məlumatlarına görə, üzümdə məhsuldarlıq respublika üzrə 84,1 sen/ha olmuşdur. Əvvəlki bir neçə illə müqayisədə bu göstərici yüksək olsa da, 2012-ci ildən belə aşağıdır.

İllərə görə göstəricilər:

2012-ci il - 88.6 sen/ha,
2013-ci il - 88.9 sen/ha,
2014-cü il - 82.5 sen/ha,
2015 - 86.6 sen/ha,
2016 - 74.4 sen/ha.

2017-ci ildə üzüm məhsuldarlığında 100 sen/ha-nı keçən rayonlar isə bunlar idi:

Məhsuldar rayonlar

Gəncə-Qazax: 131.5 sen/ha
Ağstafa rayonu: 155.0
Qazax rayonu: 95.4
Tovuz rayonu: 166.6
Şəmkir rayonu: 258.2
Goranboy rayonu: 147.9
Şəki şəhəri: 129.0
Masallı rayonu: 211.1
Göyçay rayonu: 104.3
Xaçmaz rayonu: 106.7
Yevlax şəhəri: 109.3
Sabirabad rayonu: 123.3
Yuxarı Qarabağ: 123.1
Füzuli rayonu: 129.2
Tərtər rayonu: 126.6
Naxçıvan MR: 138.1

Göründüyü kimi, ən məhsuldar rayonumuz belə, hər hektardan ancaq 258.2 sentner üzüm toplaya bilib. Halbuki, 2017-ci ildə dünya üzrə məhsuldarlıq 300 sen/ha idi. Azərbaycanın həmin il orta məhsuldarlığının 84.1 sen/ha olduğunu nəzərə alsaq, bu, hardasa dünya ortalamasından 4 dəfə geri qalmağımız deməkdir. Bizimlə eyni iqlim göstəricilərinə malik olan Türkiyədə isə həmin il ümumi məhsuldarlıq 865 sen/ha idi. Nəzərə alsaq ki, Türkiyə üzümçülük sahəsində 2012-ci ildən bu günə qədər dünya lideridir, bizim üçün fantastik görünən bu rəqəm əslində qətiyyən təəccüb doğurmamalıdır. Belə ki, 2012/2013-cü il mövsümünün məlumatlarına görə, dünya üzüm istehsalının 27,45%-ni Türkiyə həyata keçirib. Qardaş ölkəni həmin il ABŞ (21,99%), Çin (13,29%), İran (11,96%) və Hindistan (11,07%) izləyib. 2013/2014-cü il yığım mövsümündə istehsalda azalmalar baş versə də, 2014/2015-cü il mövsümündə Türkiyə yenidən ilk sırada yer almağı bacarıb. 2015/2016-ci ildə yenidən istehsalı azalan ölkə 2016/2017-ci il mövsümündə 26,6%-lik göstərici ilə dünya sıralamasında yenə ilk sıraya yüksəlib. 2017/2018-ci il mövsümündə istehsal gücünü 27,6%-ə yüksəldərək öz liderliyini qoruyub.

Hesab edirəm ki, Azərbaycanın kənd təsərrüfatı mütəxəssisləri də Türkiyənin təcrübələrini öyrənməli və tətbiq etməlidirlər. Lazım gələrsə, qardaş ölkənin mütəxəssisləri Azərbaycana dəvət edilməli, üzümçülük sektoru yenidən qurulmalıdır.

Mürvət Həsənli,
ADAM-ın sədri